“Astana-Balet” “Məhəbbət
əfsanəsi” ilə Daşkənd səhnəsini fəth edib
Arif Məlikovun məşhur əsəri
yeni quruluşda təqdim
olunub
Özbəkistanda
keçirilən Qazaxıstan günləri çərçivəsində
“Astana-Balet” teatrının kollektivi avqustun 24-də və 25-də
Daşkəndin Əlişir Nəvai adına Dövlət
Akademik Böyük Teatrında görkəmli Azərbaycan bəstəkarı
Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletini təqdim
edib.
Məşhur xoreoqraf, SSRİ Xalq artisti Yuri Qriqoroviçin quruluş verdiyi bu sənət şedevri 1961-ci ildə Sankt-Peterburq Dövlət Akademik Mariinsk Teatrında, ardınca Moskvadakı Böyük Teatrda təqdim edildikdən sonra dünyanın bir çox səhnələrini fəth edib.
“Məhəbbət əfsanəsi”ni bu dəfə “Astana-Balet“də Qriqoroviçin köməkçiləri, Böyük Teatrın keçmiş solistləri Ruslan Pronin və Oksana Svetnitskaya səhnələşdiriblər.
“Astana-Opera”nın dirijoru Arman Urazqaliyev isə Əlişir Nəvai adına Dövlət Akademik Böyük Teatrının orkestri ilə birlikdə sənət möcüzəsi yaradıb: texniki cəhətdən yeni üslubda çıxış edən musiqiçilər ifa etdikləri əsərin dərinliklərinə nüfuz edə biliblər.
Tamaşa ilə bağlı keçirilən mətbuat konfransında Fərhad partiyasının ifaçısı, “Astana-Balet”in ulduzu Fərhad Buriyev qeyd edib ki, ona məhz bu əsərin qəhrəmanının adını qoyublar, indi isə baletdə əsas partiyanı ifa etmək ona nəsib olub. İstedadlı artist bildirib ki, özü üçün çox yaxın və doğma olan bu obrazı ifa edərkən hər bir hərəkəti qəlbinin dərinliklərində duyub, bir çoxlarını isə özü interpretasiya edib.
“Astana-Balet” “Məhəbbət əfsanəsi”nin yeni quruluşunu Azərbaycanın və SSRİ-nin Xalq artisti Arif Məlikovun (1933-2019) doğum gününə (13 sentyabr) ithaf edib.
Tamaşa anşlaqla
keçib. Daşkənd
teatrının zalını doldurmuş
tamaşaçılar Arif Məlikovun musiqisini, “Məhəbbət əfsanəsi”nin
onilliklərdir dünya səhnələrini
fəth edən xoreorqafik quruluşunun
qazaxıstanlı artistlər tərəfindən
ifasını gur alqışlarla
qarşılayıblar.
Mədəniyyət.- 2019.- 30
avqust.- S.8.