Ukraynada Maqomayevə həsr olunmuş müsabiqəyə yekun
vurulub
Ukraynanın Truskavets şəhərində dünya şöhrətli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş II Beynəlxalq vokal mahnı müsabiqəsi başa çatıb.
Şəhər meriyasının və Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə dekabrın 5-də 8-dək davam edən müsabiqədə müxtəlif ölkələrdən 20 gənc vokalçı iştirak edib. Yarışmada ecazkar səsi ilə münsiflər heyətini heyran edən ukraynalı gənc Roman Leşov qalib elan olunub.
Azərbaycanın Ukraynadakı səfirliyinin üçüncü katibi Təbriz Qarayev müsabiqənin yüksək səviyyədə təşkilinə görə Truskavets şəhərinin meri Andrey Kulçinsk və Ukraynada fəaliyyət göstərən Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, Xalq artisti Qurban Abbasova minnətdarlığını bildirib.
Ukraynanın xalq artistləri Qurban Abbasov, Aleksandr Dyaçenko, aktyor və müğənni Natalya Kudryaşova və digərləri çıxış edərək müsabiqənin gənc istedadların üzə çıxmasında mühüm rol oynadığını bildiriblər.
Müsabiqədə 1-ci, 2-ci və 3-cü yeri qazanan gənc
ifaçılara Truskavets şəhər
meriyası adından diplom və pul mükafatları təqdim edilib.
Mədəniyyət.- 2019.- 11
dekabr.- S.2.