Unudulmayan tarix
Avqustun 28-də Beynəlxalq Mətbuat Mərkəzində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı ilə bağlı hazırlanmış “1918-ci il hadisələri – unudulmayan tarix” sənədli filminin təqdimatı olub.
Film Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, “Sosial Rifah və Tədqiqatlar” İctimai Birliyinin “Azərbaycan tarixi həqiqətlərinin dünyaya çatdırılmasında innovativ vasitələrin tədbiqi” layihəsi çərçivəsində hazırlanıb. Ssenari müəllifi ictimai birliyin rəhbəri Əkrəm Bəydəmirli, məsləhətçi Nizami Abbas, rejissoru Mübariz Nağıyev, ingilis dilinə tərcümə edəni İzzət Hacıyevdir.
Filmdə 1918-ci ildə erməni dəstələrinin Azərbaycan kəndlərinə basqınlarından, Qubada yerli əhaliyə qarşı törədilən soyqırımından bəhs olunur.
Təqdimatdan sonra Ə.Bəydəmirli çıxışında qeyd edib ki, filmdə tarixi hadisələr ermənilərin regionumuza köçürülməsi, Cənubi Qafqaz əhalisinin etnik tərkibinin dəyişdirilməsi planı və bununla əlaqəli digər məqamlar xronoloji ardıcıllıqla, çoxsaylı mənbələrə istinad edilməklə təsvir olunub.
Belə filmlərin tariximizin işıqlandırılmasında və gənc nəslə çatdırılmasında əhəmiyyət kəsb etdiyi vurğulanıb. Filmin “YouTube”da yerləşdiriləcəyi diqqətə çatdırılıb.
Mədəniyyət.- 2019.- 30 avqust.- S.4.