Eksperimentlər səhnəsində
Xəbər verdiyimiz kimi, dekabrın 2-dən paytaxtda III Eksperimental Teatr Festivalı başlayıb. 18 səhnə nümunəsinə nümayiş imkanı verən festivalda bölgə teatrları da aktiv təmsil olunurlar.
Hər gün 2 seansla (14.00, 17.00) teatrsevərləri Azərbaycan Teatr Xadimləri İttifaqının böyük və Mustafa Mərdanov səhnələrində toplayan teatr kollektivləri səhnə işlərini nümayiş etdirirlər.
Festivalda ilk olaraq Gəncə Dövlət Kukla Teatrı Hans Xristian Andersenin eyniadlı əsəri əsasında “Düyməcik” adlı tamaşasını nümayiş etdirdi. Quruluşçu rejissoru Şamil Məmmədli olan birhissəli uşaq tamaşasında obrazları Səməd Xanməmmədov, Nərmin Şərifova, Nahidə Namazova ifa edirdilər.
Sonra eksperimentləri ilə yadda qalan Raulya Türkanın rejissoru olduğu “Qulluqçular” tamaşası nümayiş olundu. Jan Genetin uğursuz və yeknəsəq həyata məhkum yaşlı qadınlardan bəhs edən əsərinə komik elementlər qatmaqla onu dramatik ab-havadan çıxaran rejissorun səhnə işində rolları Olqa Arsentyeva, Milana Sokolenko və İnna İmranova oynayırdılar.
Dekabrın 3-də Qusar Dövlət Ləzgi Dram Teatrı “Üç gün, üç gecə” tamaşasını təqdim etdi. Rafiq Rəhimlinin pyesi əsasında hazırlanan (quruluşçu rejissor Laləzar Hüseynova) tamaşa iki gəncin kəskin münasibətlərindən bəhs edir. İbrətamiz məqamlarla yadda qalan tamaşada Lalə Qurbanova, Namiq Mustafayev və Kəmalə Səfərova üçlüyünün oyunu marağa səbəb oldu.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyorluq fakültəsi tələbələrinin təqdim etdiyi “Boksçu” (Kobo Abenin “Zamanın uçurumu” əsəri əsasında) tamaşası maraqla qarşılandı. Əməkdar artist Nofəl Vəliyevin quruluş verdiyi tələbə tamaşasında Hilal Dəmirov, Fərhad Quluzadə və İsrafil Tağızadə öz səhnə bacarıqlarını nümayiş etdirdilər.
Festivalın 3-cü günündə Ağdam Dövlət Dram Teatrının tamaşasına baxıldı. Teatrın paytaxt sakinlərinə sənət sovqatı Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?” əsəri əsasında səhnələşdirilən tamaşa oldu. Xalq artisti Bəhram Osmanovun quruluş verdiyi çağdaş yozumlu tamaşada rolları Kərim Həsənov, Fərhad Fərhadzadə və Fəridə Əhmədova oynayırdılar.
Festival son vaxtlar geniş vüsət almağa başlayan və teatr ictimaiyyəti arasında tanınmağa çalışan müstəqil teatr, aktyor qruplarının da fəaliyyətini izləmək imkanı verir. Dekabrın 4-də “Biganə gözəl” tamaşası göstərildi. Jan Koktonun əsəri əsasında hazırlanan tamaşaya gənc rejissor Aydan Kalman quruluş verib. Sosial münasibətlər fonunda bir-birinə laqeyd olan insanların səhnə formulunu yaratmağa çalışan tamaşada Pərvin Dadaşova və Mirqabil Ələkbərov öz səhnə bacarıqlarını nümayiş etdirdilər.
Qazax Dövlət Dram Teatrı da sənət bayramına maraqlı səhnə işi ilə gəmişdi.
Kollektiv dekabrın 5-də Xalq yazıçısı Elçinin “Cəhənnəm sakinləri” əsəri əsasında tamaşanı nümayiş etdirdi. Musa Eyyubovun quruluşunda hazırlanan tamaşada rolları İlqar Hacəliyev, Nazilə Məmmədova, Aydın Orucov oynayırdılar.
Fərqli repertuar nümunələri hazırlayan Bakı Uşaq Teatrı isə klassikaya müraciət edərək festivala “Kimdir müqəssir?” tamaşası (Ə.Haqverdiyev) ilə qatılmışdı.
Elşən Zeynallının quruluşunda hazırlanan tamaşada rolları Əliqulu Səmədov, Niyaz İlyasoğlu, İlhamə Əhmədova ifa edirdilər.
Festivalda həmçinin Dövlət Gənc Tamaşaçılar, paytaxt və Qaxın kukla teatrları, “Şahmat”, “M teatr”, “Laçın” teatr studiyası və başqa teatr qrupları iştirak edir.
Dekabrın 10-dək davam edəcək festivalda nümayiş olunacaq tamaşalara giriş sərbəstdir.
HƏMİDƏ
Mədəniyyət.- 2019.- 6
dekabr.- S.1;2.