Pirallahıda “Muğam dünyasına səyahət”

 

 

Dekabrın 4-də Beynəlxalq Muğam Mərkəzi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Pirallahıda yerləşən Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində “Muğam dünyasına səyahət” layihəsinin  növbəti konserti keçirildi.

Konsert proqramında Muğam televiziya müsabiqəsinin laureatları, gənc xanəndələr Elgiz Əliyev, Könül Xəlilzadə və Məhəbbət Səfərovun ifasında “Bayatı-Şiraz”, “Mahur”, “Şur” muğamlarından şöbələr və xalq mahnıları sakinlər tərəfindən böyük maraq və alqışlarla qarşılandı.

Tədbirin sonunda Mədəniyyət Mərkəzinin bədii hissə müdiri Esmira Aslanova çıxış edərək konsertin təşkilatçılarına təşəkkürünü bildirdi. O, konserti qəsəbə sakinləri üçün böyük bir hədiyyə kimi dəyərləndirdi, tamaşaçılar sırasında məktəblilərin də olduğunu vurğulayaraq muğam sənətimizin gənc nəslə təbliği baxımından əhəmiyyətini xüsusi qeyd etdi.

Qeyd edək ki, bu ilin iyul ayından start götürən “Muğam dünyasına səyahət” layihəsinin məqsədi Azərbaycan muğamlarını təbliğ etmək, muğamın fəlsəfi dünyasından bəhrələnmək və tamaşaçıların asudə vaxtının səmərəli təşkilidir.

Layihə çərçivəsində Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində, Maştağa qəsəbəsi H.Abbasov adına Mədəniyyət Mərkəzində, Qobustan Mədəniyyət evində, Binəqədi Mərkəzi Mədəniyyət evində, Suraxanı rayonu Q.Abbasov adına Mədəniyyət Sarayında, Nardaran qəsəbə Mədəniyyət Mərkəzində keçirilən konsertlər rəğbətlə qarşılanıb.

 

LALƏ

 

Mədəniyyət.-2019.- 6 dekabr.- S.5.