Yay düşərgəsinin iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

 

 

Qubada şəhid ailələrinin, müharibə əlilləri və iştirakçılarının, müharibə veteranlarının, 20 Yanvar şəhidlərinin ailə üzvləri olan yeniyetmə və gənclərin cəlb olunduğu birhəftəlik düşərgəyə yekun vurulub.

Prezident yanında Gənclər Fondu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən yay istirahət düşərgəsində 100 nəfər yeniyetmə və gənc iştirak edib.

Düşərgə iştirakçıları bir həftə ərzində müvafiq qurumların hərbi hissələrində təlimlərə cəlb olunub, hərb elminin sirlərinə yiyələniblər. Yeniyetmələrə silah və hərbi texnika, əsgərlərin yaşam tərzi, sərhədlərimizin qorunması haqqında peşəkar zabitlər tərəfindən ətraflı məlumat verilib.

Gənclər Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev, Aprel döyüşlərinin iştirakçıları ilə görüşlər keçirib, Quba və Qusarın görməli yerlərini gəziblər.

Qusarda Milli Qəhrəman Çingiz Qurbanovun məzarını ziyarət edən gənclərə onun qısa, lakin şərəfli ömür yolu haqqında ətraflı məlumat verilib.

Düşərgənin son günü layihə iştirakçıları ilə Quba Rayon İcra Hakimiyyətində görüş keçirilib.

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli bildirib ki, layihənin əsas məqsədi gənclər arasında hərbi-vətənpərvərliklə bağlı təbliğat işlərini aparmaq, gənclərdə ordumuza olan inamın artırılmasına dəstək olmaqdır.

Görüşdən sonra Quba Soyqırımı Memorial Kompleksini ziyarət edən düşərgə iştirakçıları ermənilərin törətdikləri soyqırımı haqqında məlumatlandırılıblar. Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb.

 

Mədəniyyət.- 2019.- 28 avqust.- S.3.