“Cafe General Lavine” müasir musiqi layihəsi maraqla qarşılandı
Azərbaycan Dövlət Akademik Filarmoniyasında müasir
musiqi əsərlərindən
ibarət “Cafe General Lavine”
adlı konsert proqramı təqdim olundu.
Noyabrın 29-da gerçəkləşən proqramdan əvvəl musiqişünas Sara Muradova
çıxış edərək
gecədə K.Debüssi
və A.Şönberqin
əsərlərinin ifa
olunacağını dedi,
onların xüsusiyyətlərindən
söz açdı.
Bildirdi ki, proqramda K.Debüssinin
3 noktürn silsiləsindən
“Pəri”, “Buludlar”, “Şənlik” əsərləri
yer alıb.
“Buludlar” noktürnü
Moskva Dövlət Konservatoriyasının professoru,
Azərbaycanın Xalq
artisti Fərəc Qarayev tərəfindən
solo alətlər ansamblı
üçün işlənib. Eyni zamanda
bəstəkar bura fransız şairi Stefan Mallarmenin sözləri əsasında vokal partiya da əlavə
edib.
Sara Muradova gecədə
“Cafe General Lavine” əsərindən
“Üç prelüd”
(“Kanope”, “Atəşfəşanlıq”,
“General Lavine ekssentrik”)
əsərinin səslənəcəyini
və bu əsərin də Fərəc Qarayev tərəfindən simfonik
orkestr üçün
yenidən işləndiyini
diqqətə çatdırdı. O da bildirildi ki, əsərin premyerası ötən ilin noyabr ayında Moskvada Kremlinin Böyük konsert zalında keçirilib.
Sonda qeyd edilən əsərlər
səsləndi və alqışlarla qarşılandı.
Konsertin ikinci hissəsində
atonal musiqinin və 12
tonlu kompozisiyanın pioneri sayılan A.Şönberqin “Aylı Pyero” vokal silsiləsi
təqdim olundu. Vaxtilə
bəstəkarın “İntizar”
monodramını və
violin konsertini kamera tərkibi üçün
işləyən Fərəc
Qarayev bu dəfə əksinə olaraq orijinalda beş alət
üçün nəzərdə
tutulan Jironun şeirlərinə “Aylı
Pyero” vokal silsiləsini simfonik orkestr üçün hazırlayıb. 2018-ci ildə İsveçdə
premyerası olan əsər “Universal Edition” nəşriyyatına
göndərilib. Nəşriyyat öz növbəsində
əsəri mərhum
bəstəkarın ailəsinə
yollayaraq Fərəc Qarayevin işini əsərin gələcək
ifası üçün
müsbət rəy kimi dəyərləndirib.
Xalq artisti XX əsrin ən mühüm partituralarından hesab edilən bu əsər üzərində
gərgin iş aparıb. Burada həssaslıq tələb
edən nüans Şönberq musiqisinin böyük orkestrdə belə orijinalla ziddiyyət təşkil etməməsi idi. Buna görə də
yeni versiyada bütün alətlərin
solosu dəyişilməz
qalıb, hətta hər bir notun
xarakteri qorunub. F.Qarayevin sözləri ilə desək, böyük simfonik orkestr Şönberqin 1912-ci ildə
qoyduğu qaydalara əsasən əsəri ifa edən iki
kamera ansamblına çevrilir.
“Cafe General Lavine” konsert
proqramı Azərbaycan
Dövlət Simfonik Orkestrinin ifasında təqdim olundu. Dirijor Əməkdar
artist Fuad İbrahimov,
solist Fəridə Məmmədova (soprano) idi.
Proqram tamaşaçıların böyük
alqışları ilə
sona yetdi.
Qeyd edək
ki, Azərbaycan dinləyicisinin müasir musiqi konsertlərinə marağının artmasında
F.Qarayevin bədii rəhbəri olduğu və ilk dəfə
2007-ci ildə keçirilən
“Zamanla üz-üzə”
müasir musiqi layihəsinin xüsusi rolu var.
Lalə AZƏRİ
Mədəniyyət.- 2019.- 4
dekabr.- S.3.