İstiqlal Muzeyində şəhidin xatirəsi anılıb

 

 

Avqustun 22-də İstiqlal Muzeyində Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə şəhid Nurəddin Fətullayevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Şəhidin ailə üzvləri və döyüş yoldaşları, Cəbrayıl rayonunun ziyalılarının, mədəniyyət və təhsil işçilərinin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Tariyel Abbaslı çıxış edərək ötən əsrin 80-ci illərinin axırları – 90-cı illərin əvvəllərində erməni quldurlarının əsassız ərazi iddiası nəticəsində baş verən qanlı müharibənin ağır fəsadları, torpaqlarımızın işğalı, eləcə də igid Vətən övladlarının doğma yurdumuz uğrunda göstərdikləri qəhrəmanlıq haqqında danışıb. Qeyd edilib ki, Cəbrayıl rayonu Qarabağ torpaqlarının müdafiəsi uğrunda döyüşlərdə 378 şəhid verib. Həmin döyüşlərdə yüzlərlə hərbçi və dinc sakin yaralanıb, Vətənin altı igid övladı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Şişqaya, Sur uğrunda döyüşlər, Daşbaşı əməliyyatı Vətən torpağı müdafiəçilərinin qəhrəmanlıq dastanı kimi həmişə xatırlanır. Məlumat verilib ki, Nurəddin Məhəmmədəli oğlu Fətullayev 1993-cü il avqustun 15-də Daşbaşı kəndində həlak olub.

Şairpublisist, “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələfli şəhid Nurəddin Fətullayevin mənalı həyat və döyüş yolundan danışıb. Bildirib ki, igid Vətən müdafiəçisi cəmi 20 il yaşasa da, öz qısa ömrü ilə əbədiyaşarlıq qazanıb. Gəncədə peşə məktəbində oxuyarkən təhsilini yarımçıq qoyaraq silaha sarılıb. Bir il yarımdan artıq döyüşlərdə iştirak edən Nurəddin yaralansa da, sağalaraq yenidən cəbhəyə qayıdıb. Cəbrayılın müxtəlif kəndlərində döyüşlərdə iştirak edən Nurəddin Fətullayev şəhidlik zirvəsinə yüksəlib.

Ehtiyatda olan zabitlər Rafiq Bayramov, Səxavət Mirzəyev, şəhidin komandiri Təfəkkül Həsənov və başqaları Cəbrayıl uğrunda gedən qanlı döyüşləri xatırlayıb, doğma yurdlarına tezliklə qayıdacaqlarına əminliklərini ifadə ediblər.

Tədbirdə məktəblilər Vətənə, şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.

 

Mədəniyyət.- 2019.- 23 avqust.- S.2.