Azərbaycan və Qazaxıstanın incəsənət
muzeyləri arasında memorandum
imzalanıb
Azərbaycan Milli İncəsənət Muzeyi ilə A.Kasteyev adına Qazaxıstan Respublikasının Dövlət İncəsənət Muzeyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Mərasim MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə ötən həftə Bakıda keçirilən “Sərhədsiz incəsənət” adlı beynəlxalq seminar çərçivəsində gerçəkləşib.
Memorandumu Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor, Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev və A.Kasteyev adına Qazaxıstan Dövlət İncəsənət Muzeyinin direktoru, professor, Qazaxıstanın Əməkdar incəsənət xadimi Gülmira Şalabayeva imzalayıblar.
Sənəddə birgə elmi tədqiqat işinin aparılması, mədəni-maarifləndirici layihələrin, birgə elmi proqramların həyata keçirilməsi, işgüzar görüşlərin təşkil edilməsi, elmi informasiyanın, sənədlərin, ədəbiyyat və biblioqrafik nəşrlərin, eləcə də alim və mütəxəssislərin mübadiləsi və s. məsələlər əksini tapıb.
Tərəflər əməkdaşlıq, mədəni
irsin öyrənilməsi və geniş vüsət alması, o
cümlədən elmi və mədəni
əlaqələrin gücləndirilməsi üçün
qarşılıqlı maraqların olduğunu
vurğulayıblar.
Mədəniyyət.- 2019.- 4
dekabr.- S.4.