Tragifars və ya yaşasın teatr

 

 

Respublikamızda fəaliyyət göstərən teatrların hər birinin öz xüsusiyyətləri var. Xüsusilə region teatrlarının fəaliyyəti, səhnəyə qoyulan hər bir yeni pyes repertuar zənginliyi, eləcə də tamaşaçı duyumunun varlığından xəbər verir. Belə sənət ocaqlarımızdan biri də 140 illik peşəkar teatr tarixi olan Şəkidə fəaliyyət göstərir.

Teatr tariximizə nəzər salarkən mənbələrdən aydın olur ki, görkəmli maarifçi və yazıçı Rəşid bəy Əfəndiyev 1877-ci ildə Tiflisdə Mirzə Fətəli Axundzadə ilə görüşüb. Bu görüş zamanı Mirzə Fətəli qələmə aldığı komediyalarından birinin vətəni Şəkidə oynanılmasını arzuladığını bildirib. Rəşid bəy Əfəndiyev böyük mütəfəkkirin arzusunu 1879-cu ildə (artıq onun vəfatından sonra) həyata keçirməyə müvəffəq olur və “Hacı Qara” komediyasını Şəki ziyalıları ilə birlikdə tamaşaya qoyur. Hacı Qara rolunda isə özü səhnəyə çıxır. Beləliklə, bu təşəbbüsün nəticəsi olaraq Şəkidə peşəkar teatrın təməli qoyulub.

Şəki Dövlət Dram Teatrı həm də vaxtilə valideynlərimin çalışdığı bir sənət ocağı kimi mənə doğmadır. 1932-ci ildə Sabit Rəhman Şəki Dövlət Dram Teatrının ədəbi hissə müdiri işləyərkən Bakıda Karl Libknext adına Fabrik-zavod məktəbində istedadlı gənclər arasında Məhəmməd Burcəliyevi görərək onu bu teatra aktyor kimi dəvət edib. Xalq artisti Məhəmməd Burcəliyev Şəki teatrının səhnəsində 1935-ci ilə qədər fəaliyyət göstərib və sonra taleyini Gəncə Dövlət Dram Teatrına bağlayıb. Anam – Xalq artisti Sədayə Mustafayeva da 1940-cı ildən 1946-cı ilədək taleyini Şəki teatrının səhnəsinə bağlayıb və onun səhnəsində bir sıra obrazlar yaradıb.

Hər zaman repertuar zənginliyinə önəm verən Şəki teatrı bu ənənəni qoruyub saxlaya bilir. Ötən teatr mövsümünün sonlarında Şəki səhnəsində izlədiyim “Xəstəlik xəstəsi və ya yaşasın teatr” (J.B.Molyer və M.Bulqakov; tərcümə - Şəms Əlizadə) adlı tamaşa da bunun nümunəsidir. Şəkidə peşəkar teatrın yaranmasının 140 illiyi münasibətilə səhnələşdirilən tamaşaya teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli quruluş verib.

XVII əsrin dünya şöhrətli fransız dramaturqu və aktyoru sayılan Jan Batist Molyer (1622-1673) həyatını teatr sənətinə həsr edib. O, yaratdığı teatrın yaşaması naminə bütün məhrumiyyətlərə dözərək çox vaxt həyatını riskə atıb. Bununla belə, yaşadığı cəmiyyət haqqında olan həqiqətləri və öz müasirlərinin əsl simalarını səhnədən açıb göstərməkdən çəkinməyib. 1673-cü il fevralın 17-də Molyer sonuncu əsəri olan “Xəstəlik xəstəsi” komediyasında Arqan obrazını ifa edib. Bu obrazın yalançı xəstəliyini səhnədə ustalıqla göstərərkən o özü artıq ölümcül xəstə idi...

Tamaşa öz həyatını səhnəyə, teatr sənətinə qurban edən bütün səhnə, teatr fədailərinin xatirəsinə ithaf olunub. Tamaşa Molyerin Arqan obrazını axırıncı dəfə səhnədə oynamasının tarixçəsindən və onun həqiqi xəstəliyi ilə Arqan obrazının “yalançı xəstə”liyi arasındakı təzadları göstərir. Molyer tamaşanı böyük ustalıq, məharətlə oynayır və sonda isə həyatla vidalaşır.

Rejissor traktovkasına uyğun olaraq səhnə və səhnə arxası məkan çərçivəsində hadisələr fars komediya şəklində Molyerin həqiqi faciəsi olaraq böyük ustalıqla təqdim olunur. Tamaşanın əsas mövzusu sənətkar yaradıcılığı və onun vəfatı ilə bağlıdır. Səhnədə ilk anda cərəyan edən hadisələrdən bəlli olur ki, tamaşanın göstərilməsi üçün hazırlıq prosesi gedir. Hazırlıq prosesi zamanı Molyerin həqiqətən xəstə olması bəlli olur. Həmkarları onun bu vəziyyətdə səhnəyə çıxmasının mümkünsüzlüyünü bildirsələr də, o inadından dönmür. Tamaşanı sona qədər oynamaq qərarında israrlı olur.

