Qarabağ xalçaları ABŞ-da sərgilənir

 

 

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti ilə ABŞ-Azərbaycan Ticarət Palatası arasında imzalanan niyyət protokoluna uyğun olaraq, ABŞ-da Azərbaycan xalçalarına həsr edilmiş tədbirlərin keçirilməsinə başlanılıb. Dekabrın 3-də ticarət palatasının Vaşinqtondakı inzibati binasında Azərbaycan xalçalarından ibarət sərgi açılıb. Sərgi Azərbaycanın ABŞ-dakı səfirliyinin dəstəyi ilə gerçəkləşib.

Palatanın icraçı direktoru Natiq Baxışov qonaqları salamlayaraq sərgi haqqında məlumat verib.

Ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov sərginin mədəniyyətimizin və incəsənətimizin təbliğ edilməsi baxımından əhəmiyyətini vurğulayıb, xalçaların əsasən Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş bölgələrindən olan məcburi köçkün xanımlarımız tərəfindən toxunması faktını xüsusilə qeyd edib.

“Azərxalça” ASC İdarə Heyəti sədrinin müavini Orxan Rzayev çıxış edərək milli xalçaçılıq tarixindən danışıb, bu sənətin dövlətin xüsusi qayğısı ilə yaşadıldığını və inkişaf etdirildiyini bildirib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2016-cı ildə yaradılan “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin hazırda 21 filialı fəaliyyət göstərir. Bu filiallarda indiyədək 13 min kvadratmetrdən çox xalça toxunub.

Vurğulanıb ki, Azərbaycan dövləti tarixi xalçaçılıq mərkəzi olan Qarabağda xalça fabriklərinin yaradılmasına xüsusi önəm verir. Bu həm məcburi köçkünlərin işlə təmin olunması, həm də Qarabağ xalçalarının yaşadılması baxımından olduqca əhəmiyyətli məsələdir. “Azərxalça”nın Qarabağ bölgəsində 4 xalça istehsalı emalatxanası – Füzuli, Ağdam, Tərtər və Cəbrayıl filialları fəaliyyət göstərir. Füzuli rayonundakı emalatxana Horadiz şəhərində, Ağdamdakı xalça fabriki Quzanlı qəsəbəsində yerləşir. Cəbrayıl rayonu işğal altında olduğundan “Azərxalça”nın Cəbrayıl filialı bu rayon sakinlərinin müvəqqəti məskunlaşdığı Biləsuvar rayonu ərazisində yaradılıb.

Bildirilib ki, Qarabağda toxunan xalçalar, bu xalçalarda öz əksini tapan naxışlar da göstərir ki, bu tarixi yurd yerimiz həm də Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biridir. Qarabağda mövcud olan çoxsaylı sənət sahələri içərisində aparıcı yeri xalçaçılıq tutub. Azərbaycan dövləti Qarabağ xalça sənətini yaşadaraq əvvəlki şöhrətini özünə qaytarır.

Sonra sərgiyə baxış olub.

Tədbirdə ABŞ-da yaşayan soydaşlarımız, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta, bu ölkənin ictimai xadimləri iştirak ediblər.

“Azərxalça” ASC ilə ABŞ-Azərbaycan Ticarət Palatasının birgə tədbirləri davam etdiriləcək.

 

Mədəniyyət.-2019.- 6 dekabr.- S.8.