Sevda İbrahimovanın 80 illiyinə həsr olunmuş tədbir

 

 

Noyabrın 29-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin ev-muzeyində görkəmli bəstəkar, Xalq artisti, professor Sevda İbrahimovanın 80 illiyinə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramovanın giriş sözündən sonra muzeyin şöbə müdiri Xanım Abdinova Sevda İbrahimovanın zəngin yaradıcılıq yolu, musiqi mədəniyyətimizin inkişafında xidmətləri haqqında danışıb.

Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, musiqişünas alim, Əməkdar incəsənət xadimi İmruz Əfəndiyeva Sevda İbrahimovanın yaradıcılığı ilə bağlı ürək sözlərini bölüşüblər. Çıxışlar muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunub. Bədii hissədə Sevda İbrahimovanın əsərlərindən ibarət konsert proqramı təqdim edilib.

Sonda Sevda İbrahimovanın bacısı Solmaz İbrahimova, qohumu, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Əməkdar incəsənət xadimi, professor Sona İbrahimova çıxış edərək muzeyə təşəkkürlərini bildiriblər.

 

Mədəniyyət.- 2019.- 4 dekabr.- S.4.