Şöhrəti elləri dolaşan
saz-söz ustadı
Azərbaycan aşıq sənətində özünəməxsus dəst-xətti olan sənətkarlardan biri də ustad aşıq Hüseyn Bozalqanlıdır. Görkəmli saz-söz xiridarının ifası bir yana, poetik nümunələrində xalqımızın adət-ənənəsi, sevinci, kədəri və ictimai dərdləri sənətkarlıqla əks olunub.
Hüseyn Məşədi Cəfərqulu oğlu Bozalqanlı 1862-ci ildə indiki Tovuz rayonunun Bozalqanlı kəndində dünyaya göz açıb. Molla Səməd adlı axundun məktəbində üç il təhsil alır, ərəb və fars dillərini öyrənir. Erkən çağlardan poeziyaya maraq göstərir, on iki yaşında ilk şeirini qələmə alır. Aşıq sənətinə hədsiz marağı onu el şənliklərinə sövq edir. Məclis aparan ustad sənətkarları dinləyir. Bir müddət sonra özü də saz çalmağı öyrənir. Üç ay Aşıq Məmmədquluya şəyirdlik edir. Aydın, şaqraq və məlahətli səsi xalq arasında sevilir. Doğulduğu kəndi özünə təxəllüs götürür.
Aşıq Hüseyn Bozalqanlı tanınmış el sənətkarı və sağlığında klassikləşən aşıqlardan olub. Gözəl saz ifaçılığı ilə yanaşı, dəyərli bədii nümunələr yaradıb. El sənətkarının şöhrəti ölkəmizin hər guşəsinə yayılıb. Aşıq bu barədə “Qırmızı” rədifli qoşmasında yazır:
Aşıq Hüseyn, telli sazdır əlində,
Hər suala cavabı var dilində.
Adı bəlli Azərbaycan elində,
Dolanmışam hər obanı qırmızı.
O, klassik aşıq şeirimizin görkəmli
sənətkarları Dirili
Aşıq Qurbani, Abbas Tufarqanlı, Molla Pənah Vaqifin yaradıcılığını
mükəmməl öyrənib.
Aşıq poeziyasının
əksər janrlarında
şeirlər qələmə
alıb, həmçinin
“Qara Tanrıverdi”, “Nəriman”, “Xanlar”, “Hacı Tağı” dastanlarını yaradıb.
Sənətkar “Koroğlu” dastanının
ən kamil bilicilərindən hesab olunub. Dastanın “Koroğlunun Toqat səfəri”, “Bağdad səfəri”, “Həmzənin
Qıratı qaçırması”,
“Koroğlunun vuruşması”
və s. qolları Aşıq Hüseynin dilindən yazıya alınıb.
Araşdırmalardan məlum olur ki, Aşıq
Hüseyn dövrünün
çox məşhur
sənətkarı Aşıq
Ələsgər ilə
yaxın dost olub. Bənzərsiz yaradıcılıqları ilə aşıq sənətinə dəyərli
töhfələr bəxş
ediblər. Yaşadığı dövrün çətinlikləri
onları bir-birlərinə
çox yaxınlaşdırıb.
Təəssüf ki, hər iki aşığın tarixi görüşü
qələmə alınmayıb.
Ancaq dildə-ağızda gəzərək
yaddaşlarda yaşayıb.
Mənbələrdə qeyd olunur ki,
Aşıq Hüseyn Bozalqanlı hazırcavablığı
və özünəinamı
ilə diqqət çəkib. Aşıqlarla deyişəndə heç vaxt sözünü birinci deməz, rəqibinə fürsət verərmiş.
Bədahətən şeir söyləmək
qabiliyyəti Xalq şairi Səməd Vurğunda ona qarşı rəğbət
doğurur və onu “Əli qılınclı
şair” adlandırıb.
Səyyad
olub ov bərəsin
keçəndə,
Yaxşı yerdə yaxşı gözlə, yaxşı yat.
Ovun gəlib bərəsinə
çatanda,
Sərvaxt dayan, dürüst tuşla, yaxşı at...
Sənətkar yaşadığı dövrdə
baş verən hadisələrə də
həssaslıqla yanaşıb. 1905-ci ildə ermənilərin xalqımıza qarşı
həyata keçirdiyi
soyqırımı, talançılıq
əməllərinə üsyan
səsini qaldırıb.
Zəngin dünyagörüşünə
malik olan aşığın bənzərsiz
yaradıcılığında fəlsəfi fikirlər, ibrətamiz nəsihətlər
hər kəsdə dərin maraq doğurub.
1937-ci ildə Aşıq
Hüseyn Bozalqanlı
Azərbaycan Yazıçılar
İttifaqına üzv
olur. İttifaqın nəzdində aşıqlar
bölməsinin rəhbəri
seçilir. Ustad sənətkar
I və II Aşıqlar
qurultayının, Moskva
şəhərində keçirilən
Azərbaycan ədəbiyyatı
və incəsənəti
ongünlüklərinin iştirakçısı
olur. Azərbaycan aşıq sənətinin
inkişafında xidmətləri
yüksək qiymətləndirilən
sənətkar “Şərəf
Nişanı” ordeni və fəxri fərmanla mükafatlandırılıb.
O, 1941-ci ildə Əməkdar
incəsənət xadimi
fəxri adına
layiq görülüb.
Aşıq Hüseyn Bozalqanlı bu ulu sənətin gələcək nəsillərə ötürülməsində böyük işlər görüb. Araşdırmalarda göstərilir ki, sənətkarın on dörd şagirdi olub. Bozalqanlı Aşıq Vəli, Əlimərdanlı Aşıq Nəcəf, eləcə də Mirzə Bayramov, Ələkbər Əsgərov və digər tanınmış aşıqlar onun məktəbinin davamçıları kimi şöhrət tapıblar. Deyilənlərə görə, Aşıq Hüseyn müasirləri olan Aşıq Ələsgər, Növrəs İman, Aşıq Ağacan, Xəyyam Mirzə, Qazaxlı Mirzə Səməd, şairlər Vəli, Nəcəf və başqaları ilə deyişib. Bu deyişmələr ideya-bədii xüsusiyyətləri ilə yaddaşlarda yaşayıb.
Bilmirəm, nə dedim, yar küsdü məndən,
Coşqun çaylar kimi axdı da getdi.
Oynatdı qaşını, süzdü
gözünü,
Mənə oğrun-oğrun baxdı da getdi.
Aşıq Hüseyn Bozalqanlı 12 noyabr 1941-ci ildə vəfat edib, doğulduğu kənddə
dəfn olunub.
Savalan
FƏRƏCOV
Mədəniyyət.-2019.- 6 dekabr.-
S.6.