Tamaşada Arqan və ya Molyer obrazını Əməkdar artist Xanlar Həşimzadə ifa edir. Aktyorun səhnə plastikası obrazın mahiyyət etibarilə təqdim edilməsinə yardımçı olmaqla maraqla izlənilməsinə səbəb olur. Guya çox ciddi xəstə olan Arqanın öz sağlamlığından şikayət edə-edə həkimlərinin ona yazdıqları reseptlərin ayda nə qədər xərc tutduğundan gileylidir. O, səhhətinin əvvəlkindən də pis olduğunu iddia edir. Ancaq anlamaq istəmir ki, o öz səhhətini həkimlərin əlində oyuncağa çevirib. Hirsini də həmişə ona sözün düzünü deyən xidmətçisi Tionettadan çıxır. Aktyorun ifasında xırda detalların belə incəliklə göstərilməsi maraq doğurur.

Tamaşa boyu maraqla izlənilən obrazlardan biri də xidmətçi Tionettadır. Bu obrazı aktrisa Arzu Mustafayeva ifa edir. Tionetta cavan və şuxdur. Onun hər bir hərəkəti mizanlara uyğun olaraq ustalıqla təqdim olunur. Aktrisanın səhnədə fərqli danışıq tərzi, diksiyası da obrazı maraqlı edir. Çox keçmir ki, səhnədə Tionettanın qurduğu oyun nəticəsində Arqanın həyat yoldaşı Belinanın (aktrisa Lalə Məmməd) əsl siması üzə çıxır. Arqan anlayır ki, həmişə tərəfində olduğu gənc həyat yoldaşı var-dövlətini ələ keçirmək üçün ona belə nəvaziş göstərib. Tionetta sonra da eyni oyunu Anjelikanın (aktrisa Fidan Lətifova) üzərində də yoxlayır. Arqan görür ki, onu həqiqətən sevən, həmişə danlasa belə sözündən çıxmayan qızı Anjelikadır. Bundan sonra Arqan qızı ilə Kleantın (aktyor Rəşid Mirizadə) izdivacına razılıq verir, amma bir şərtlə - Kleant həkim olmalıdır. Bütün bu hadisələr aktrisa Arzu Mustafayevanın ifasında Tionetta obrazının səhnədə maraqlı hərəkət və jestləri, eləcə də rejissor traktovkasına uyğun olaraq təqdim olunması baxımından maraq doğurur.

Arqanın ikinci həyat yoldaşı Belina isə həyat yoldaşına məxsus var-dövlətin ələ keçirilməsi məqsədilə ona şirin dillər tökərək əzizləyir, hər zaman süni problemlər yaratmaqla ilk ailəsindən olan qızlarının monastıra göndərilməsinə çalışır. Arqan isə bu nəvaziş və aldadıcı şirin dillərə inanaraq ona məxsus olan bütün varidatını Belinaya vəsiyyət etməyə razılaşır. Belina notarius dostu olan De Bontua (aktyor Pərviz İsmayılov) ilə oyun qurub mirası ələ keçirməyə hazırlaşır. Bütün bu hadisələr səhnədə aktrisanın ifasında tamaşaçıya maraqlı mizanlar ilə təqdim olunur. Aktyor Pərviz İsmayılov isə notarius obrazında köməkçi xarakter olaraq diqqət mərkəzində olmağı bacarır.

Tamaşada maraqlı səhnələrdən biri də qızının evliliyini belə öz xəstəliyi üzərində qurmaq istəyən Arqanın Anjelikanı həkimi Purqonun (aktyor Fərahim Fətəliyev) qohumu, həkim olmağa hazırlaşan Tomas Diafuarusa (aktyor Qurban Rəsulov) ərə vermək istəyidir. Arqanın bu qohumluq izdivacına razılıq verməsinin məqsədi səhhəti ilə bağlı olaraq daim həkim nəzarətində olması istəyindən irəli gəlir. Bu hadisələr fonunda həkim Purqon və Tomas Diafuarus obrazlarının ifası da maraq doğurur. Hadisələrin fonunda bu qohumluq əlaqələrinin yaranma istəyində onlar tərəfindən nə məqsəd güdüldüyü də tam olaraq aydın olur. Hər iki şəxs zadəgan bir ailə ilə qohum olmaq və bu qohumluqdan faydalanmaq məqsədini ifaları vasitəsilə dolğunluqla tamaşaçıya təqdim edə bilirlər.

Anjelika – Arqanın doğma qızı. Ögey anasının himayəsində atasının yanında yaşamaq məcburiyyətində olan bu qız isə onu bir dələduzun əlindən xilas edən gənc Kleanta vurulub.

Ancaq onların bu sevgisinə mane olmaq istəyənlər var. Xüsusilə ögey anası olan Belina atasının ailə qurmaq təklifini qəbul etməyən gənc qızın monastıra göndərilməsində israrlıdır. Arqan qızının hərəkətindən qəzəblənərək onu monastıra göndərməklə hədələyir. Hadisələr cərəyan etdikcə aktrisa Fidan Lətifova vəziyyətlər halından çıxış edərək baş verənləri dolğun bir formada səhnədə təqdim edir.

