“Yevgeni
Onegin”i görməyə
hazırlaşın...
Sentyabr ayının
ilk günündən paytaxt
teatrsevərlərini çox
maraqlı görüş
gözləyir. 1-3 sentyabr tarixində Rusiyanın
Y.Vaxtanqov adına Moskva Dövlət Akademik Teatrı “Yevgeni Onegin” tamaşası ilə Bakıda – Akademik Musiqili Teatrın səhnəsində çıxış
edəcək.
Hələ 2016-cı ildə Rusiyanın
Qastrol Fəaliyyətinin
Dəstəklənməsi Federal Mərkəzinin “Böyük
qastrollar” layihəsi çərçivəsində V.Mayakovski adına
Moskva Akademik Teatrı Bakıda olarkən həmin qurumun təmsilçisi Azərbaycan tərəfinin
məhz bu tamaşanın paytaxtımızda
nümayiş etdirilməsini
arzuladığını söyləmişdi.
Nəhayət, dünyanın ondan
artıq ölkəsində
göstərilmiş “Yevgeni
Onegin”in qastrol siyahısına Bakının
da adı yazılır.
İlk tamaşası 2013-cü il fevralın 13-də
oynanılmış “Yevgeni
Onegin” bir neçə cəhətdən
nadir tamaşa hesab edilə bilər. Əvvələn, ona görə
ki, böyük rus şairi, yazıçı-dramaturq A.S.Puşkinin
bu mənzum romanına dram teatrlarının
səhnəsində rast
gəlmək nadir hadisədir.
Lakin teatrın bədii rəhbəri Rimas Tuminas məşhur
aktyorlar – Lyudmila Maksakova,
Sergey Makovetski, Vladimir Vdoviçenkov,
Oleq Makarov və bir qrup
gənc aktyorla mənzum romanı dramatik pyes olaraq
səhnəyə gətirdi.
Rejissor “Kimi sevməli, kimə inanmalı?” kimi mühüm suallara cavab axtaran tamaşada Puşkinin kəlməsinə,
süjetinə toxunmadan
“Yevgeni Onegin”in səhnə ekvivalentini hazırlaya bildi.
Digər tərəfdən, Rimas Tuminasın bu tamaşasını təhlil
edən tanınmış
teatr tənqidçilərinin
fikrincə, “Yevgeni Onegin” məşhur əsərlə bağlı
bütün stereotipləri
dağıdır. Rejissor, başqa
tamaşalarında olduğu
kimi, göstərmək
istədiyini öz müəllif dəst-xəttilə
musiqili, sərt və emosional şəkildə çatdırır,
Puşkinin nəzmə
çəkdiyi əhvalatların
içində həyatın
prozaik adiliklərini tapıb qabardır. Bunun nəticəsində əvvəldən oxuyub gördüyümüz əsərin
doğurduğu “xatirə
yığıntısı”nı
dağıdır, əsərin
süjetinin və qəhrəmanların xarakterinin
yeni anlamını göstərir.
“Yevgeni Onegin” elə ilk mövsümdəcə
xeyli mükafat qazanıb. 2012-2013-cü mövsümün
ən yaxşı tamaşası kimi “Büllur Turandot” teatr mükafatı və
“Moskovski komsomoles” nəşriyyat evi teatr mükafatının laureatı olub. 2014-cü ildə Rusiya Teatr Xadimləri
İttifaqının mükafatına,
“Qızıl maska” Milli teatr mükafatına,
2016-cı ildə isə
İtaliyadakı Spoleto festivalının
xüsusi mükafatına
layiq görülüb.
Əsas rolların ifaçıları
da bu tamaşadakı
ifalarına görə
müxtəlif sənət
ödülləri ilə
təltif ediliblər.
Tamaşanın ideya, ədəbi
kompozisiya və quruluşunun müəllifi
Rimas Tuminas, səhnə quruluşçusu
Adomas Yanovskis, musiqi müəllifi Fvustas Latenas, geyim rəssamı Mariya Danilova, xoreoqrafı Anjelika Xolina, musiqi rəhbəri Tatyana Ağayevadır. Təxminən
altmış nəfərlik
aktyor heyətinin məşğul olduğu
tamaşada əsas rollarda Sergey Makovetski,
Lyudmila Maksakova,
İrina Kupçenko,
Aleksey Quskov, Viktor Dobronravov,
Leonid Biçevin, Yevgeniya
Kreqjde, Olqa Lerman və digər məşhur aktyorları görə biləcəyik.
Bir antraktla
3 saat 30 dəqiqə davam edən tamaşa üç axşam ardıcıl oynanılacaq. “Yevgeni
Onegin”in aktyor üçün həm emosional, həm də fiziki baxımdan ağır əsər olduğunu nəzərə alsaq, Bakı teatrsevərlərinin
tamaşanın hər
iki heyətini səhnədə görmək
şansı var.
GÜLCAHAN
Mədəniyyət.- 2019.- 23
avqust.- S.5.