“Şərq təranələri” dünya musiqilərini bir araya gətirib
75 ölkənin
qatıldığı festivalda
Azərbaycan da təmsil olunur
Avqustun 26-da Özbəkistanın
Səmərqənd şəhərində
“Şərq təranələri”
XII Beynəlxalq Musiqi Festivalının açılış
mərasimi keçirilib.
Musiqi bayramında Özbəkistan
Respublikasının Prezidenti
Şavkat Mirziyoyev,
UNESCO-nun Baş direktoru
Odri Azule, MDB İcraiyyə Komitəsinin
sədri Sergey Lebedev, Rusiya Prezidentinin mədəniyyət məsələləri
üzrə müşaviri
Vladimir Tolstoy, bir sıra
ölkələrin mədəniyyət
nazirləri və digər yüksək səviyyəli qonaqlar, səfirlər, beynəlxalq
təşkilatların nümayəndələri,
elm, mədəniyyət və
incəsənət xadimləri
iştirak ediblər.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, səfirliyin nəzdində fəaliyyət
göstərən Heydər
Əliyev adına
Azərbaycan Mədəniyyət
Mərkəzinin direktoru
Samir Abbasov da açılış mərasiminə qatılıblar.
Prezident Şavkat Mirziyoyev mərasimdə çıxış
edərək nümayəndə
heyətlərini salamlayıb,
festival iştirakçılarına uğurlar arzulayıb. Dövlət başçısı bildirib
ki, festivalın populyarlığı ildən-ilə
artır. Belə ki,
birinci festivalda 30 ölkə iştirak etmişdisə, budəfəki
festivalda 75 ölkə
təmsil olunur.
UNESCO-nun Baş direktoru
Odri Azule xalqlar arasında etimadın möhkəmlənməsində
“Şərq təranələri”
Beynəlxalq Musiqi Festivalının böyük
rolu olduğunu vurğulayıb.
Dünyanın 75 ölkəsindən 340 ifaçının
qatıldığı festivalda
ölkəmizi gənc
xanəndə Pərviz
Qasımov təmsil edir. Onu çıxışı zamanı Əməkdar
artist Malik Mansurov
(tar), Əməkdar artist Elşən
Mansurov (kamança) və Ramin Abdullayev
(nağara) müşayiət
edəcəklər.
Azərbaycan təmsilçiləri ötən
illərdə bu nüfuzlu musiqi festivalında uğurla iştirak ediblər. 1997-ci ildə Səmərqənddə
keçirilən birinci
festivalda Azərbaycanın
Xalq artisti Simarə İmanova Qran-pri mükafatına layiq görülüb.
2017-ci ildə gerçəkləşən XI festivalda isə Əməkdar artist, tarzən
Sahib Paşazadə Qran-prini
ikinci dəfə Azərbaycana gətirib.
Ayrı-ayrı vaxtlarda ustad
xanəndə Alim Qasımov, həmçinin
Aygün Bəylər,
Qoçaq Əsgərov
festivalda birinci, Zabit Nəbizadə isə ikinci yerləri tutublar.
Xatırladaq ki, UNESCO-nun da dəstək verdiyi “Şərq təranələri”
festivalı 1997-ci ildən
etibarən iki ildən bir keçirilir.
Festival avqustun 30-dək davam edəcək.
***
Ənənəvi olaraq Səmərqənd festivalı çərçivəsində
beynəlxalq elmi konfrans da keçirilir. Budəfəki
konfrans “Maddi və qeyri-maddi mədəni irsin qorunması: aktual problemlər və strategiyalar” mövzusuna həsr olunub. Beynəlxalq konfransda 30-dan
çox ölkədən
gələn 300-dək şərqşünas
alim, ekspert, UNESCO-nun nümayəndələri
iştirak edirlər.
Konfransa
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq
İnstitutunun direktor müavini, akademik Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan alimləri də qatılıb.
Tədbiri Özbəkistan Respublikasının
Baş Naziri Abdulla Aripov açaraq maddi və qeyri-maddi
mədəni irsin qorunması sahəsində
ölkədə görülən
işlər haqqında
məlumat verib.
Daha sonra çıxış
edən UNESCO-nun Baş
direktoru Odri Azule bildirib ki, maddi və
qeyri-maddi dəyərlərin
qorunması, mədəniyyətlərarası
dialoqun inkişafında
universal dil olan musiqinin inkişafı sahəsində Özbəkistanda
çox iş görülüb.
Səmərqəndi “Şərqin mirvarisi” adlandıran MDB İcraiyyə
Komitəsinin sədri
Sergey Lebedev bildirib ki, hər dəfə
bu qədim şəhərə gələndə,
onun təkrarsız abidələrinə baxmaq
heyranlıq doğurur.
Konfransın bölmələr üzrə
keçirilən iclaslarında
Azərbaycan alimlərinin
də çıxışları
dinlənilib.
***
“Şərq təranələri”
XII Beynəlxalq Musiqi Festivalı çərçivəsində
Səmərqəndin “Reqistan”
meydanında bu qədim şəhərdə
bişirilən 52 növ
çörəyin yer
aldığı sərgi
də açılıb.
Sərgidə buğda, arpa, çovdar,
qarğıdalı unundan hazırlanan
müxtəlif növ və biçimdə
olan çörəklər nümayiş etdirilir.
Mədəniyyət.- 2019.- 28
avqust.- S.1;3.