Hafizələrdə iz salan
kiçik rollar ifaçısı
İşıqlı düşüncəyə malik
insanlar mütləq yaradıcı olurlar. Onların fərdi
təfəkkürü, həyata
fərqli baxışı
ətrafda baş verən hadisələri müşahidədən əlavə,
müqayisələndirməsinə səbəb olur, daxili təlatümünə,
hisslərinə əsasən
isə daha dərin və dəqiq təhlil etməsinə, cavablandırmasına
imkan verir. Belə insanlar çox vaxt nəticə etibarilə həyat və yaşam üçün vacib olan ümdə peşələri özündə
əks etdirən aktyorluq məsləyini seçirlər, bir ömürdə min ömür
yaşayırlar. İstedadlı aktyor Fazil Salayev
də həyat fəlsəfəsini, xarakterləri
sevib-seçdiyi məsləyində
tədqiqat obyektinə
çevirən sənətkarlarımızdandır.
Onun haqqında
“az yazılıb, az danışılıb”
sözləri işlənsə
də, yazılan məqalələr, hazırlanan
verilişlər istedad
sahibinin yaradıcılığının
gənc nəsillərin
də diqqətində
olduğundan xəbər
verir. Bəs, görəsən, teatr fəaliyyətini yarımçıq qoyan, kinoda epizod rollar
yaradan aktyorun hansı sənət taktikası sənətsevərləri
düşündürür, yaradıcılığını diqqət mərkəzində
saxlayır? Bu kimi
suallar bənzərsiz
yaradıcılıq nümayiş
etdirən aktyorun bioqrafiyasına
bir qədər ətraflı nəzər
salmağımıza əsas
verir.
Tragikomik
aktyor
Fazil Salayev Azərbaycan kinosunda yumor və satiranın
rəngarəng boyaları
ilə işləyən,
vəziyyətdən yaranan,
gülüşdoğuran situasiyaları
komediya səviyyəsində
tamaşaçıya çatdıran,
bununla da komik janrın idrak gücünü, ciddiliyini təsdiqləyən
aktyorlarımızdandır. Onun “Azərbaycanfilm”
kinostudiyasında istehsal
olunan 30-a yaxın (“Mozalan” satirik kinojurnalındakı süjetlər
daxil olmaqla) filmdə yaratdığı
maraqlı və yaddaqalan rolları bunu bir daha
sübut edir.
Geniş yaradıcılıq imkanlarına,
maraqlı səhnə
plastikasına malik aktyorun sənət yönümü tragikomik istiqamətdə inkişaf
edib. Bəlkə də bu seçim obrazların təfsirində, aktyorun rola olan münasibətindən,
biixtiyar yaranıb.
Personajların xarakterinin dolğun
və yaşarı təqdimatına görə
də orijinal və yaddaqalımlı alınıb. Xarakterik simaya
malik aktyorun teatr fəaliyyətindəki
zəruri xüsusiyyətlərini
görən kinorejissor
Həsən Seyidbəyli
onu 1963-cü ildə quruluş verdiyi “Möcüzələr adası”
filminə dəvət
edib. Fazil Salayevin kino
obrazlarının ardıcıllığı
da bu filmdən
sonra başlayıb.
Debüt
rolun uğuru
Onun kiçikplanlı
rollarının hafizələrə
yazılmasının əsas
səbəblərindən biri
də, rolun daxili mənini duyub göstərməsindən
əlavə, tərəf-müqabilinin
ifasını həssaslıqla
hiss edib, onun davranış və xüsusiyyətinə cavab
olaraq oyun nümayiş etdirməsində
idi. Nəticədə rola və filmin atmosferinə uyğun düzgün mizanladığı personajlar
inandırıcı alınır,
kadrlardakı düşünülmüş
həyat hekayələri
real təsir bağışlayırdı.
Aktyorun “Möcüzələr
adası”nda rola uyğun təqdim etdiyi maraqlı və bənzərsiz jestlər obrazın xarakterinin açılmasına,
tanıdılmasına səbəb
olub. Filmdə onun öz adı ilə canlandırdığı obrazın
(Fazil) tənbəl, hardasa yalançı, baməzə xüsusiyyəti
personajın dəqiq həyat mövqeyi olmadığından xəbər
verir. Obrazın dialoq və
monoloqlarını, jest və
hərəkətlərini izlədikcə
də həyat tərzinin mahiyyəti, sonrakı yaşamı haqqında narahatlıq hissi keçirirsən.
