Bursada qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub

 

 

 

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) nümayəndələri Türkiyənin Bursa şəhərinin Osmanqazi Bələdiyyəsinin dəvəti ilə bu şəhərdə səfərdə olublar.

Səfər çərçivəsində Bursa Osmanqazi Bələdiyyəsinin tabeliyində fəaliyyət göstərən müxtəlif profilli mədəniyyət müəssisələrinə baxış keçirilib. Bələdiyyənin Mədəniyyət idarəsinin nəzdində biçmə-tikmə, marketinq, dil, özünü düzgün ifadə etmə, rəsm, satış, ebru, çinis. dərnəklər fəaliyyət göstərir.

Mədəniyyət idarəsinin işçilərinə MEMİM-in direktoru Asif Usubəliyev tərəfindən Azərbaycanda mədəniyyət sahəsində görülən işlər barədə ətraflı məlumat verilib. Bələdiyyə Mədəniyyət idarəsinin müdiri Kenan Kır ölkələrimiz arasında qardaşlıq münasibətlərinin qorunmasında mədəniyyət sahəsinin önəmini qeyd edərək bu istiqamətdə mərkəzlə işgüzar əlaqələrin yaradılmasında maraqlı olduqlarını bildirib.

Səfər zamanı Osmanqazi bələdiyyə başqanının birinci müavini Cem Kürşat Həsənoğlu ilə də görüş keçirilib. Görüşdə kütləvi tədbirlər ilə yanaşı, birgə elmi konfransların da təşkili barədə fikir mübadiləsi aparılıb.

Bələdiyyə tərəfindən Ördekli Mədəniyyət və Sənət Mərkəzinə, “Panorama 1326” Bursa Fetih Muzeyinə və şəhər kitabxanasına ziyarət təşkil olunub, həmin müəssisələrin fəaliyyəti barədə məlumat verilib.

Danışıqlar zamanı Bursa şəhərində yerləşən mədəniyyət müəssisələrinin Azərbaycanın müxtəlif rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələri ilə əməkdaşlıq əlaqələrinin yaradılmasının vacibliyi vurğulanıb. MEMİM ilə Bursa Osmanqazi Bələdiyyəsi arasında əməkdaşlıq çərçivəsində mədəniyyət işçiləri üçün qarşılıqlı təlimlərin təşkilinə dair razılığa gəlinib.

 

Mədəniyyət.- 2019.- 11 dekabr.- S.4.