Gözəl pedaqoq, musiqiçi, rəssam
Tarixən Azərbaycan xalqı öz istedadlı xanımları – şairləri, rəssamları, bəstəkarları ilə fəxr etmişdir. Öz yaradıcılıqları ilə milli mədəniyyətimizin keşiyində duran Azərbaycan qadınının ünvanına həmişə uca sözlər deyilmişdir. Millətimizin, milli mədəniyyətimizin tərəqqisi naminə bugünkü nəsil Azərbaycan gəncliyi milli mədəniyyətimizi zənginləşdirmiş xanım sənətkarlarımızı tanımalıdır.
XX əsr Azərbaycan incəsənətində özünün əvəzolunmazlığı ilə seçilən, azərbaycanlı qadın rəssamlar arasında ilk Əməkdar incəsənət xadimi adı almış Reyhan xanım Topçubaşovanın gözlərində böyük bir dövrün zəngin mənzərəsi canlanır. Onun xatirələr dünyasına müxtəlif tərəflərdən cığırlar enir. Bu cığırlar çox keşməkeşli, çox dolanbac və çox mənalıdır.
“Azərbaycan qadını” jurnalının 1946-cı il 4-cü sayında Reyhan xanımın özü və yaradıcılığı haqqında yazdığı bir məqalədə oxuyuruq:
“Mən 15 dekabr
1905-ci ildə anadan olmuşam. Uşaqlığımdan bütün vaxtımı
şəkil çəkməyə
və sevdiyim musiqiyə sərf edirdim. Xırda yaşlarımda ancaq
karandaşla çəkirdim.
Xatırlaya bilmirəm nə
üçün rənglə
deyil, karandaşla çəkirdim; yəqin ki, bu hal
rəng ilə çəkməyi bacarmadığımdan
irəli gəlmişdir”.
Reyhan xanım
ilk təhsilini tanınmış
Bakı milyonçusu,
xeyriyyəçi Hacı
Zeynalabdin Tağıyevin
Bakıda açdığı
Qızlar məktəbində
almışdır. Özünün dediyi kimi, uşaqlıqdan
həm yaxşı rəsmlər çəkir,
həm də musiqiylə məşğul
olurdu. Ən böyük və
çoxdankı arzularını
içində boğa
bilməyən Reyhan xanım 1923-cü ilə kimi pedaqoji sahədə
çalışmaqla yanaşı,
konservatoriyanın fortepiano sinfində
təhsil alır.
Lakin oğlu İbrahimin dünyaya gəlişi ilə bağlı olaraq təhsilini yarımçıq saxlayır.
İlk ixtisas təhsili yarımçıq
qalanda Reyhan xanım həyatda çox bədbinləşmişdi. Xüsusən peşəkarların işlərinə
baxanda rəssamlığa
başlamağına artıq
gec olduğunu düşünürdü. Lakin daxilində günü-gündən
alovlanan sənət sevgisi gənc xanımı professorların
bu sahə üzrə mühazirələrinə
gətirir.
Həmin mühazirələri dinlədikdən
sonra Reyhan xanım elə onların mövzusuna uyğun rəng və tuşla tablolar çəkməyə
başlayır. Beləliklə, rəssamlığa olan daxili istək
və həvəsi 25
yaşlı sənət
vurğununu yenidən
rənglərin sehrli dünyasına qaytarır.
Reyhan xanım
1933-cü ildə imtahan
verərək görkəmli
Xalq rəssamı Əzim Əzimzadənin rəhbərlik etdiyi Rəssamlıq Texnikumunun
3-cü kursuna daxil olur, texnikumu 1935-ci ilin iyun ayında
əla qiymətlərlə
başa vurur. Elə həmin
dövrdən də peşəkar sənətdə
inamlı işinə
başlayır.
Reyhan xanım
Topçubaşova yaşadığı
zamanın özünəməxsus
tarixi bir keçid dövrü olduğunu yaxşı başa düşürdü. Mənsub olduğu
xalqın həyatında
baş verən dəyişiklikləri, əlamətdar
hadisələri əsərlərində
əbədiləşdirməyə çalışır və
bütün bunlara inadkar bir inamla
nail olurdu. Üstündən illər keçməsinə
baxmayaraq əsərləri
öz bədii-estetik dəyərini itirməyən
rəssam müəllimi
Əzim Əzimzadənin
realist üslubunu, sənətkarlıq
xüsusiyyətlərini davam
etdirmişdir.
