28 illik ömürdə 2 şah əsər

 

 

“Səməd Behrənginin əsl şah əsəri – öz şahanə həyatıdır”...

 

Səksən il əvvəl Təbrizin Gerendab məhəlləsində (iki qardaş, üç bacılı yoxsul bir ailədə) doğulmuş, “ölüm məni hər an yaxalaya bilər, önəmlisi budur ki, mənim həyatım başqalarının həyatına necə təsir göstərəcəkdir” düşüncələrilə yaşamış bu nakam ədiblə tanışlığa onun öz ailə “universitet”inə məxsus bir epizodla – anası Sara xanımın xatirələrilə başlayaq:

“Yadımdadır, Səməd dünyaya gələndən bir gün öncə atası işdən çıxarıldı. Yenə ərbabla dalaşmışdı. Mən “filankəs orda 4 ildir işləyə bilir, sənsə ilin tamam olmamış, çıxarıldın” deyəndə, qayıtdı ki, mən ərbab-sərdaba kimlərdənsə casusluq etməyi bacarmıram...”

Elə bir atanın törəməsi məhz belə bir oğul olmalı idi; iyirmi səkkiz illik ömür qısalığında qocaman bir rejimi təlatümə gətirənlərdən birinə çevrilməli, 1967-ci il avqustun 31-də Araz çayında “boğulmalı”, xalqın təkidilə Təbrizin İmamiyyə qəbiristanlığında dəfn edilməli idi…

 

O faciəli avqustdan –

 

düz bir il sonra o otaylı ədibin bu taylı soydaşı Məmməd Araz Quzeyimizin Horadiz yaşayış məntəqəsi yaxınlığındakı “Arazstroy” tikintisinə həsr etdiyi “Arazın işıqları” şeirində yazacaqdı: “Araz axır yırğalana-yırğalana, Elə bil ki, bir ac dəvə yorğalana-yorğalana o yanına, bu yanına ağız atır. Dəmirtikan qırpmaq öyrən, dəvə qardaş, dəmirtikan! İşıqlar da ayrılığa öyrəşəcək, Yükünü çək, dəvə qardaş, yükünü çək...”.

Xatirəsini ağırlayan yüzlərlə nümunədən güneyli yurddaşı və dostu Əlirza Nabdil deyəcəkdi:

 

Oxudu qaranquş “ayrılıq” sözün,

Cumdu tufanlara, unutdu özün!

Düşmən tənə vursa; “Səməd hardadır”,

Əlimi sinəmə çalıb deyərəm -

Səməd könlümüzdə, ağlımızdadır!

Bir haray çəkərəm qəlbim evindən:

Axtarın Arazın Çənlibelindən!

Bu bir nağıldır ki, ellər söyləyər,

Nağılçı dayanar, söz davam edər...

 

Quzeyli soydaşı Əhməd Cəmil xatırlayacaqdı:

 

Volqada o taya-bu taya baxdım,

Araza oxşamır bu çayın rəngi,

Sənmi gücsüz idin, Arazmı dərin?

Dözdün zillətinə ağır illərin,

Ah, Səməd Behrəngi!

Sinəmi yarın və asın

Orada Buhenvald zəngi –

Oxusun Araz boyu:

Səməd Behrəngi!

Səməd Behrəngi!...

 

2009-cu ildə son kitabını çapa hazırlamış məktəb yoldaşı Sirus Mədədi “Amerikanın səsi” radiosuna hayqıracaqdı: “Behrəngi milli və İran ədəbiyyatında bir qala, bir dağ ucalığında durur! İran uşaq ədəbiyyatının banisi Səmədin vicdan-namus nişanlı həyatından, əsərlərindən bu gün də ilham alınır! Yaşadığı ömür qısalığı da onun şah əsəridir!”.

Təbrizli tədqiqatçı Qulamhüseyn Saidi isə bu saysız-hesabsız dəyər-deyimləri aforizmləşdirəcəkdi: “Səməd Behrənginin əsl şah əsəri – öz şahanə həyatıdır!”. Başqa dost-tanış-əqidədaşları davam edəcəkdi: “Azərbaycan xalqının canlı, Azərbaycan kəndlərinin bal dili”, “Milli mədəniyyətin oyaq vicdanı”, “Xaliqə üz, xalqa əl tutan”, “Səyyar müəllim”...

Məmləkətimizin bu tayında isə Güney-Quzeyarası əlaqələrin inkişafı ideologiyasına yönəlik “Səməd Behrəngi ədəbi mükafatı” təsis ediləcəkdi... 

 

Ovaxtdan-buvaxta –

 

verilən bu qiymət-dəyərlər elə-belədən deyil. Bu istedadlı ədib, milli məfkurəli publisist-jurnalist öz qələm məhsulları ilə mənsub olduğu milləti daim ayıq-oyaqlıq ayağında saxlayıb. Daim siyasi-ictimai təqiblərlə bahəm maddi sıxıntılar da yaşamış bu fədakar soydaşımız ömrünün əsas hissəsini xalqımızın Güney bölüyünün (bütövlükdə ümumtürkçülüyün) etnokulturoloji özəlliyini əks etdirən folklor nümunələrini toplamağa sərf edib.

