“Muzey əşyalarının
daimi mühafizə portalı”na dair treninqlər yekunlaşıb
“Muzey əşyalarının daimi mühafizə portalı”nın təkmilləşdirilmiş proqram təminatının istifadə qaydalarına dair təqdimat-treninqlərin yekun mərhələsi noyabrın 29-da Sumqayıt şəhərində keçirilib.
Mədəniyyət Nazirliyinin Əsasnaməsinə uyğun olaraq mühafizə olunan mədəni sərvətlərin siyahısı nazirliyin rəsmi internet səhifəsində yerləşdirilməli və mütəmadi olaraq yenilənməlidir. Bununla əlaqədar nazirliyin sifarişi ilə yaradılmış “Muzey əşyalarının daimi mühafizə portalı”nın “AdZone” şirkəti tərəfindən yenilənmiş proqram təminatının istifadə qaydaları işlənilib.
Bu ilin iyun-iyul aylarında portalın yenilənmiş proqram təminatının izah edilməsi məqsədilə nazirliyin məsul nümayəndələri və müvafiq İT şirkətinin əməkdaşlarının iştirakı ilə Qəbələ, Şəmkir, Lənkəran rayonlarında, habelə Bakı şəhərində dörd mərhələdən ibarət təqdimat-treninqlər keçirilib.
Bu tədbirlərin səmərəliliyi əsas götürülərək yenidən iki mərhələdən ibarət təqdimat-treninqlərin təşkili qərara alınıb. 26 noyabr tarixində Gəncə şəhər Heydər Əliyev Mərkəzində Kürdəmir, Ağstafa, Şəmkir, Gəncə, Bərdə, Ağcabədi, Ağdaş, Şəki regional mədəniyyət idarələrinin tərkibinə daxil olan Heydər Əliyev mərkəzlərinin və muzeylərin direktor, baş mühafiz və portalla işləyən operatorlarının iştirakı ilə treninq reallaşıb.
Noyabrın 29-da isə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Sumqayıt, Xaçmaz, İsmayıllı, Sabirabad, Biləsuvar, Masallı, Lənkəran regional mədəniyyət idarələrinin tərkibinə daxil olan, habelə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və bilavasitə nazirliyin tabeliyində olan Heydər Əliyev mərkəzlərinin və muzeylərin direktor, baş mühafiz və portalla işləyən operatorlarının iştirakı ilə təqdimat-treninqlərin ikinci – yekun mərhələsi keçirilib.
Təqdimat-treninq nazirliyin
Muzey işi və mədəni
sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynova,
İnformasiya və ictimaiyyətlə əlaqələr
şöbəsinin müdir müavini Qabil Abbasov, Muzey işi və mədəni sərvətlərə
nəzarət şöbəsinin sektor müdiri Yaşar Hüseynli, Azərbaycan İstiqlal
Muzeyinin direktoru vəzifəsini
müvəqqəti icra edən Sədi Mirseyibli və muzeyin baş fond mühafizi
Aida Axundova, “AdZone” şirkətinin layihə meneceri Barat Qubatovun, həmin şirkətin
proqramçısı İlham
Kazımovun iştirakı ilə gerçəkləşib.
Mədəniyyət.- 2019.- 4
dekabr.- S.2.