Üzeyir işığına kimlər
yığışacaq?
(II yazı)
XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının iştirakçı və qonaqları ilə tanışlığı davam etdiririk. Ötən sayımızda 18-22 sentyabr tarixinin simaları barədə oxuculara məlumat vermişdik.
Sentyabrın 23-də Azərbaycan Dövlət Akademik Filarmoniyası bu dəfə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ixtiyarına veriləcək. Azərbaycanın Xalq artisti Fəxrəddin Kərimovun idarə etdiyi konsertdə digər Xalq artisti, tanınmış pianoçu Murad Adıgözəlzadə və ifası Bakı musiqisevərlərinə də tanış olan, hazırda Lüksemburqda yaşayan rusiyalı violonçelçi Alyona Bayeva çıxış edəcəklər.
Alyona Bayeva...
Qırğızıstanın Oş şəhərində doğulub Qazaxıstanın Almatı şəhərində orta məktəbə gedən fitri istedadın sorağı Moskvaya çatanda görkəmli pedaqoq Eduard Qraç Alyonanı dinləyir və onun məsləhəti ilə ailə Moskvaya köçür. Aloyna əvvəlcə Mərkəzi Musiqi Məktəbində, sonra da Moskva Dövlət Konservatoriyasında E.Qraçın sinfində təhsil alır. 12 yaşında Almaniyada yeniyetmələr arasında beynəlxalq müsabiqədə qalib gəlir, 14 yaşında isə böyüklər arasında keçirilən T.Vronski adına violin ifaçılarının Beynəlxalq müsabiqəsində də birinciliyi əldən vermir. Təxminən on il ərzində qatıldığı bütün müsabiqələri qalibiyyətlə başa vuran Alyona dünyanın ən nüfuzlu orkestrləri ilə əməkdaşlıq edir, öz repertuarını davamlı olaraq zənginləşdirir.
Qara Qarayevin “Skripka ilə orkestr üçün konsert”ini öz repertuarına daxil etmiş, dahi bəstəkarın Bakıda və Moskvada keçirilmiş 100 illik yubiley konsertlərində bu əsəri ifa etmiş Alyona Bayeva deyir: “Bu konsertin üzərində işlədikcə onun musiqi dili səni valeh edir. Getdikcə daha çox görüb hiss edirsən, eşidirsən. Əslində, rabitəsiz sıralanmış kimi görünən notlar bir-birilə çox sıx bağlıdır. Dodekafoniyanın harmoniya qanunları fərqlidir. Onlar həm ritmi, həm də notun səslənişini əhatə edir. Qara Qarayevin tətbiq etdiyi cərgələrin texnikası, təkrarı klassik ənənədə məqbul sayılan ifadə üsulundan tamam fərqlidir. Sən bu təkrarları hər dəfə dinlədikcə, yeni bağlantılar, orkestrin səslənişində yeni mövzular tapırsan ki, bu ifaçı üçün çox maraqlıdır! Konsertin finalı hətta musiqidən uzaq dinləyiciyə də böyük zövq verir, parlaq təəssürat bağışlayır”.
XI festivalda isə
Alyona Bayeva tamam yeni əsərlər
ifa edəcək. İlk dəfə
olaraq Bakıda R.Şedrinin Violin ilə simli orkestr üçün
konser”ti (“Concerto Cantabile”) və
P.Hindemitin simli kvartet üçün “Minimax” əsəri səslənəcək.
Sentyabrın 24-də “Silk
Road” (“İpək Yolu”)
orkestri Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində
çıxış edəcək. Çinin Yunnan əyalətinin Kunmin Filarmoniya Orkestri çox gənc kollektiv olsa da, artıq öz adını xaricdə də tanıdır. İlk
konsertini 2017-ci il dekabrın 28-də
vermiş orkestr elə İpək Yolunun keçdiyi ölkələri təmsil
edən gənc və istedadlı musiqiçilərdən ibarət
beynəlmiləl kollektivi
ilə yaddaqalan layihələrə imza atıb. Bu ilin
iyun ayında Çində “Silk Road” ilə
çıxış etmiş
Əməkdar artist, dirijor
Əyyub Quliyev bu dəfə Bakıda həmin orkestri idarə edəcək. Konsert proqramında
Li Gi Minq, X.Peng, D.Şostakoviç,
İ.Haydn, R.Ştraus
kimi fərqli üslublu bəstəkarların
əsərləri səslənəcək.