Həyatının son 8 ilini müəllimlik və ədibliklə məşğul olub. Qısa ömür ərzində iyirmi əsər yaradıb. “Balaca qara balıq” isə onun siyasi manifestidir. Bir müddət çalışdığı qəzetlərdə (“Mehdi Azadi”, “Adinə”) çap etdirdiyi yazılarından ibarət kitabı (“Məqalələr məcmuəsi”) nəşr edilib. Fikir dostları ilə (Behruz Dehqani, Sirus Mədədi və b.) Cənubumuzun bütün kəndlərində topladıqları folklor nümunələri Azərbaycan dilində olduğuyçün çap edilməyib. İlk folklor nümunələri Təbrizdə işıq üzü görən (minbir müsibətlə və yeganə!) kitabının adı isə: “Parə-parə”!...

İbtidai təhsilini “Tərbiyyət” məktəbində alıb, Təbriz Pedaqoji Texnikumunu, Təbriz Universiteti Filologiya fakültəsinin ingilis dili şöbəsini (qiyabi) bitirib. Tələbəlik illərində “Xənde” (“Gülüş”) adlı həftəlik divar qəzeti buraxıb. Əmək fəaliyyətinə Azərşəhr (Tufarqan) mahalının ibtidai məktəblərində müəllimliklə başlayıb. Böyük sevgilərlə topladığı Azərbaycan nağıllarını fars dilinə tərcümə edərək Tehranda çapına nail olub. İlk hekayələri (“Adət”, “Binam”) iyirmi yaşında ikən dərc olunub. Sonralar “Ulduz və qarğalar”, “Çuğundursatan oğlan”, milli azadlığa həsr etdiyi “Balaca qara balıq” və digər məşhur əsərlərini yazıb. “Balaca qara balıq” İtaliyada keçirilən Beynəlxalq uşaq kitabları müsabiqəsində qızıl medala layiq görülüb, italyan, fransız, ingilis, türk dillərində nəşr edilib.

Və nəhayət, 5-də 4-nü ixtisar edibən təqdim etdiyim –

 

“Balaca qara balıq”

 

Çillə axşamı idi. Qoca Balıq dəryanın dibində törəmələrini ətrafına toplayıb belə bir nağıl danışırdı:

– Biri vardı, biri yoxdu, bir Balaca Qara Balıq vardı. Səhərdən axşama anasıyla birgə üzən bu bala balıq bir neçə gün fikrə daldıqdan sonra dilə gəldi:

– Anacan, mən daha bu yaşayışı xoşlamıram. İstəyirəm, gedim görüm, bu arx harada qurtarır. Gedib görüm başqa yerlərdə nə var, nə yox…

– Eh, balacan, bu çayın nə əvvəli var, nə axırı. Gördüyün nə varsa, elə odur.

Bu zaman onlara yaxınlaşan iri bir balıq dedi:

– Qonşu, yenə uşaqla nə höcətləşirsən?

– Eh... qonşu, gör, zəmanə necə dəyişib?! Uşaqlar analarına cip-cip öyrətməyə başlayıblar. Gör bu cırtdanın fikrindən nələr keçir?! Deyir, istəyirəm gedim görüm dünyada nələr olur?!.

Qonşu Balıq:

– Ey, balaca, sən nə vaxtdan belə filosof olubsan ki, bizim xəbərimiz yoxdur?

– Xanım, mən hər gün təkrar olunan bu gəzintilərdən cana doymuşam...

Ana Balıq:

– Bacı, bilmirəm bu balamın qulağını kim doldurub…

– Bacı, tez-tez bu uşağın yanına gəlib-gedən o pıç-pıç İlbiz yadındamı?...

– Hə, hə! Yaxşıca yadıma saldın! Görüm onu gorbagor olsun!

– Elə demə, ana! O mənim dostum idi...

Səs-küy başqa balıqları da oraya çəkib gətirdi və onlar ananın üstünə düşdülər:

– Uşağını lazımınca tərbiyələndirmədiyinçün əzab çəkməlisən!

– Sizinlə qonşu olduğumuzdan xəcalət çəkirəm!

– Bu uşaq ağzını hara qoyub? Məgər dünya elə bu dünyadan ibarət deyil?!

– Bu məlunu göndərək qoca İlbizin yanına!

Anasının “Allah, sən saxla, uşağım əlimdən gedir!” - deyə ağladığını görən Balaca Balıq pıçıldadı:

– Sən mənim günümə yox, bu geridəqalmışların halına ağla...

– Mənə rəhmin gəlsin, bala! Getmə...

Balaca Balıq heç nəyə etina etmədən uzaqlaşdı.  

Şırrandan sürüşüb gölməçəyə düşən Balaca Balıq əvvəlcə özünü itirən kimi oldu. Burada gəzişən saysız-hesabsız varlıqlar onu məsxərəyə qoydular:

– Bir bunun təhər-tövrünə baxın! Ey, de görək sən nə məxluqsan belə?!

– Mənim adım Balaca Balıqdır. Bəs siz?