1936-cı ildən etibarən
Reyhan xanım Azərbaycan rəssamlarının
sərgilərinə qatılmağa
başlayır. İlk sərgidə gənc
qadın rəssamın
“Toy” adlı çoxfiqurlu
əsəri nümayiş
olunur. Reyhan xanımın diplom işi olan bu
əsər hazırda
R.Mustafayev adına
Azərbaycan Milli İncəsənət Muzeyində
mühafizə olunur. Bu əsərdə müəllif Azərbaycan
xalqının milli adət-ənənələrini, etnoqrafik əlamətlərini
əks etdirən qədim toylardan birini təsvir etmişdir. Əsərin
məzmunu belədir:
“Toyxanadır, burada ancaq musiqiçilər və qadınlar göstərilir. Ortada gəlin ayaq
üstə durmuş,
üzü zərli örtüklə örtülmüşdür.
Məclisdə bir qadın
oynayır və sazəndələr üçün
“şabaş” yığır”.
Bu əsərdə 15 sulu boya rəsm etüdü verilmişdi. Bütün fiqurlar milli
toy geyimlərində göstərilir.
Reyhan xanım özü dəfələrlə belə
toyların iştirakçısı
olduğundan bu əsər orijinal olaraq diqqəti cəlb etməkdədir.
Mütəmadi olaraq sərgilərdə
iştirak edən Reyhan xanım qadın rəssamların əsərlərindən ibarət
ənənəvi sərgilərin
təşəbbüskarı olmuş və ilk belə sərgini 1938-ci il martın
8-də təşkil etmişdir.
Müharibə illərində Reyhan xanım Topçubaşova
sırf yaradıcılıq
işləri ilə yanaşı, Rəssamlar İttifaqının rəhbərliyində
də çalışırdı. İttifaqın idarə heyəti sədrinin müavini vəzifəsini daşıyırdı.
Müəllimi Ə.Əzimzadənin sənətkarlıq
xüsusiyyətlərini davam
etdirən Reyhan xanımın ilk böyük
əsəri “Köhnə
Bakı küçəsi”
tablosudur. Milli İncəsənət Muzeyində mühafizə
olunan bu əsəri rəssam tələbəlik illərində
yaratmışdı. Bu
işində köhnə
Bakının bəzi
küçələrində gördüyü epizodları
rənglərə köçürmüşdü.
Məktəbdən yayınan
uşaqların arşın
malı, xalça və s. satılan dükanlar qarşısında əyləşərək
küçə əyləncələri
ilə məşğul
olduqlarını təbii
və canlı şəkildə təsvir
edən Reyhan xanımın bu əsəri dəfələrlə
Azərbaycan sərgilərinin
bəzəyi olmuşdur.
Hazırda Milli İncəsənət
Muzeyinin daimi ekspozisiyasında nümayiş
olunan balerina Qəmər Almaszadənin
portreti də rəssam Reyhan xanımın novator istedadının məhsuludur. Əsər 1939-cu ildə çəkilib.
Elə o
vaxtdan da müxtəlif sərgilərdə
nümayiş etdirilib.
Reyhan xanımla Qəmər xanım hələ orta məktəbdən bir-birini tanıyırdılar.
Bu tanışlıq sonralar dostluğa çevrilmişdir. Teatr aləminə
gəldiyi ilk gündən
Azərbaycan baletini şöhrətləndirən Qəmər
xanım məhz öz istedadı ilə Reyhan xanımın diqqətini cəlb etmişdi. Elə buna görə də bu əsər
rəssamın ən uğurlu işlərindən
biri sayılır.
Xüsusi ustalıqla yaradılmış
“Qəmər Almaszadənin
portreti” uzun illərdən bəri sənətsevərlərin diqqətindədir.
Azərbaycan təsviri sənətinin inkişaf tarixində xüsusi xidmətləri olan Reyhan xanım
Topçubaşova həm
də milli geyimlərimizin bacarıqlı
bilicisi kimi mahnı və rəqs ansamblları üçün geyim eskizləri hazırlamışdı. Eyni zamanda
teatr və digər incəsənət
müəssisələri üçün
yüzlərlə geyim
eskizi çəkmişdi.
