Üzeyir işığına kimlər
yığışacaq?
(I yazı)
Sentyabrın 18-dən 30-dək Bakı yenə də Üzeyir Hacıbəyli musiqisinin sehrinə düşəcək. Hələ sovetlər dövründə hər il 18 sentyabrda – böyük bəstəkarın doğum günündə musiqi ictimaiyyətinin nümayəndələri Üzeyir bəyin Fəxri xiyabandakı məzarını ziyarət edər, həmin günü indiki Bakı Musiqi Akademiyasının önündə elə onun adını daşıyan Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edərdi. Akademik Opera və Balet Teatrı milli operamızın banisinin əsəri ilə yeni mövsümə başlardı. Maestro Niyazinin təşəbbüsü ilə başlamış bu tədbirlər 1995-ci ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə 18 sentyabrın Milli Musiqi Günü (Üzeyir Musiqi Günü) elan edilməsi ilə bu günün anlamını, miqyas və əhəmiyyətini daha da böyütdü.
2009-cu ildə dahi musiqiçiyə həsr olunmuş beynəlxalq festivalın əsası qoyuldu. Bu il Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı 11-ci dəfə keçiriləcək. Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək festivalda Türkiyə, ABŞ, İtaliya, Ukrayna, Rusiya, Çin, Özbəkistan, Belorus, Bolqarıstan, Gürcüstandan gəlmiş ifaçılar və solistlər paytaxtın müxtəlif səhnələrini Azərbaycan musiqiçiləri ilə paylaşacaqlar. 2019-cu ilin Üzeyir festivalı həm müddətinə, həm proqramın zənginliyinə, həm də qonaqlarının çoxluğuna görə əvvəlkilərdən fərqlənir. Bəs qonaqlarımız kimlərdir?
...18 sentyabr, festivalın ilk günü
Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olacaq. Orkestrin baş dirijoru, Xalq artisti Rauf Abdullayevin idarə edəcəyi konsertdə “Koroğlu” operasının uvertürası, Arif Məlikovun 6-cı simfoniyası və görkəmli fin bəstəkarı Yan Sibeliusun “Violin və orkestr üçün konsert”i ifa olunacaq. Solist beynəlxalq müsabiqələr laureatı Sergey Doqadindir.
Sergey Doqadin hələlik sonuncu mükafatını bu yay – P.İ.Çaykovski adına XVI Beynəlxalq müsabiqədə qalib gələrək qazanıb. Bu, 31 yaşlı tanınmış skripka ifaçısının sayca doqquzuncu böyük qələbəsidir. Hazırda Vyanada yaşayan musiqiçi gərgin qastrol qrafiki ilə çalışıb, Çinin “Liangzhu International Arts Academy” tədris ocağında dəvətli müəllim olaraq işləsə də, məqam düşdükdə yenə də görkəmli pedaqoq Boris Kuşnirdən dərs alır. Sergey Doqadin bu barədə öz müsahibələrində deyir: “Məncə, bu, normaldır. Çünki ömür boyu çalışmaq, təkmilləşmək gərəkdir. Boris İsaakoviç məşhur pedaqoqdur, onun dərsləri səhər saat 7-dən gecə saat birədək davam edir. Çox məşhur ifaçılar Boris İsaakoviçin yanına gəlir, ondan özəl dərs aldıqlarını nəinki gizlədirlər, hətta bununla fəxr edirlər. Bilirsiniz, pedaqoqla çalışmaq çox vacibdir: sənin əsərə, öz ifana münasibətin bir cürdür, onunku isə tamam fərqlidir. Üstəlik, tez-tez səhnədə çıxış edəndə qulağın “dolur”.
İlk dəfə 2017-ci ildə 9-cu Rostropoviç festivalının açılışında, daha sonra 2018-ci il dekabrın 25-də Bakıda çıxış etmiş Sergey Doqadin bu dəfə Y.Sibeliusun ən yaxşı simfoniyalarından birini – “Violin ilə orkestr üçün konsert”ini bizim böyük simfonik orkestrin müşayiəti ilə ifa edəcək. Yeri gəlmişkən, Doqadin Bakıya bundan əvvəlki səfərlərində də maestro Rauf Abdullayevin idarəsi ilə çıxış etmişdi.
Sergey Doqadinin London filarmonik, Berlin simfonik, Münxen kamera orkestrləri, “Kremerata Baltica” orkestri kimi dünyanın məşhur kollektivləri ilə çıxış etdiyini, Y.Temirkanov, V.Gergiyev, V.Spivakov, M.Honekk, D.List, S.Sondeskis və digər görkəmli dirijorlar ilə əməkdaşlıq etdiyini nəzərə alsaq, sentyabrın 18-də onun çıxış etdiyi konsertə gələnlərin mükəmməl ifadan yayılan musiqidən zövq alacağını gözləməkdə haqlıyıq.
