Nəsiminin poetik dünyası, muğamlarımız və müasir musiqi yaradıcılığı

 

 

 

Bəşəriyyətin yaratdığı mədəniyyətlər sırasında Azərbaycan xalqının yaratdığı muğamın başıqarlı uca dağa bənzəri var. Bu ucalıqdan xalqımızın yaratdığı mədəniyyətə, ulu tariximizə, milli kimliyimizə dünya xalqları boylanaraq baxır. Fəlsəfi müdriklik, ruhun əbədiliyi, mərdlik, geniş dünyagörüşü, həzinlik və döyüşkənlik, musiqi ilə sözün yaratdığı ruhi bütövlük ilahi və bəşəri hisslərin yaranışından doğan möcüzələr aləmidir muğam. Tarixin dərin qatlarından üzü bəri sənət fədakarlığına qadir ustad xanəndələr muğamı bu günümüzə gətirdilər və xalqımıza, dünya mədəniyyətinə ilahi töhfə olaraq əmanət etdilər. Bu günbu missiya mədəniyyət sahəsində dövlətimizin apardığı siyasət sayəsində uğurla davam etdirilir.

650 illiyini qeyd etdiyimiz, fəlsəfi poeziya dünyasına heyran olduğumuz, klassik şairlər sırasında günəş kimi parlayan Seyid İmadəddin Nəsimi yaradıcılığında muğamın hansı mərtəbədə qərar tutduğunu müəyyənləşdirməyin vacibliyi sənətşünasları dönə-dönə araşdırmalara sövq edir. Nəsiminin səsə rahat oturan, dinləyicinin zövqünü oxşayan şeirləri, qəzəlləri təhlil edilir. Ustad xanəndələrimiz onları öz repertuarlarına daxil edib sevə-sevə ifa edərək dünyaya tanıdırlar.

Muğam sənətində poetik fəlsəfənin melodiki tələblərinə tam cavab verən söz dühalarından biribirincisi Azərbaycanın klassik şairi Seyid Əli İmadəddin Nəsimidir. Hərçənd, tərcümeyi-halına, özündən sonrakı ədəbi taleyinə nəzər yetirəndə görürük ki, o, bu sayğıya-şərafətə asanlıqla yetməyib...

Tarixə nəzər saldıqda XIV əsrin axırlarında bölgəmizdə baş verən hadisələrin ürəkaçan olmadığını görürük. Qafqazı növbəti dəfə fəth etmək istəyində olan Əmir Teymur, təbiidir ki, Azərbaycanın işğalını da planına daxil etmişdi. Şirvan hakimi Şeyx İbrahim Əmir Teymurla ağır şərtlər altında müqavilə bağladı və bu yolla bir müddət dövlətinin əmin-amanlığını qorumağa çalışdı. Həmin dövrdə gənc Nəsimi hələ ki, üsyankar çağırışlardan, siyasətdən uzaq aşiqanə lirikası ilə insanları sehrləməkdə idi. Qəzəlləri dərvişlərin, xanəndələrin dilindən düşmürdü.

Həsrət yaşı hər ləhzə qılır bənzimizi saz,

Bu pərdədə kim, nəsnə bizə olmadı dəmsaz.

Üşşaq måyindən qılalı işrəti-Novruz,

Ta Rast gələ çəngi-hüsåynidə sərəfraz.

Ya Çargahi lütf qıl, åy hüsnü-Büzürgü,

Küçik dəhənindən bizə, åy dilbəri-tənnaz.

Zəngulə sifət nalə qılam zar Sågaha,

Çün əzmi-hicaz åyləyə məhbubi-õoşavaz..

Çün suzə gəlib, åşq sözün qılsa Nəsimi,

Şövqündən onun cuşə gələr Sədiyi-Şiraz.

“Üşşaq”ı, “Novruzu, “Rast”ı, “Çahargah”ı, “Büzürgü, “Segah”ı belə heyranlıqla sevən ürəkləri fəth edəndə “Könlümün şəhrini çün kim eylədi yəğmayi-eşq”, “Firqətin dərdi, nigara, bağrımı qan eylədi” kimi qəzəlləri muğam üstündə məclislərdə oxunurdu...

