Avstriyadakı “Cənnət bağı”nda
Azərbaycan “Nar”ı
Azərbaycanlı qobelen sənətçisi Səməni Şahsuvar Qasımova Avstriyanın Haslach şəhərində keçirilən “Cənnət bağı” beynəlxalq tekstil sərgisində ölkəmizi uğurla təmsil edib. Sərgi iyulun 27-dən 31-dək davam edən Avropa Tekstil Şəbəkəsinin (ETN) Beynəlxalq konfransının bir hissəsi olub.
Sərgiyə dünyanın müxtəlif ölkələrindən 451 müraciət daxil olub. Münsiflər heyəti tərəfindən seçilən əsərlər sırasında Səməni Şahsuvar Qasımovanın “Nar” qobelen əsəri də yer alıb.
Xalqımızın qədim toxuculuq sənətini beynəlxalq tekstil sənətçiləri arasında təmsil etməkdən məmnunluğunu ifadə edən Səməni Şahsuvar Qasımova deyib: “Burada ölkəmizin qədim toxuculuq mədəniyyətinə olan böyük marağı görmək və hiss etmək, həqiqətən də, çox qürurvericidir. Münsiflər heyəti tərəfindən seçilmiş “Nar” qobelen əsərim məhsuldarlığın, həyatın və əbədi həyata olan ümidi, təbiətin dirçəliş simvolunu xarakterizə edir”.
Müəllif qeyd edib ki, insanlar
qədim zamanlardan narın cənnət
meyvəsi olduğuna inanırdılar:
“Narın tac şəkli və
qırmızı rəngi bir çox sənətkarların narın gözəlliyini
şeirlərdə əks etdirməsinə ilham
verib və Azərbaycan sənətkarlarının
əsərlərində ən önəmli ornamentlərdən
birinə çevrilib. Nar
ornamenti cənnət bağını əks
etdirməyi hədəfləyən nadir xalçalar, kilimlər və digər toxuculuq nümunələrinin
yaradılmasının əsas səbəbidir. Mən də bu qobeleni yaratmaqla,
təbiətin gözəlliyini və insan
həyatı boyu tarazlıq və xoşbəxtliyin
sonsuz sirri üçün təfəkkür və həssas
anlayışımı ifadə etməyə
çalışmışam”.
Mədəniyyət.- 2019.- 9
avqust.- S.8.