Düşünürsən ki, görəsən,
məqsədyönlü missiyası
olmayan, rahat, bəsit həyat tərzi arzulayan gənci ətrafı, mühiti və aşiq olduğu qız ciddi qəbul edəcəkmi?
Dənizdə, qurudan kilometrlərlə uzaqda salınan “Neft Daşları”nda yaşayan insanların rahatlığını təmin
etmək, onlara estetik gözəllik bəxş etmək məqsədilə qurudan torpaq daşınıb, güllər becərilib,
park salınıb. Bağban Qulam
dayı (aktyor Yusif Yulduz) min bir əziyyətlə becərdiyi güllərin
hər gün dərildiyindən narahatdır.
Şübhələr şəhərciyin sakinlərindən olan Samiyə adlı qıza aşiq olan baməzə xarakterli Fazilin üzərində cəmlənib.
Nəhayət ki, Samiyə
dənizin ortasında
min bir əziyyətlə
yetişdirilən gül
oğrusunu tutur və onu bağbana
təhvil verməyə
tələsir. Cütlüyün (Samiyə və Fazilin) vəziyyətə
uyğunlaşdırılmış mimika və jestləri, pantomim hərəkətləri, susqun
dialoqları personajların
mübaliğəli və
anlaşılmaz münasibətini
şərh edir.
Samiyə
“Neft Daşları”na yeni gələn,
burdakı həyata alışmayan “gül oğrusu”na acıqlı olsa da, xaraktersiz
“qəhrəman”ın cahil
davranışının səbəbini
ona olan sevgisi ilə əlaqələndirir. Qızı məsum
baxışları ilə
müşayiət edən
fərsiz və ümidsiz gəncin gülməli durumu və qəribə cəhətləri filmin süjetini komik səmtə yönəldir,
hadisələrə rəng
qatır. Cavabsız
sevginin (Kamrana olan hisslərinin) kədərini hiss edən
Samiyə isə “cəfakeş” aşiqin şanssızlığını onun öz boyuna
biçir, sevgisinin uğursuzluğunu boylarının
uyğunsuzluğu ilə
əlaqələndirir. Vəziyyətdən yaranan gülməli situasiyalar vasitəsilə
də paradoksal prinsiplərin məzmunu açılır, peşəkar
rejissor traktovkasında,
məharətli aktyor ifasında sadə priyomlarla həyatın daha dərin qatlarına nüfuz edilir, qəribə və fərqli münasibətlər fonunda
düşündürücü həssas nüanslar qabardılır. Hadisələrə intuitiv yanaşma, peşəkar təqdimat sayəsində də personajlar lazımsız dialoqdan, şablon ifadan xilas olur,
filmin məna dəyəri artır, süjeti zənginləşir.
Beləcə, Fazil Salayevin
kinodakı debüt rolunun uğuru məhz bu kimi
faktlara əsasən karyerasına işıq salır.
Kino karyerasında ardıcıllıq
“Möcüzələr adası” filmindən sonra istedadlı aktyor “Ulduz” kinokomediyasında müxbir,
“Sən niyə susursan?”da Ramazan, “Bir cənub şəhərində” filmində
məhəllə sakini,
“Şərikli çörək”
kinodramında Məhəmməd,
“Bizim Cəbiş müəllim”də Mıkkı,
“Axırıncı aşırım”da
Rəşid, “Ömrün
səhifələri” kinoalmanaxına
daxil olan “Rəqiblər” novellasında
Fazil, “Alma almaya bənzər”də Mehdi, “Dərviş Parisi partladır”da Qulaməli,
“Ürək, ürək”də
usta, “Şir evdən getdi” filmində İbrahim və “Mozalan” satirik kinojurnalında maraqlı, koloritli rollar yaradıb.
Müxtəlif janrlı filmlərdən də görünür ki, hər bir rol aktyordan fərqli yaradıcılıq, yeni axtarışlar tələb edib. Güclü intuisiya və səhnə plastikasına əsasən ekran obrazlarını yaddaşlara yazan aktyorun uğurlu yaradıcılığı bir daha sübut edir ki, Fazil Salayev hər janr və üsluba uyğun yaradıcılıq nümayiş etdirməyi bacaran sənətkar idi. Kamera qarşısındakı personajlara uyğunlaşdırdığı jest və hərəkətlərinin dolğunluğu isə sənət texnikasını bilməsindən, dəqiq müşahidə qabiliyyətinin zənginliyindən irəli gəlirdi.