Yevgeni Avramenko
Sentyabrın 20-də Kamera və orqan musiqisi zalında konsert proqramı ilə çıxış edəcək. Qonağımız orqan ifaçılarının I Rusiya müsabiqəsinin və beynəlxalq müsabiqənin qalibi, orqan sənətinə dair rus dilində böyük internet portalının yaradıcısı, orqan musiqisinin təbliği məqsədilə bir neçə uğurlu layihənin müəllifidir. Moskva Dövlət Konservatoriyasının məzunu olan Yevgeni Avramenko uzun illərdir ki, Svetloqorsk şəhərində (Kalininqrad vilayəti) yaşayıb çalışır. S.V.Raxmaninov adına Musiqi Kollecində dərs deyir, şəhər kafedral kilsəsində orqan çalır, Rusiyanın şəhərlərində, Ukrayna, Belarus, Litva, Latviya, Qazaxıstan, Polşa, Almaniya və digər xarici ölkələrdə müntəzəm çıxış edir. İfaçının Üzeyir Hacıbəyli festivalında ilk dəfə Bakıda verəcəyi konsertin proqramına İ.S.Bax, D.Dianov, H.A.Ştamm, C.Talben-Boll kimi klassik və müasir bəstəkarlar ilə yanaşı, Azərbaycan bəstəkarı, Xalq artisti Arif Mirzəyevin də əsəri daxildir.
Filipp Kopaçevski
Bu gənc rusiyalı virtuoz pianoçu isə sentyabrın 20-də Beynəlxalq Muğam Mərkəzində çıxış edəcək. Moskva Dövlət Filarmoniyasının “XXI əsrin ulduzları” layihəsinin davamlı iştirakçısı olan Filipp Kopaçevskinin 29 yaşı var. Bu günə kimi Böyük Britaniya, Almaniya, ABŞ, Niderland, Fransa, İtaliya, Yunanıstan, Polşa, İspaniya, Yaponiya və başqa ölkələrdə qastrol səfərlərində olub. Yaponiyada daha çox populyar olan F.Kopaçevskinin ifasında F.Şopenin fortepiano üçün əsərləri diskə yazılıb. Səkkiz beynəlxalq müsabiqənin laureatı olan pianoçunun Bakı konsertinin proqramında E.Qriq, F.Şopen, İ.Brams, Q.Ginzburq kimi ən müxtəlif üslublu fortepiano musiqisi müəlliflərin əsərləri yer alıb.
Yeri gəlmişkən, Üzeyir Hacıbəyli festivalında iştirak onun Bakıya ilk gəlişi deyil. Fitri musiqi istedadı hələ çox kiçik yaşlarında parlamış Filipp maestro Mstislav Rostropoviçin gənc istedadlara göstərdiyi qayğını hiss edib, Rostropoviç Fondunun təqaüdçüsü olub. Bir neçə il əvvəl isə ənənəvi Rostropoviç festivalı çərçivəsində paytaxtımızda çıxış edib.
Festivala
ulduz tamaşası hədiyyəsi - “Bohema”
Festivalın 21 sentyabr tarixinin proqramı da qonaq-qaralıdır. Həmin axşam Akademik
Opera və Balet Teatrında italyan opera sənətinin incisi sayılacaq əsər – C.Puççininin “Bohema”sı
oynanılacaq. Tamaşadakı
iki əsas partiyanın ifaçısı
artıq Bakı klassik musiqisevərlərinə
yaxşı tanış
olan Özbəkistanın
Xalq artisti Ramiz Usmanov (Rudolf) və Belarusun Əməkdar artisti
Vladimir Qromov (Marsel) olacaq. Onlarla yanaşı, tamaşada
əsas qadın qəhrəmanların partiyalarını
bizim teatrın gözəl sopranoları
– əməkdar artistlər
Afaq Abbasova və İnarə Babayeva oxuyacaqlar. Lakin tamaşanın dəvətli
iştirakçılarının sayı bitmir. Orkestr pultu arxasında italiyalı dirijor Lorenso Taziyeri dayanacaq.
Lorenso Taziyerini tanıyaq...
Altı
yaşından musiqiyə
həvəs göstərmiş
Lorenso Taziyeri Nikolo Paqanini adına konservatoriyada
əvvəlcə violin, daha
sonra fortepiano üzrə
təhsil alıb. Lakin getdikcə operaya marağı artan Lorenso dirijor sənəti üzrə ixtisaslaşmağa üstünlük
verib. Çox gənc ikən
2005-ci ildə öz simfonik orkestrini və xorunu yaradıb. Milli və beynəlxalq
musiqi festivallarında
çıxış edən
kollektivin repertuarı
barokkodan müasir dövrümüzədək dəyişir.