Amma şairin həyatının bu sakit, azadə, şux axarı çox çəkmədi. Ehtimal edilən möcüzə – Əmir Teymurla Toxtamış xanın vuruşu baş tutmadı. Onlar nəinki toqquşub bir-birilərini zəiflətmədilər, əksinə, qısa zaman kəsiyində – 1385-1399-cu illərdə hər biri üç dəfə Azərbaycanı qana bələdi, xarabalığa çevirdilər. Gördüyü qorxunc səhnələr, eşitdiyi fəryad-nalələr iyirmi dörd-iyirmi beş yaşlı Nəsiminin poetik dünyasının istiqamətini müəyyənləşdirdi. Ruhu, düşüncəsi, dünyaya baxışı tamamilə dəyişdi. 1394-cü ildə Bakıda Nəimi ilə görüşərək, o dövrdə nicat yolu sanılan hürufiliyə tapındı. Ustadının amansızcasına öldürülməsindən sonra təriqətin bayraqdarına çevrildi. Nəticədə isə qələmi nikbin gözəlləmələrdən soyudu, yazı tərzinə siyasi-fəlsəfi motivlər hakim kəsildi. Məsnəvilərinə, tərcibəndlərinə ictimai ab-hava hopdu. Yaradıcılığında dərvişlərin asan əzbərləyə, çevik yaya biləcəyi yığcam tuyuğlar, dördlüklər geniş yer aldı. Qəzəlləri də kövrəkləşməklə yanaşı kəskinləşdi, mübarizə elementləri ilə cilalandı:

...Zalım oldun, zülm əkərsən yenə kəndi tarlana,

Zalımın zülmü şərindən tarlada üsyan bitər.

...Söhbət etmə, söhbət etmə, dəgmə hər nadan ilə,

Nadanın tərbiyəsindən həm yenə nadan bitər.

Beləcə, nadanlıqdan xilas yolunu, kamilliyə qovuşmağı, özünüdərki xoşbəxtliyin qızıl açarı kimi zəmanəsinə, bizə, gələcəyə təqdim etdi.

Dəfələrlə məhbəsə salınan, illərcə qəriblik keçirən, didərginlik yaşayan, fiziki ömrü işgəncəli ölümlə sonuclanan əqidə şəhidinin elə əsərləri də özü kimi yetərincə qadağalar, məhrumiyyətlər gördü. Azərbaycan əruzunun əzəmətli nümayəndələrindən biri, anadilli fəlsəfi şeirin banisi olmasına rəğmən, qəzəlləri, qitələri muğamatın formalaşıb pərvəriş tapdığı saraylara əsrlər boyu yaxın buraxılmadı. Musiqi ilə vəhdətdən kənarda saxlanıldı.

Yetmişillik mövcudluğunun son iyirmi iki ilini çıxsaq, heç sovet dönəmində də dahi şairə münasibət tam səmimi deyildi. Bir yandan saflaşıb müdrikləşməklə Allahın bəyəndiyi dərəcəyə ucalmaq mənasında işlətdiyi “Ənəlhəq” ifadəsi israrla ateizmə yönəldilərək “Mənəm Allah!” küfrünə yozulur, o biri yandan “Həqqin kəlamı məndədir, sanma məni həqdən iraqkimi Yaradana itaət bildirən misrasının əsl şərhindən qaçılırdı.

Bir çox ədəbi simalar kimi Nəsiminin də taleyinə gur işığın düşməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Heydər Əliyevin respublikaya ilk rəhbərliyi zamanı, 1973-cü ildə keçirilən 600 illik yubileyi zəminində şairin nüfuzu layiq olduğu həddə yüksəldi. Şəxsiyyəti, şeriyyəti ədəbiyyatla paralel kinoda, teatrda, rəssamlıqda, heykəltəraşlıqda əsas mövzulardan biri oldu. O cümlədən musiqiyə sirayət edib, bəstəkarların yaradıcılığında öz əksini tapdı. Haqqında vokal-xoreoqrafik poemalar, kantatalar, simfonik əsərlər yarandı, sözlərinə mahnılar, romanslar bəstələndi.

Milli ruhla bəşəri ruhu özündə birləşdirən sənət hər dövrdə, hər formasiyada aktual olurvaxtdan-vaxta ictimai çəkisini artırır. Prezident İlham Əliyevin 2019-cu ilin “Nəsimi ilielan edilməsi barədə sərəncamında vurğulandığı kimi: “Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir...”. Təqdirəlayiqdir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü, Heydər Əliyev Fondunun dəstəyi sayəsində müntəzəm olaraq keçirilən muğam müsabiqələrində Nəsimi poetikasına geniş yer verilir. Musiqi ixtisaslı orta məktəblərdə, liseylərdə, kolleclərdə, Milli Konservatoriyada, Mədəniyyət və İncəsənət Universitetində şairin yaradıcılığı kifayət qədər əhatəli tədris edilir.

Nəsiminin qəzəlləri o qədər rəngarəngdir ki, aralarında muğamlarımızın hər birinə aid seçim aparmaq olur. Həm “Tələb eylə”, “Degil”, “Bitər”, “Bəllidir” kimi, mübarizə əhval-ruhiyyəli “Çahargaha, “Rasta, “Mahur-hindi”yə, “Bayatı-Qacar”a, “Heyratı”ya münasib üsyan saçanları var, həm də “Etməgil”, “Dönməzəm”, “Xoşmudur”, “Gerçək imişkimi, yanıqlı, amma vüsala ümidliSegaha, “Mirzə Hüseyn segahı”na, “Zabul segahı”na, “Orta segaha uyğunları. Həm “Neylərəm”, “Qandasan” (Hardasan) kimi, nakam məhəbbəti tərənnüm edən “Bayatı-kürd”ə yaraşanları var, həm də “Mərhəba”, “Verməzəm” kimi nikbin ovqatlı “Şura yarayanları.

