Ölkəmizdə Avrasiya
Xalqları Assambleyası günləri keçiriləcək
Nazir müavini
assambleyanın nümayəndə heyəti ilə görüşüb
Mədəniyyət
nazirinin müavini Rafiq Bayramov avqustun 20-də Avrasiya Xalqları
Assambleyasının baş katibinin müavini Tatyana
Fyodorovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı assambleyanın fəaliyyəti, mədəni-humanitar əməkdaşlıq istiqamətində həyata keçirdiyi layihələr, görüləcək işlər, eləcə də 30 sentyabr – 4 oktyabr tarixlərində ölkəmizdə keçiriləcək Avrasiya Xalqları Assambleyası günləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Baş katibin müavini Tatyana Fyodorova assambleya günlərinin əhəmiyyətindən söz açaraq bu çərçivədə müxtəlif sahələr üzrə keçiriləcək görüş, dəyirmi masa, forum və mədəni tədbirlər haqqında məlumat verib. Bildirib ki, tədbirlərdə hökumət və qeyri-hökumət təşkilatları, elm və mədəniyyət xadimləri və jurnalistlərin iştirakı nəzərdə tutulur. Assambleya günlərinin keçirilməsində əsas məqsəd Avrasiya xalqları arasında beynəlxalq mədəni, humanitar və iqtisadi əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulmasıdır.
Nazir müavini Rafiq Bayramov ölkəmizdə bu kimi tədbirlərin mütəmadi olaraq keçirildiyini və Mədəniyyət Nazirliyi tərəfindən belə layihələrə daim dəstək göstərildiyini xüsusi vurğulayıb. Qeyd olunub ki, assambleya günləri çərçivəsində keçiriləcək tədbirlərə də nazirlik tərəfindən lazımi köməklik göstəriləcək.
Görüş assambleya ilə gələcəkdə müxtəlif sahələr üzrə birgə əməkdaşlığa dair müzakirələrlə davam edib.
Qeyd edək ki, sentyabrın 30-dan
oktyabrın 4-dək Bakıda Avrasiya
Xalqları Assambleyasının da təşkilatçı
qismində çıxış etdiyi IV “LiFFt” ədəbiyyat festivalı keçiriləcək.
2018-ci ildə Rusiyanın Soçi şəhərində
təşkil edilən III festivalda Azərbaycan
yazıçısı Varis Yolçuyev qalib olub. Qaydalara görə,
növbəti festivala qalibin
vətəni ev sahibliyi
edir. Festival “LiFFt” Beynəlxalq Humanitar Fondu, Avrasiya Xalqları
Assambleyası və Azərbaycan tərəfdən Heydər
Əliyev Fondunun həmtəşkilatçılığı,
Mədəniyyət Nazirliyinin təşkilati
dəstəyi və Bakı Kitab Mərkəzinin
tərəfdaşlığı ilə gerçəkləşəcək.
Mədəniyyət.- 2019.- 23
avqust.- S.4.