Əməkdar artist Rəhim Qocayevin ifasında Arqanın qardaşı olan Berald obrazı da maraqla baxılır. O, Arqanın gözünü açmağa çalışsa da, həyat yoldaşı Belina, əksinə, onun, doğrudan da, xəstə olduğunu zehninə yeridir və Purqon kimi dələduz həkimlərin əlində “təcrübə dovşanı”na çevirir. Purqon isə Arqanın azacıq da olsa, müqavimətini gördükdə onu lənətləyir, Əczaçı Fleran (Rəşad Rüstəmov) ilə birləşərək müxtəlif xəstəliklərə yoluxacağı barədə məlumatlar verməklə onu hədələyirlər. Gənclərlə daima həmfikir olan Belard isə sonda təklif edir ki, qardaşı Arqan özü həkim olsun və bununla da özünü müalicə etsə daha yaxşıdır. Beləliklə, Arqan həkim olmağa qərar verir. Hadisələr olduqca maraqla izlənilir, burada baş verən vəziyyətlərin  həmahəngliyi sona qədər tamaşaçıda diqqət oyada bilir. Tamaşa boyu respublikanın Əməkdar artisti Akif  Yusifovun ifasında Diafuarus, aktrisa Nuranə Mirzəliyevanın ifasında Luiza obrazları da maraqla izlənilir.

Əvvəldə də qeyd etdiyim kimi, mövzusu savadsız və bacarıqsız həkimlər olan ikihissəli tragifarsın personajlarının əksəriyyəti Molyerin müasirləridir. Hadisələr isə demək olar ki, tam olaraq həyatdan götürülərək Molyerin öz ətrafında baş verənlərdir. Şəki Dövlət Dram Teatrının hazırladığı tamaşanın özəlliyi həm də ondan ibarətdir ki, tamaşaçılar “Xəstəliklər xəstəsi” pyesi fonunda Molyerin həyatının son anlarını da səhnədən izləyə bilirlər. Bütün bu sadalananlar isə quruluşçu rejissor, Əməkdar incəsənət xadimi Mirbala Səlimlinin traktovkasında dolğun bir formada, geniş düşünülən və maraq doğuran səhnə mizanları ilə təqdim edilir. Rejissor hər bir personajın səhnəyə ilk daxil olma anını maraqlı kölgə görüntüsü ilə təqdim etməklə hadisələri daha da dinamik və effektiv baxış bucağında göstərməklə sanki xarakterlərin daxili aləmini ilk andaca göstərir.

Hər bir teatrın əsas uğuru rejissor işi ilə bağlıdır. Teatrın estetik baxımdan konsepsiyasını, strateji hədəflərini məhz istedadlı rejissor işi müəyyən edir. Bu baxımdan Mirbala Səlimlinin yeni tamaşası rejissorun növbəti uğuru sayıla bilər.

Tamaşa boyu cərəyan edən hadisələrin fonunda bütün faktların dəqiqliklə göstərilməsi üçün rejissor mənbə kimi Mixail Bulqakovun “Müqəddəs Kabbala” pyesindən və “Molyer” sənədli povestindən, eləcə də molyerşünas Kristof Morinin “Molyer” tədqiqat əsərindən də öz traktovkasında istifadə edib. Bu da tamaşanın uğurlu səhnə həllinə böyük imkanlar açıb.

Qeyd etmək istərdim ki, Şəki Dövlət Dram Teatrında gənc istedadların tapılaraq professional səhnəyə gətirilməsi üçün “İkinci nəfəs” adlı studiya fəaliyyət göstərir. Təqdim olunan bu səhnə əsərində də əsas obrazların bir çoxunun məhz bu teatr-studiyasının gənc aktyor heyəti tərəfindən oynanılması diqqəti cəlb edir.

Tamaşanın quruluşçu rəssamı Nicat Məmmədovun səhnə tərtibatı öz əzəməti ilə maraqlı səhnə əsərinin yaranmasına yardımçı olmaqla baş verən hadisələrin daha dolğun aktyor mizanları ilə bir-birini tamamlamasına müvəffəq ola bilir. Həmçinin geyim üzrə rəssam Sahib Əhmədovun eskizlərinin XVII əsrə aid geyim növlərinə uyğunlaşdırılması hər bir personajın xarakterinə uyğun olaraq maraqla izlənilir. Tamaşanın musiqi tərtibatı Zeynəb Orucovaya məxsusdur. Musiqilərin hadisələrin inkişaf prizmasından yanaşma mexanizmi üzrə təyini tamaşanın uğurlu səhnə həllinə zəmin yaradır.

Bütün bu sadalananlar isə bir daha Şəki Dövlət Dram Teatrının yubileyi ərəfəsində uğurlu və orijinal səhnə meyarının meydana gəlməsindən xəbər verir.

 

Anar BURCƏLİYEV

Teatrşünas

 

Mədəniyyət.- 2019.- 23 avqust.- S.7.