Əbədiyyət üfüqlərində
doğan eşq
günəşi
Daşkənddə Nəsimiyə həsr olunmuş növbəti tədbir
“Nəsimi
ili” ilə əlaqədar Özbəkistandakı Heydər
Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
(AMM) də bu ölkədə silsilə tədbirlər
keçirir.
Özbəkistan Milli Elmlər Akademiyasının (ÖMEA) Nəvai adına Ədəbiyyat, Dil və Folklor İnstitutunda təşkil olunan “Mən əbədiyyət üfüqlərində doğan eşq günəşiyəm” adlı beynəlxalq elmi konfrans da bu qəbildəndir.
AMM və ÖMEA-nın birgə layihəsi ilə reallaşan beynəlxalq elmi konfransda Özbəkistan və Azərbaycanın elm, ədəbiyyat və incəsənət xadimləri, nəsimişünas alimlər iştirak edib.
Tədbirin əvvəlində institutun direktoru, professor Nizaməddin Maxmudov, ÖMEA-nın vitse-prezidenti, professor Baxrom Abduxalımov və AMM-in direktoru Samir Abbasov giriş sözü söyləyiblər.
Nizaməddin Maxmudov Nəsiminin həyatı və yaradıcılığı, haqqında söhbət açıb, böyük şairin Özbəkistanda da çox sevildiyini diqqətə çatdırıb.
Baxrom Abduxalımov bildirib ki, Nəsimi təkcə Azərbaycan xalqının yox, həm də bütün türk dünyasının, Şərqin şairidir. Şair bəşəri ideyaları təbliğ edib.
Samir Abbasov “Nəsimi ili” ilə bağlı Özbəkistanda həyata keçirilən layihələr barədə məlumat verib. Nəsiminin qəzəllərinin özbək dilinə tərcümə olunduğu və Daşkənddə nəşr edildiyi, şairin Özbəkistanda saxlanılan əlyazmalarının tapıldığı diqqətə çatdırılıb.
Sonda o, dahi Nizami Gəncəvinin özbək dilinə tərcümə olunmuş və yeni çapdan çıxan “Xəmsə”sinin xüsusi nəşrini iştirakçılara təqdim edib. Nizami Gəncəvinin “Xəmsə”sini tarixdə ilk dəfə olaraq bütövlükdə özbək dilinə tərcümə edən Özbəkistanın Xalq şairi Camal Kamala üzərində dahi Nizaminin rəsmi olan xalça hədiyyə edilib.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyevanın “Nəsimi və XV əsr özbək ədəbiyyatı” mövzusundakı məruzəsi maraqla qarşılanıb. Alim bildirib ki, Nəsimi istər dini, istər fəlsəfi, istərsə də irfani hürufi, təfsirçi şəxsiyyətini şeirlə ifadə edib. Məruzəçi bir sıra ölkələrdə Nəsiminin təsiri ilə şeirlər yazan şairlərdən də danışıb: “Bu sırada Özbəkistan bədii söz ustaları da var. Bu təsir dairəsi Lütfi, Hafiz Xarəzmidən başlayır və XX əsrə qədər davam edir”.
Tədbirdə daha
sonra akademik Tura Mirzəyev, Xalq şairi Camal Kamal, filologiya elmləri doktoru İbroxim Xakkulov, AMEA Füzuli
adına Əlyazmalar İnstitutunun
bölmə müdiri, filologiya
elmləri namizədi Kərimulla Məmmədzadə,
İsmayıllı Regional Mədəniyyət
İdarəsinin rəisi Elnur Hüseynov və başqaları
çıxış ediblər.
Mədəniyyət.- 2019.- 6
dekabr.- S.3.