Solistlərə gəlincə...
Rusiyanın Xalq artisti, tanınmış violonçel
ifaçısı, pedaqoq,
vətənində daha
çox Prezident
Vladimir Putinin dostu, iş adamı, həm də gənc musiqiçilərin
xeyriyyəçi dostu
kimi də tanınan Sergey Roldugindir.
S.Roldugin 1980-ci ildə “Praqa baharı” beynəlxalq müsabiqəsində üçüncü
mükafatı qazandıqdan
sonra daha çox konsert fəaliyyəti ilə məşğul olur. Rusiya, Almaniya, İsveçrə,
İtaliya, Fransa, Finlandiya, Böyük Britaniya, Norveç və s. ölkələrdə
keçirilən nüfuzlu
festivallarda çıxış
edir. 2006-cı ildə öz təşəbbüsü ilə
Sankt-Peterburqda yaratdığı
Musiqi evinin bədii rəhbəridir.
Hər il
Rusiyada, Avropa ölkələrində, Cənubi
Koreya və Yaponiyada ustad dərsləri verir, milli və beynəlxalq
miqyaslı müsabiqələrdə
münsif kimi iştirak edir.
Pianoçu Miroslav Kultışov
Sergey Roldugin ilə birlikdə çox səhnələri bölüşüb. 22 yaşında
P.İ.Çaykovski adına XIII Beynəlxalq
müsabiqədə qalib
gəldikdən sonra dünya şöhrətli
pianoçu Nikolay Petrov Miroslav barədə demişdi: “Miroslav Kultışovu böyük, parlaq karyera gözləyir. O, Tanrı ilə danışmağı bacaran
musiqiçidir”.
Miroslav Kultışov fortepiano və
simfonik orkestr üçün bəstələnmiş
konsertləri ifa etməyi xoşlasa da, duet olaraq yalnız həyat yoldaşı, Çaykovski
müsabiqəsində tanış
olduğu yapon Mayuko Kamio ilə
fortepiano və violin üçün
əsərlərdən ibarət
konsertlərdə böyük
şövqlə çıxış
edir.
Yeri gəlmişkən,
bu konsert proqramının üçüncü
solisti soydaşımız,
trubaçalan İsrafil
Rəsulovdur.
Sentyabrın 25-də Beynəlxalq Muğam Mərkəzi musiqisevərləri
violonçel musiqisindən
ibarət konsertə dəvət edəcək. Tanınmış violonçel ifaçısı,
bolqar əsilli Veliçka Yoçeva Azərbaycanın Xalq artisti Murad Hüseynovun
müşayiəti ilə
İ.S.Bax, S.Frank, İ.Haydn və S.Raxmaninovun əsərlərini
ifa edəcək.
Veliçka Yoçeva ali təhsilini Moskvada alıb və musiqi tənqidçilərinin fikrincə,
təhsil illərində
M.Rostropoviç və
S.Kozolupovun sayəsində
formalaşmış “rus
məktəbi”nin ən
yaxşı ənənələrini
və tədris metodlarını mənimsəyib.
Aktiv konsert fəaliyyəti ilə məşğul olan Veliçka Yoçeva həm də çox yaxşı pedaqoqdur.
Öz biliyini həvəslə gənclərə öyrədən
xanım Yoçeva bu ilin aprel
ayında Bakı Musiqi Akademiyasında da ustad dərsi
verib. Xanım Yoçeva ölkəmizə
səfəri ilə bağlı sosial şəbəkədəki hesabında
fotolar paylaşaraq, Azərbaycan bayrağının
şəklinin yanında
“Burada olmaqdan çox sevincliyəm!” kimi xoş sözlər
yazıb.
O həm Gülçöhrədir,
həm də Silva!
Bütün operetta truppalarının repertuarında
İmre Kalmanın əsərinin adının
yazılması bir şərəf məsələsidir. Bizim Akademik
Musiqili Teatr da istisna deyil.