“Sən niyə susursan?” filmində cinayətkarın cahil xüsusiyyətləri, cəmiyyət üçün təhlükəli olması personajın görünüş və davranışında əksini tapıb. Obrazı anidən maşının qarşısına atılan görən tamaşaçı üçün tipin kimliyi maraq doğurur, sürücü (Rasim) ilə dörd dəqiqəlik dialoqu sayəsində isə onun təhlükəli kimliyi bəlli olur. Çirkin məqsədini həyata keçirmək üçün heç nədən çəkinməyən, yalana və hiyləyə əl atan bu obraz “utan utanmazdan, qorx qorxmazdan” deyiminin əyani sübutunu göstərir, həmçinin doğru aktyor yanaşması (rola münasibəti) incə, kövrək hisslərin kölgəsində gizlənən bədniyyətli caninin simasında insanlara hər an ayıq-sayıq olmaları mesajını çatdırır. Fazil Salayevin peşəkarlığı da ekran obrazlarına ayrılan az müddət ərzində çox söz ifadə etməsində idi. Hafizələrdə iz salan kiçikplanlı rolun mahiyyətini dərk etdikcə aktyorun sənət qarşısında nə qədər böyük məsuliyyət daşıdığını, tamaşaçılara olan sevgisini ifası vasitəsilə çatdırdığını görürük. Bu rolların peşəkar, anlayışlı təqdimatını izlədikcə isə Fazil Salayev imzasını ustad sənətkar kimi qəlblərimizə yazırıq.
Xarakterlər ustası
Kino hər zaman teatr aktyorlarına böyük məmnuniyyətlə qucaq açıb. Fazil Salayev uzun illər çalışdığı teatrdan (Akademik Dram Teatrı) küsüb kinoya üz tutduğu vaxtlarda da korifey kino rejissorlarımızdan H.Seyidbəyli, Ş.Mahmudbəyov, K.Rüstəmbəyov, A.Babayev və digərləri böyük məmnuniyyətlə aktyorun yaradıcılığına müraciət etdilər. Çünki yaxşı bilirdilər ki, kiçik rolun mahiyyətini təsdiqləmək, rejissor ideyasını azhəcmli rolda belə cilalamaq mürəkkəb olduğu qədər də maraqlı jestlər sahibinin yaradıcılıq prinsipidir. Buna görə də belə rolları böyük məmnuniyyətlə xarakterlər ustasına həvalə edirdilər.
“Dərviş Parisi
partladır” filmini yada salaq. İlk baxışda
avam və fərsiz görünən
Qulaməli əslində
hiyləgər və fırıldaqçıdır. O, dərvişin əmrlərinə
can-başla tabe olaraq insanların sadəlövhlüyündən istifadə edir, təmkinlə, bacarıqla
onları aldadır. Filmin finalında Qulaməlinin susqun və nigaran halda öz “məharəti”nin nəticəsini gözlədiyini
görürük. Qulluqçu
Sənəmə (Səfurə
İbrahimova) dərvişin
göstərdiyi mərəkənin
mahiyyətini anladan Qulaməlinin baxışlarında
inamsızlıqla yanaşı,
narahatlıq da var. Yanğından (partlayışdan)
sonra isə tökülmüş üst-başına
əhəmiyyət verməyən
Qulaməli hətta dərvişin ona təlaşla dediyi “ay axmaq, bu qədər
də barıt qoymaq olar...” sözünə də biganə reaksiya verərək saya salmır. Çünki ətrafdakılar üçün
təhlükə yaradan
“bacarığı” onun
məmnunluqla izlədiyi
“qələbəsidir”, “əməyinin
bəhrəsi”dir.
Fazil Salayevin
əminliklə mizan verdiyi, səmimiyyətinə
və reallığına
inandırdığı rolların
məzmunu filmlərin
süjetinin məna dəyərini artırır
və tamamlayır. Rolun psixologiyasının,
tanıtım xəttinin
hansı vacib nöqtədən vurğulanmalı
olduğunu dəqiq çatdıran aktyorun mənalı baxışı,
orijinal, koloritli jestləri tamaşaçı
fikrini doğru səmtə yönəldir,
çəkildiyi kadrlar
düşüncə mənbəyinə
çevrilir. Elə buna
görə də
forma və məzmunundan
asılı olmayaraq bütün rolları hafizələrə yazılıb,
yaddaşlarda iz salıb.
Şəhla
ƏMİRLİ
Kinoşünas
Mədəniyyət.- 2019.- 28
avqust.- S.7.