Özbəkistanda mədəni irs həftəsi

 

 

Özbəkistanın Daşkənd, Termez, Səmərqənd və Buxara şəhərlərində “Özbəkistan – yolların ayrıcı və sivilizasiya: imperiyalar, dinlər, mədəniyyətlər” adlı mədəni irs həftəsi keçirilib.

Avqustun 27-dək davam edən tədbirlərdə dünyanın 40 ölkəsindən gələn şərqşünas alim, ekspert, UNESCO-nun yüksək səviyyəli nümayəndələri iştirak ediblər.

Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayevin rəhbərliyi ilə ölkəmizin alimləri də tədbirlərə qatılıblar.

Həftə çərçivəsində Daşkənddə Özbəkistan mədəni irsinin qorunması, öyrənilməsi və populyarlaşdırılması üzrə 3-cü Beynəlxalq konqres, “Kuşan xəzinəsi” və “Özbəkistanın nadir əlyazma abidələri” adlı sərgilər təşkil olunub. Termezdə “Özbəkistan – sivilizasiyanın kəsişdiyi məkan” adlı tədbir keçirilib.

Qonaqlar UNESCO-nun himayəsi altında Səmərqənddə keçirilən “Maddiqeyri-maddi mədəni irsin qorunması: aktual problemlər və strategiyalar” adlı tədbirdə, həmçinin “Şərq təranələri” XII Beynəlxalq Musiqi Festivalının açılış mərasimində (26 avqust) də iştirak ediblər.

 

Mehparə SULTANOVA

 

Mədəniyyət.- 2019.- 28 avqust.- S.8.