Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
Avqustun 19-da Qazax Rayon İcra Hakimiyyəti, Qazax şəhər Ədəbiyyat Muzeyi və “Mirvarid Dilbazi məclisi”nin birgə təşkilatçılığı ilə Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 107-ci ildönümü qeyd olunub.
Əvvəlcə şairin Qazaxın “Mütəfəkkirlər” parkındakı büstü ziyarət olunub.
Mərasimi giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin (AYB) Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal açaraq Mirvarid Dilbazinin həyat və yaradıcılığından bəhs edib.
“Mirvarid Dilbazi məclisi”nin sədri Güllü Eldar Tomarlı şairin çoxşaxəli yaradıcılığından, bütün ömrünü Azərbaycan ədəbiyyatının zənginləşməsinə həsr etməsindən danışıb. Bildirib ki, onun şeirləri milli-mənəvi dəyərlərimizdən qidalanıb və müəllifinə böyük şərəf gətirərək el məhəbbəti qazanıb. Vurğulanıb ki, “Mirvarid Dilbazi məclisi”nin məqsədi bütün poeziyasevərlərə, gələcək nəsillərə örnək olan bu şairin irsini, həyatını təqdim etmək, təbliğ etməkdir.
Sonra məclisin sədr müavini, gənc
şairə Nuranə Təbriz, şair
Zaməddin Ziyadoğlu, AYB-nin
təmsilçisi Güləmail Murad,
yazıçı-publisist, filologiya
üzrə fəlsəfə doktoru Natəvan
Dəmirçioğlu, şair və yazarlar Tamella Poladlı,
Gülsənəm Cəlili, Zərəngiz Dəmirçi
Qayalı, rəssam Qafar Sarıvəlli
çıxış edərək Mirvarid
Dilbazi ilə bağlı xatirələrini
bölüşüblər. Aşıq Hüsənin
ifasında “Ruhani” saz
havasının səslənməsi ilə tədbir başa çatıb.
Mədəniyyət.- 2019.- 23
avqust.- S.6.