...Qərib bir yolçu qəmgin-qəmgin xəyala dalaraq üzü yoxuşa yol gedir. Yorulub taqətdən düşsə də, inadkarlıq göstərərək hərəkətlərinə, düşüncəsinə bir an ara vermir. Sanki yeriməsə düşünə bilməyəcəyindən, düşünməsə ayaqları tutulacağından qorxur. Budur, nəhayət, sonuncu aşırımdadır. Lakin onu keçərkən nədənsə sürətini birdən-birə yavaşıdır, hətta hərdən dayanıb nəfəs də dərir. Sakitliyinə, təmkininə səbəb nədir görəsən? Qarşıda işıqmı görüb? Ya sadəcə qisməti ilə razılaşıb?... Təxminən belə bir melodik məzmuna malikBayati-Şiraz” ən emosional muğamlarımızdandır. Bu cəhətinə görə qətiyyən ondan geri qalmayan Nəsimi lirikası ilə qoşalaşarkən, sözsüz ki, daha effektli olar. Şairin “Cananə mənim sevdiyimi can bilir ancaq, Könlüm diləyin dünyada canan bilir ancaq” mətləli, yaxud “Bəri gəl” rədifli, fəlsəfi çalarlarla zəngin aşiqanə qəzəllərindən istifadə etməklə, şöbədən-şöbəyə həmin obrazı dinləyicinin şüurunda canlandırmaq mümkündür. Təhlilimizi ikinci qəzəl üzərində qursaq, ilk beytlər muğamın “Bərdaşt”ına çeviklik, büsat, xoş ahəng gətirir:

Susadım vəslinə, ey çeşməyi-heyvan, bəri gəl,

Yaxma hicrində məni bunca, gəl, ey can, bəri gəl.

Firqətin şərbəti acıdır ani içəməyəm,

Ey ləbin gül şəkəri dərdimə dərman, bəri gəl.

Aşiqin tamusi yarından iraq olduğudur,

Ey camalın irəmi rövzeyi-rizvan, bəri gəl.

Növbəti şöbələrdə – “Mayeyi-Bayatı-ŞirazNişibi-fəraz”da aramlı, ahəstə, tədricən qəmginliyə səmt götürən inkişafın şahidi oluruq:

Ənbərin sünbül zülfün düşəli məndən iraq,

Qəti aşüftəyəm, ey zülfi pərişan, bəri gəl.

Könlümün həsrəti göz yaşına qərq etdi məni,

Bunca ağlatma məni, ey gülü-xəndan, bəri gəl.

Beləcə, psixoloji eniş-yoxuş başlanır.Nişibi-fərazduyğusal misralarlaMayeyi-Bayatı-Şiraz”ıBayatı-İsfahan”a bağlayır:

Kirpigin şövqi oxun bağrıma, ey can, vuralı,

Yürəyimdən gözümə hər dəm içər qan, bəri gəl.

Ardınca gələn, daha gur səs, daha şaqraq zəngulə tələb edən şöbələr – “Zil Bayatı-Şiraz”, “XavəranHüzzalmənaca hər cür yüksəkliyə boy verən Nəsimi beytləri ilə bitkinləşib sevimli, kövrək, həzinDilrüba”nı qarşılayırlar:

Firqətin qəhri məni yaxdı, göyündürdü əzim,

Mədətin qandadır ey rəhmətü-rəhman, bəri gəl.

Aləmi tutdu bu gün hüsnü-rüxün dastanı,

Afərin, hüsnünə, ey fitneyi-dövran, bəri gəl.

“Bayatı-Şiraz” muğamı çox təmkinli tərzdə tamamlanır. Şair möcüzəsinə bax ki, elə qəzəl də eyni məqamda atəşin xitablardan qurtulub, sakit məcraya toxtayır: 

Zülfü rüxsarını görməklik üçün leylü nahar,

Oxuram səbi məsani ilə Quran, bəri gəl.

Eyləmiş canını çün eşqə Nəsimi təslim,

ziyan eylər ona qeyd ilə zindan, bəri gəl.

Nəsimi şeriyyəti zamansızdır. Dünənin çətin sınaqlarından zəfərlə çıxıb, bu günsə öyrənilib dillər əzbərinə çevrilir. Sabah yenə yaşayacaq və digər şairlərimizlə çiyin-çiyinə muğamlarımızı da minilliklərə doğru daşıyacaq...

 

Ruzə İBİŞOVA

Əməkdar artist, Mədəniyyət və İncəsənət Universitetinin Muğam sənəti kafedrasının müəllimi

 

Mədəniyyət.- 2019.- 4 dekabr.- S.6.