– Bizim əsil-nəcabətimiz var!

– “Çömçəquyruq” deyərlər bizə!

– Dünyada bizdən gözəli tapılmaz!

– Sənin kimi yöndəmsiz deyilik!

Balaca Balıq:

– Sizin bu qədər xudpəsənd olduğunuzu bilmirdim. Amma bu sözləri nadanlıq   üzündən dediyinizə görə sizi bağışlayıram.

– Deməli, biz nadanıq?

– Nadan olmasaydınız, bilərdiz ki, hər yaradılmışın öz təhər-tövrü olur. Hə, axı siz dünyanı hardan başa düşəsiz ki, gölməçədən qırağa çıxa bilmirsiz...

– Ha, ha, ha! Məgər gölməçədən başqa dünya da var?

– Eh... zavallılar... Ananız hardadır?

Gölməçə qırağındakı daş üstdə oturmuş yekə bir Qurbağanın gur səsi onu diksindirdi:

– Burdayam, ey əsil-nəcabətsiz vücud! Nə əllaməlik edib uşaqlarımı çaşdırırsan?  Mən bir belə ömür sürmüş və görmüşəm ki, dünya elə bu gölməçədən ibarətdir!

– Bu minvalla əbədi ömür də eləsən, yenə görməyəcəksən...

Qurbağa Balaca Balığın üstünə necə cumdusa, gölməçə lərzəyə gəldi və o, bir də onda ayıldı ki, dərədən axan enli arxda çapalayır. Burada iri bir kərtənkələ qarnını günəşdən qızmış daşa sərilib hərarət ləzzəti ala-ala suyun təkində ovladığı qurbağanı didişdirən yumru xərçəngə tamaşa edirdi. Balaca Balığın gözləri xərçəngə sataşcaq bərk qorxdu və onu təzimlə salamladı. Xərçəng isə:

– Sən nə ədəbli balıqsan, – dedi. – Hə, gəl qabağa!

– Yox, mən dünyanı gəzməyə gedirəm, cənabınızın yeminə çevrilmək istəmirəm!

– Sən lap uşaqsanmış ki, baba! Mən qurbağaları başa salmaq istəyirəm ki, dünya kimin əlindədir. Sənsə qorxma, gəl qabağa!

Bu an su üzərinə nəhəng bir kölgə yayıldı. O, çoban idi. Bir an sonra çomağının gözlənilməz zərbəsilə xərçəng suyun dibinə batdı.

Sürü su içib gedəndən sonra Balaca Balıq kərtənkələni səsləyib dedi:

– Kərtənkələcan, məni nərə balıq, balıqudan və başqa yırtıcılarla çox qorxudurlar...

– Nərə balıqlar, balıqudanlar dənizdə yaşayırlar. Amma bu həndəvərdə saqqa quşuna rast gəlinir. Onların boğazının altında xeyli sututan kisə olur. Bəzən xam balıqlar o kisəyə girir və o məsələ!...

Balaca Balıq “doğurdanmı arx dənizə tökülür”, “Saqqa quşunun, balıqudanların bizimlə nə düşmənçiliyi var” kimi sual-xəyallarla yola düşdü.

Elə bir yerə çatdı ki, burada dərə enlənir, sular qabarışırdı. Birdən Rizə balıqlar onu dövrəyə aldılar:

– Ay qərib varlıq, hara belə?

– Arxın qurtardığı yerə...

– Nə arx, qadası? Əvvəla, bu, çaydır, ikincisi, sən saqqa quşunun geniş kisəsinə doğru tələsirsən?

– Bunları mən də bilirəm, ancaq getməliyəm!

Onun bu cəsarətindən ilhamlanan Rizə balıqlardan bir neçəsi Balaca Balığa qoşulmaq istədi, lakin valideynlərinin qorxusundan səslərini çıxartmadılar. 

Balaca Balıq o qədər getdi ki, axşam oldu. Bir daş altına girib yatdı. Gecəyarı ayıldı və gördü ki, Ay suya düşüb, hər yeri işıqlandırır.

O, Ayı çox sevirdi. Analı günlərdə yuvadan çıxıb onunla kəlmələşmək həsrətində olardı. Ancaq hər dəfə anası ayılıb onu yuvasına dartar, yatırardı. Bu dəfə o azad idi:

– Salam, göyçəyim Ay!

– Salam, Balaca Qara Balığım! Səninlə üz-üzə, göz-gözə olmaq necə də xoşdur! Amma, odur, böyük bir qara bulud mənə tərəf gəlir. Aramızı kəsəcək...”.

Bu “qara bulud” –

bizim ən yeni, ən ümummilli xəyal qırıqlığımızı (“bulud”u “bağ”a çevirməklə) da ehtiva edən bir rəmz...

Bəs görəsən, Quru sakini olan bu müəlliflə Su sakini olan o bədii obrazının dünyadəyişim eyniyyəti nə?...

Bəlkə, siyasətçiliyin sənətçiliyə ironiyası?...

 

Tahir ABBASLI

 

Mədəniyyət.- 2019.- 30 avqust.- S.6.