Ölkəmiz Afinada Dünya Kitabxana və Məlumat
Konqresində təmsil olunur
24-30 avqust tarixində Yunanıstanın paytaxtı Afinada illik Dünya Kitabxana və Məlumat Konqresi – Kitabxana Assosiasiyaları və İnstitutlarının Beynəlxalq Federasiyasının (İFLA) 85-ci Baş konfransı və Assambleya toplantısı keçirilir.
140 ölkədən nümayəndələrin qatıldığı konqresdə açıq sessiyalar, plenar iclaslar, seminarlar, kitabxana materiallarının, audiovizual avadanlıqların və kompüter sistemlərinin sərgiləri təşkil edilib.
“Kitabxanalar: dəyişiklik naminə dialoq” mövzusunda İFLA konfransının açılış mərasimində Yunanıstan Milli Kitabxanasının baş direktoru Filippos Tsimpoglu və digər rəsmilər iştirakçıları salamlayıblar. İFLA prezidenti Qloriya Perez-Salmeron açılış nitqi ilə çıxış edib. Tədbirdə, həmçinin İFLA baş katibi Gerald Leytner və Afina Universitetinin professoru Lukas Tsoukalis çıxış ediblər.
Ölkəmizi konqresdə Azərbaycan Milli Kitabxanasının direktor müavini Ədibə İsmayılova təmsil edir. Ədibə İsmayılova İFLA Biblioqrafiya bölməsinin Daimi komitəsinə 2019-2023-cü il müddəti üçün üzv seçilib. O, avqustun 24-də ilk Daimi komitə iclasında, konfrans ərəfəsində komitə tərəfindən təşkil edilmiş biblioqrafiya seminarında, digər tədbirlərdə iştirak edib. Direktor müavini, həmçinin İFLA çərçivəsində MDB kitabxana nümayəndələrinin illik regional görüşünə də qatılıb.
Ədibə İsmayılova Argentina
Milli Kitabxanasının direktoru
Elsa Barberlə görüşüb.
Görüşdə gələcək əməkdaşlıq
üçün Azərbaycan Milli Kitabxanası ilə Argentina
Milli Kitabxanası arasında imzalanacaq anlaşma memorandumunun mövzusu
müzakirə edilib. Xanım Elsa Barber Azərbaycan Milli Kitabxanasının rəhbərliyi
adından sentyabrın 27-dən 29-dək Bakıda keçiriləcək
“Milli kitabxanalar mobil informasiya mərkəzi
kimi” adlı Beynəlxalq konfransa
dəvət edilib.
Mədəniyyət.- 2019.- 28
avqust.- S.4.