2010-cu ildən etibarən Avropa səhnələrində opera tamaşalarına
dirijorluq edir, fərqli opera festivallarında
çıxış edir.
2013-cü
ildə “Assosiasiya Alleqro” hərəkatını
təsis edərək, bədii
rəhbər kimi “Operàpolis” musiqi, təhsil və sosial layihəsini uğurla həyata keçirir. Bir zamanlar musiqi istedadına, daha sonralar isə təşkilatçılıq və idarəçilik qabiliyyətinə görə
“musiqi vunderkindi” təxəllüsünü qazanmış
34 yaşlı maestro Lorenso
Taziyerinin idarəsi ilə italyan operasına baxmaq maraqlı olar.
Dirijor demişkən...
Həmin axşam daha bir dirijor qonağımız Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsinə çıxacaq. Rusiyanın Xalq artisti, V.V.Andreyev adına Dövlət Akademik Rus Orkestrinin bədii rəhbəri və baş dirijoru Dmitri Xoxlov Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrini idarə edəcək. Proqrama “Koroğlu” operasının uvertürası, Arif Məlikovun, Qara Qarayevin, rus bəstəkarları M.Musoroqski, M.Qlinka, P.Çaykovskinin xalq çalğı alətləri orkestri üçün işlənmiş əsərləri daxildir.
N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Simfonik Orkestrinin professoru olan Dmitri Xoxlov istər rəhbərlik etdiyi orkestr ilə, istərsə də dəvətli dirijor kimi tez-tez xarici ölkələrdə çıxış edir. Bir zamanlar hətta Qazaxıstan və Monqolustan orkestrlərinin baş dirijoru olmuş, dünya, xüsusən də keçmiş sovet respublikalarının milli bəstəkarlıq məktəbləri ənənələrinə bələdliyi ilə tanınan dirijorun Azərbaycanın xalq çalğı alətləri orkestrinin konsertinin də maraqlı olacağını gözləməyə dəyər.
22 sentyabr - daha iki pianoçu qonağımızdır
Sentyabrın 22-də İtaliyanı təmsil edən Aleksandr Hacıyev Beynəlxalq Muğam Mərkəzində (saat 17.00) solo konsert verəcək. Soyadı bizə doğma gələn gənc musiqiçi əslən Serbiyadandır. Vaxtilə Moskva Konservatoriyasının nəzdindəki Mərkəzi Musiqi Məktəbində dərs demiş, qarışıq zamanlarda Serbiyadan İtaliyaya mühacirət etmiş, fortepiano üzrə görkəmli pedaqoq Siyavuş Hacıyevin oğludur. Aleksandr 1994-cü ildə İtaliyada dünyaya gəlib. Erkən yaşdan fortepiano qarşısına keçən gənc ifaçının ilk müəllimi atası olub. 10 yaşında ilk dəfə orkestrlə çıxış edən Aleksandr 30-cu “Premio Venezia” müsabiqəsində qalib gələndən sonra tanınmağa başlayıb. 2015-ci ildə Hamamatsu adına pianoçuların IX Beynəlxalq müsabiqəsində I mükafatı və tamaşaçı rəğbəti prizini qazanmış musiqiçi haqqında münsiflər heyətinin prezidenti Akiko Ebi demişdi: “Onun gücü interpretasiya bacarığındadır. Onun yozumları ənənəyə əsaslansa da, ənənəvi çərçivələrdən xeyli kənara çıxır”.
Aleksandr Hacıyev konsertdə L.V.Bethovenin, F.Listin və S.Prokofyevin əsərlərini səsləndirəcək.
***
Həmin gün saat 19-da isə Heydər Əliyev Sarayında Xalq artisti Rauf Abdullayevin idarəsində Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə daha bir virtuoz pianoçu – beynəlxalq müsabiqələr laureatı Xatiya Buniatişvili çıxış edəcək.
Xatiya Buniatişvili Gürcüstanın Batumi şəhərində (1987) dünyaya gəlib. Tbilisi Dövlət Konservatoriyasını bitirib. Bir neçə beynəlxalq müsabiqədə qalib gəlib, 2010-cu ildə “Borletti-Buitoni Trust Award” mükafatının laureatı olub. Xatiyanın böyük bacısı Qvansa Buniatişvili də tanınmış pianoçudur. Bəzən bacılar birlikdə konsert verir, fortepiano dueti olaraq da çıxış edirlər.
Hazırda Parisdə yaşayan Xatiya Buniatişvilinin Bakıdakı ilk konsertində Azərbaycan bəstəkarları Fikrət Əmirov, Niyazi və Elmira Nəzirovanın əsərləri ifa olunacaq.
Gülcahan
MİRMƏMMƏD
Mədəniyyət.-
2019.- 28 avqust.- S.5.