55 yaşı ərəfəsində yenidən
parlayan “Ulduz”
Məşhur filmin rəqəmsal
formatda yenilənmiş
versiyası təqdim edildi
2020-ci ildə “Ulduz”
filminin ekranlara çıxmasının 55 illiyi
qeyd olunacaq. “Balans” milli rəqəmsal
studiyası xalqın sevgisini qazanmış, ən baxımlı filmlərdən biri olan “Ulduz”u 55 illik yubileyi münasibətilə bərpa
edib.
Dekabrın 3-də Nizami Kino Mərkəzində
“Ulduz” bədii filminin yenilənmiş versiyası tamaşaçılara
təqdim olundu.
Təqdimatdan öncə “Ulduz”
filminin Yetəri – Əməkdar
artist Suğra Bağırzadə
media nümayəndələrinin suallarını cavablandırdı.
Aktrisa Yetər obrazına necə seçilməsi haqqında
danışdı: “Mən
1959-cu ildə Moskvada Böyük Teatrın səhnəsində “Cücələrim”
mahnısını oxuyanda
operator Yuli Fogerman bu səhnəni bir arxiv materialı
kimi çəkmişdi.
Mən bu operatorun o vaxtdan yadında qalmışdım. Onu “Ulduz”
filmini çəkmək
üçün Bakıya
dəvət edəndə
filmin rejissoru Ağarza Quliyevdən məni tapmağı xahiş etmişdi. Mən isə o vaxt kinostudiyada aktrisa kimi filmlərin səsləndirilməsində korifey
sənətkarlarla birlikdə
çalışırdım. Elə oldu ki, məni
kinostudiyada çəkiliş
qrupuna dəvət edib Yetər obrazını verdilər.
Sözün düzü, filmin
rejissoru 15 yaşım
olduğunu bildiyindən
məni bu filmə çəkmək
istəmirdi. Amma Yuli
Fogerman mənə bir operator gözü ilə baxmışdı və məni çəkməkdə israrlı
idi. Hətta məni sınaq
çəkilişlərinə çağıranda demişdi
ki, çəkilişə
gələrkən hündür
daban ayaqqabı geyin, saçına düzən ver ki, böyük qız kimi görünəsən.
Elə də etdim. Məni bu rola təsdiq
etdilər”.
Təqdimat mərasimində çıxış
edən “Balans” milli rəqəmsal studiyasının rəhbəri
Vahid Mustafayev bildirdi ki, “Ulduz”
filmi Azərbaycan kinosunun incilərindən sayılır: “Gələn
il filmin 55 yaşı tamam olur. Biz də
qərara gəldik ki, filmin yenilənmiş
versiyasını hazırlayaq.
Rəqəmsallaşdırılmış filmdə bəzi
qüsurlar aradan qaldırılıb, səs
effektləri tam səlis
formaya salınıb”.
Daha sonra Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının
direktoru, Əməkdar
incəsənət xadimi
Cəmil Quliyev və filmin bəstəkarı Süleyman
Ələsgərovun nəvəsi,
Əməkdar artist Tahir
İmanov çıxış
edərək filmin yenidən bərpasına görə “Balans” milli rəqəmsal studiyasına və bu layihəyə dəstək verdiyinə görə “Səba” Açıq Səhmdar Cəmiyyətinə
təşəkkürlərini bildirdilər.
Sonda “Ulduz” bədii filminin yenilənmiş versiyası
nümayiş olundu. Kinokomediya iki
sevən gəncin saf məhəbbətindən,
eyni zamanda elmin həyatla əlaqəsindən, kəndin
qabaqcıl ziyalılarının
elmlə heç bir əlaqəsi olmayanlara, vəzifəpərəstlərə
qarşı apardıqları
mübarizədən danışır.
Qeyd edək ki, tamaşaçıların
hər zaman maraqla baxdığı
film 1964-cü ildə bəstəkar
Süleyman Ələsgərovun
eyniadlı operettası
əsasında rejissor
Ağarza Quliyev tərəfindən “Azərbaycanfilm”
kinostudiyasında ekranlaşdırılıb.
1965-ci il martın 29-da Nizami kinoteatrında “Ulduz” musiqili kinokomediyasına
ilk baxış keçirilib.
Filmdə Bəşir
Səfəroğlu, Lütfəli
Abdullayev, Nəsibə
Zeynalova, Səyavuş
Aslan, Hacıbaba Bağırov, Bahadur Əliyev və digər məşhur sənətkarlar rol alıb. Ulduz rolunu Tamilla
Rüstəmova oynayıb.
Filmin əsas
çəkilişləri Astara
rayonunda aparılıb. Bəzi kadrlar
Lənkəranda, toy səhnəsi
kinostudiyanın pavilyonunda,
ilk səhnələr isə
Mərdəkan qəsəbə
Mədəniyyət sarayında
lentə alınıb.
Nurəddin
MƏMMƏDLİ
Mədəniyyət.- 2019.- 4
dekabr.- S.1;2.