Muzeydə Xalq artisti Əminə Dilbazinin xatirəsi yad olunub

 

 

Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli rəqs ustası, Xalq artisti Əminə Dilbazinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək unudulmaz sənətkarın həyat və yaradıcılığı haqqında məlumat verib. Bildirib ki, Əminə Dilbazi Azərbaycan rəqs sənətinin çoxəsrlik ənənələrinin qorunub yaşadılmasında müstəsna xidmətlər göstərib. Xalq artisti bir sıra filmlərdə rəqslərə quruluş verib. O, Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində oynanılan “Dədə Qorqud”, “Azərbaycan toyu”, “Bir bağçanın gülləri” rəqs tamaşalarının əsas ifaçılarından biri olub. Onun oynadığı “İnnabı”, “Tərəkəmə”, “Vağzalı”, “Turacı”, “Naz eləmə” rəqsləri xüsusilə məşhurdur.

Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Təranə Muradova çıxış edərək sənətkarın uzunmüddətli fəaliyyəti ərzində daim yüksək səhnə mədəniyyəti nümayiş etdirməsindən, fitri istedadı və bənzərsiz ifaçılıq imkanlarından danışıb. Bildirib ki, Əminə Dilbazinin sayəsində Azərbaycan xalq rəqslərinin qiymətli nümunələri yeni çalarlar qazanıb.

Muzeyin şöbə müdiri Xanım Abdinova Əminə Dilbazinin milli rəqslərimizin təbliği və inkişafında əvəzsiz xidmətlərindən söz açıb.

Tədbirdə Əminə Dilbazinin sənət dostları və yetirmələri sənətkarın yaradıcılığı haqqında çıxış edib, onunla bağlı xatirələrini bölüşüblər.

Bakı Xoreoqrafiya Akademiyası tələbələrinin ifasında Əminə Dilbazinin quruluş verdiyi rəqslərdən ibarət konsert proqramı təqdim edilib.

Xalq artistinin ailəsi adından oğlu Mikayıl Hacıyev çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib.

 

Mədəniyyət.-2019.- 6 dekabr.- S.5.