Niyazi xatirəsi ilə dolğun avqust…
Qismətə bax ki, avqust ayı gəlincə, musiqisevərlər iki dəfə maestro Niyazinin adını tutub onun ev-muzeyinə yığışırlar. Ayın əvvəlində - 2 avqustda sənətkarın vəfatı günündə, avqustun 20-də doğum günündə.
Bu dəfə də
istisna olmadı. Ayın
20-də səhər qədirbilən
musiqisevərlər, Azərbaycan
Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin əməkdaşları SSRİ Xalq artisti, Sosialist
Əməyi Qəhrəmanı,
Azərbaycan və
SSRİ Dövlət mükafatları
laureatı, C.Nehru adına Beynəlxalq Mükafat laureatı Niyazinin Fəxri xiyabandakı məzarını
və şəhərdəki
abidəsini ziyarət
etdilər. Günorta isə görkəmli
dirijor-bəstəkarın ruhunun
əbədi sakin olduğu mənzilə toplaşdılar.
Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi
Alla Bayramova giriş sözü söylədikdən sonra muzeyin elmi işçisi
Əzirə Abdullayeva
Niyazinin yaradıcılıq
yolu haqqında çıxış etdi. Çıxış boyu tədbir iştirakçıları muzeyin
arxiv materialları əsasında hazırlanmış
slayd-şounu da izlədilər.
Xalq artisti Ülviyyə Hacıbəyova, hazırda
Fransada yaşayan Əməkdar artist, tanınmış
pianoçu-pedaqoq Adilə
Əliyeva, bəstəkar,
Xalq artisti Azər Dadaşov, Niyazinin qohumu, Əməkdar müəllim
Telman Ağdamski Niyazi ilə bağlı xatirələrini
paylaşdılar. Adilə
xanımın çıxışının
ardınca onun hələ 9 yaşında
ikən Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti
və Niyazinin dirijorluğu ilə ifasının yadigar lent yazısı nümayiş
edildi.
Doğum gününə həsr olunmuş konsertdə səhnə daha çox gənclərin idi. Bu da təsadüfi
deyil. Çünki Niyazi özü
də hər zaman istedadlı gənclərə yardım
etmiş, onların sənətdə öz yerini tapmasından ötrü bacarığını
əsirgəməmişdi. Bakı Musiqi Akademiyasının tələbələri
Aydan Rüstəmzadənin,
Safura Aslanovanın,
Tutu Məmmədlinin, Fərid
Tahiroğlunun, Əli
Vahidovun və akademiyanın doktorantı
Rüfət Piriyevin, beynəlxalq müsabiqələr
laureatı olan bacı-qardaş Əmiraslanovların
– məktəbli Şirin
və tələbə
Nərimanın
çıxışları maraqla qarşılandı.
G.MİRMƏMMƏD
Mədəniyyət.- 2019.- 23
avqust.- S.5.