“Azərbaycanda İslam mədəni irsi ilə bağlı tədbirlər keçirməyi planlaşdırırıq”

 

 

Bakı adi şəhər deyil, Avropa müsəlmanları üçün, bütün dünyadakı İslam ümməti üçün müsəlman Şərqində ilk demokratik dövlətin mərkəzidir.

Bu fikri Avropa Müsəlman Forumunun (AMF) prezidenti Əbdülvahid Niyazov deyib.

Azərbaycana səfərinin məqsədindən bəhs edən qonaq deyib: “Bakıda, həmçinin Azərbaycanın müxtəlif regionlarında 40 dəfəyə yaxın olmuşam, sizin gözəl ölkənizə yaxşı bələdəm. Azərbaycan bizim üçün qardaş ölkədir. Rusiya Federasiyasının Dövlət Dumasında fəaliyyətim dövründə və hazırda mən özümü həm də Azərbaycanın böyük Avropa məkanında təmsilçisi hesab edirəm. Çünki Azərbaycan Avropanın müsəlman dövlətidir və bizbu dinin Avropadakı mənsubları ölkənizin sabit, dinamik və ardıcıl inkişaf etməsində, daha böyük nüfuz qazanmasında maraqlıyıq. Azərbaycanın uğurları Avropa müsəlmanları üçünçox vacibdir”.

Rəhbərlik etdiyi Avropa Müsəlman Forumunun fəaliyyətindən, onun məqsəd və vəzifələrindən bəhs edən A.Niyazov bildirib ki, AMF 2018-ci ilin oktyabrında Barselonada bir neçə Avropa ölkəsinin müsəlman liderləri tərəfindən təsis edilib. Onun sözlərinə görə, AMF sentyabrda Dərbənddə bu regionda İslam irsinə həsr olunmuş dəyirmi masa keçirəcək. A.Niyazov əlavə edib: “Hər ilin yazında biz Avropa meqapolislərinin və ya paytaxtlarının birində müsəlman mədəniyyəti festivalının təşkil edilməsini planlaşdırırıq. Bu qəbildən ilk festivalın İspaniyada keçirilməsi nəzərdə tutulur”.

Avropa Müsəlman Forumunun Azərbaycanla bağlı təşəbbüsünə toxunan A.Niyazov deyib: Biz, həqiqətən də, çox narahatıq və Avropa İttifaqı da daxil olmaqla bir çox ölkələrlə Azərbaycanın işğal altında olan ərazilərində yerləşən və bu gün acınacaqlı vəziyyətdə olan məscidlər, İslam abidələri, mədəniyyət obyektləri ilə bağlı Ermənistanın yeni rəhbərliyinə təsir göstərilməsi məsələsinə dair danışıqlar aparırıq”.

Bundan başqa, A.Niyazovun sözlərinə görə, AMF-nin əsas arzularından biri də Azərbaycana mümkün olduğu qədər maksimum sayda avropalı turistin cəlb olunmasıdır. O deyib: “Bəli, indi Bakı Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Səudiyyə Ərəbistanı, Rusiya sakinlərinin üstünlük verdikləri turizm istiqamətlərindən biridir. Lakin biz Bakıya Avropadan daha çox turistin gəlməsini istəyirik. Sizin paytaxtınız, həqiqətən də, Avropa turistlərinin təkcə Azərbaycan mədəniyyəti və tarixi ilə deyil, həm də ümumi müsəlman irsi ilə tanış olacağı, xalqınızın mədəniyyətinin tərkib hissəsi və əsası olan, habelə İslamda mühüm əhəmiyyət verilən dərin tolerantlığın şahidi olacağı bir şəhərdir. Biz istərdik ki, Bakı avropalılar, hər şeydən əvvəl, qeyri-müsəlmanlar və bütün dünya üçün müasir İslamın “vitriniolsun. Həm də sizin ölkəniz xüsusən səmavi dinlərə münasibətdə dinlərarası qarşılıqlı anlaşma üzrə nümunədir və yad nöqteyi-nəzərdən olan mülahizələri öz əsas dəyərlərini qoruyub saxlamaq şərti ilə qəbul etməyə hazırdır. Bununla bağlı biz Azərbaycanda da İslam mədəniyyəti və irsinə həsr olunmuş tədbirlər keçirməyi planlaşdırırıq”.

 

Mədəniyyət.- 2019.- 30 avqust.- S.2.