Bir neçə ildir ki, teatrın rus truppası Avropada “Çardaş kraliçası”, rusdilli teatr məkanında isə baş qəhrəmanın adı
ilə “Silva” adlanan operettasını yenidən
bərpa edib, müvəffəqiyyətlə oynayır. Lakin sentyabrın 27-də göstəriləcək
tamaşanın fərqli
özəl cəhəti
budur ki, titul partiyanı Belarus Dövlət Akademik Musiqili Teatrının solisti, Belarusun Xalq artisti Marqarita
Aleksandroviç ifa edəcək. Öz teatrının cari
repertuarındakı 18 (!) tamaşada
əsas qadın rollarını ifa edən xanım Aleksandroviç üçün
Üzeyir bəyin adı heç də məşhur xarici bəstəkar deyil. Belə ki, soprano səsli vokalçı-aktrisa 2010-cu ildə
tamaşaya qoyulmuş
“Arşın mal alan” operettasında Gülçöhrə rolunun
əvəzsiz ifaçısıdır.
Səhnə fəaliyyəti ilə
yanaşı, həm də M.Tank adına Belarus Dövlət Pedaqoji Universitetində vokal sənətində dərs
deyən Marqarita Aleksandroviçlə səhnəni
paylaşmaq gənc aktrisalar üçün xüsusilə faydalı olacaq.
Sentyabrın 27-də Azərbaycan Dövlət Akademik Filarmoniyasının
səhnəsində isə
Türkiyənin Çukurova
Dövlət Simfonk Orkestri Azərbaycanın Xalq artisti, dirijor
Yalçın Adıgözəlovun
idarəsi ilə çıxış edəcək. Yaşına görə Türkiyənin
dördüncü simfonik
orkestri olan Çukurova orkestri xaricdə də yaxşı tanınır.
Daha çox Avropa üslublu türk klassik musiqisinin təbliği ilə məşğul olan kollektiv Bakı konsertində A.Məlikovun,
F.Əmirovun, Niyazinin,
E.İnalın, Ü.C.Erkinin
əsərlərini, həmçinin
saz üçün yazılmış və simfonik orkestr üçün işlənmiş
bəstələri ifa
edəcək. Solist türk
xalq çalğı
alətləri və orkestr üçün yazılmış əsərlərin
gözəl ifaçısı
Murat Səlim Tokaç
(tənbur) olacaq.
Elə əsərlər var ki, onları istənilən festival zamanı oynamaq mümkündür. Məsələn, A.Adanın “Jizel” baleti!... Sentyabrın 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Jizel” baleti bir daha oynanılacaq. Həmin axşam tamaşadakı əsas partiyaları Əməkdar artist Nigar İbrahimova (Jizel) və Ukraynadan dəvət edilmiş beynəlxalq müsabiqələr laureatı Stanislav Olşanski (qraf Albert) ifa edəcək. Stanislav Olşanskini Bakı tamaşaçısına geniş təqdim etməyə ehtiyac yoxdur. Dəfələrlə bizim teatrda çıxış etmiş, Bakı baletsevərlərinin sevimlisi sayılan Olşanskinin budəfəki ifasının uğurlu olacağına şübhəmiz yoxdur.
Nəhayət, ulduz kəhkəşanı ilə günlərin sonuncusu, festivalın bağlanış günü... Sentyabrın 30-da “Tembr. Kainat. Opera...” adı verilmiş konsert cavan ifaçılara parlaq çıxış etmək imkanı verəcək. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri gənc dirijor Mustafa Mehmandarovun idarəsi ilə çıxış edəcək.
Konsertdə beynəlxalq müsabiqələr laureatları Elnarə Məmmədova (Azərbaycan-Rusiya), Regina Rüstəmova (Rusiya), Cəbrail İdrisov və Ümid İsrailov (Özbəkistan), Georgi Çelidze (Gürcüstan) ilə yanaşı, Azərbaycanın güclü səsləri İlham Nəzərov və Mahir Tağızadəni də dinləyə biləcəyik. Cövdət Hacıyevdən Hendelədək ən müxtəlif dövrdə yaşamış bəstəkarların əsərlərindən ibarət konsertdə çıxış edəcək vokalçıları bir məqam da birləşdirir: onların hamısı Bülbül adına Beynəlxalq müsabiqənin qalib laureatlarıdır.
***
Beləcə, Üzeyir Hacıbəyli adına XI Beynəlxalq Musiqi Festivalının ifasını eşidib seyr edə biləcəyimiz qonaqları ilə sizi tanış etmək bizdən, festivalın proqramına salınmış konsert, tamaşa və tədbirləri seyr etmək, böyük musiqi bayramından zövq almaq isə sizdən.
Gülcahan
MİRMƏMMƏD
Mədəniyyət.- 2019.- 30
avqust.- S.5.