Onun yaradıcılığında
dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami
Gəncəvinin “Xəmsə”sinə
həsr edilmiş rəsmlər xüsusi yer tutur. Bu əsərlərin baxımlılığı
isə Reyhan xanımın Azərbaycan
ədəbiyyatını dərindən
bilməsi və ədəbiyyata sonsuz sevgisindən irəli gəlir.
Böyük satirik şair Mirzə Ələkbər
Sabirə həsr olunmuş əsərini də Reyhan xanım Topçubaşova
həvəs və istedadla yaratmışdı. Əsər yarandığı
ilk dövrlərdən keçmiş
Partiya Tarixi Muzeyində yerləşdirilmişdi.
Rəssam bu kompozisiya üzərində
işləməmişdən əvvəl şairin həyatı və yaradıcılığı ilə
yaxından tanış
olmuşdur. Əsərdə Sabiri əhatə
edən mühitin nə qədər ağır olduğu qabarıq tərzdə göstərilmişdir.
Reyhan xanımın
yaradıcılığı keçmiş totalitar sovet ideologiyasının müəyyən təsirlərindən
kənar deyildir. Rəssamın
“Azərbaycan qadınlarının
birinci nümayişi”,
“1920-ci ildə Bakı
Sovetinin təntənəli
yığıncağı”, “Birinci azərbaycanlı qadın təşviqatçı
Mina xala”, “Azad olmuş
azərbaycanlı qadının
xilaskarının portretini
çəkərkən” kimi
əsərləri bu qəbildəndir.
Çoxşaxəli yaradıcılığa
malik Reyhan xanım Topçubaşovanın
doğulub boya-başa
çatdığı torpağın
füsunkar gözəlliyini
özündə təcəssüm
etdirən bir neçə sənət əsəri - “Şahdağ”,
“Dəniz” (Mərdəkandan
görünüş), “Qayıq”
və s. rəsmlərə
qarşı həssaslığı
və duyumluluğu zərif tərzdə müşahidə olunur.
Gözəl pedaqoq, musiqiçi və rəssam Reyhan xanımın çox nümunəvi bir ailəsi olmuşdur. Həyat yoldaşı – dünya
şöhrətli alim,
həkim-cərrah, bütün
fəxri adların sahibi Mustafa bəy Topçubaşovla birgə
uzun bir ömür yaşayan Reyhan xanımın ata və anasının
başını daima
ucaldan üç övladı olmuşdur.
XX əsr Azərbaycan
təbabət elmində
və incəsənətində
özünəməxsus yeri
olan, qısa ömür yaşamış
İbrahim Mustafa bəy
oğlu Topçubaşov
bu ailənin yeganə oğlu, uzun illər Tibb Universitetinin Mama-ginekologiya kafedrasında dosent vəzifəsində
çalışmış Zemfira xanım və Azərbaycan Musiqi Akademiyasının dosenti vəzifəsində
işləmiş Elmira xanım
isə əkiz qızlarıdır.
Hərtərəfli istedad sahibi olmuş Reyhan xanım 1970-ci ildə, oğlu İbrahimin qəflətən vəfatından
cəmi 8 gün sonra, uzun sürən
xəstəlikdən sonra
çox əsərlərində
böyük ilhamla çəkib yaratdığı
və vurğunu olduğu bu dünyadan köçdü.
Azərbaycan Milli İncəsənət Muzeyinin mədəniyyətimizi inkişaf etdirmək, zənginləşdirmək, gələcək nəsillərə çatdırmaq yönündə çox gözəl ənənələri vardır. Bu ənənəyə sadiq olaraq 1997-ci ildə görkəmli rəssam Reyhan xanım Topçubaşovanın 90 illik yubileyi muzeydə çox yüksək səviyyədə keçirildi. Rəssamın bu günlə səslənən əsərləri sərgiləndi. Bu yubiley tədbiri bir daha göstərdi ki, sənət və sənətkar ömrü əbədidir.
Nizaməddin ŞƏMSİZADƏ
Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor
Şəfa ƏLİYEV,
Əməkdar müəllim, dosent,
akademik M.A.Topçubaşovun
xatirə muzeyinin rəhbəri
Mədəniyyət.- 2019.- 11
dekabr.- S.6.