Yalçın Heydər oğlu
Əfəndiyev
Azərbaycanın mədəniyyət ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycan kino sənətinin tanınmış nümayəndəsi, Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, professor Yalçın Heydər oğlu Əfəndiyev 2019-cu il dekabrın 10-da, ömrünün 83-cü ilində vəfat etmişdir.
Yalçın Əfəndiyev 1937-ci il iyul ayının 24-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1954–1960-cı illərdə Azərbaycan Dövlət Universitetində, 1962–1967-ci illərdə isə Moskvada, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rejissorluq fakültəsində ali təhsil almışdır.
Əmək fəaliyyətinə 1960-cı ildən başlayan Yalçın Əfəndiyev 1966–1991-ci illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında rejissor işləmiş, həmçinin burada 1983–1986-cı illərdə Xronikal sənədli filmlər birliyinin direktoru vəzifəsində çalışmışdır. O, 1991–1994-cü illərdə Azərbaycan Dövlət Radio və Televiziya Şirkətinin “Azərbaycantelefilm” kinostudiyasında bədii rəhbər və rejissor kimi fəaliyyətini davam etdirmiş, 1994–2002-ci illərdə isə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ali dərəcəli rejissoru vəzifəsini tutmuşdur. Yalçın Əfəndiyev 1995-ci ildən etibarən uzun illər ərzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur.
Yalçın Əfəndiyev professional rejissor kimi Azərbaycan kinematoqrafiyasının inkişafında əhəmiyyətli rol oynayaraq milli kino salnaməsində özünəməxsus yer tutan sənətkarlardandır. Azərbaycanın elm və mədəniyyət tarixinin görkəmli simalarına, xalqımızın mədəni irsinə və mənəvi dəyərlərimizə həsr etdiyi bədii və sənədli ekran əsərləri ona geniş şöhrət qazandırmışdır. Sənətkarın Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxil olan “Nə yaxşı ki, dünyada Səməd Vurğun var”, “Azərbaycan, Azərbaycan”, “Odla təmasda”, “Naxışların yaddaşı”, “Xatirələr sahili”, “Azərbaycan incəsənəti”, “İrsimizin sorağında” və digər filmləri tamaşaçıların zövqünün formalaşdırılmasına xidmət etmiş, milli kinematoqrafiyanın təqdirəlayiq nümunələri kimi dəyərləndirilmişdir.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru olaraq Yalçın Əfəndiyev gənc kinematoqrafçılar nəslinin yetişdirilməsi və yüksəkixtisaslı peşəkar kadrların hazırlanması işinə mühüm töhfələr vermişdir.
Respublikamızın hüdudlarından kənarda müxtəlif kinofestivallarda Yalçın Əfəndiyevin filmləri Azərbaycan mədəniyyətini müvəffəqiyyətlə təmsil etmiş, sənətşünaslar və tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
Yalçın Əfəndiyevin Azərbaycan kinematoqrafiyasının inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyəti lazımınca qiymətləndirilmişdir. O, Azərbaycan Respublikasının Xalq artisti və Əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülmüşdür.
Tanınmış kinorejissor, gözəl pedaqoq və səmimi insan Yalçın Heydər oğlu Əfəndiyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı
***
Dekabrın 10-da Təzəpir məscidində tanınmış kinorejissor, Xalq artisti, professor Yalçın Əfəndiyevlə vida mərasimi keçirildi. Mərasimdə Mədəniyyət naziri Əbülfəs Qarayev, nazirliyin, “Azərbaycanfilm” kinostudiyasının əməkdaşları, mədəniyyət və incəsənət xadimləri iştirak edirdi.
Mərasimdən sonra mərhum
II Fəxri xiyabanda torpağa
tapşırıldı.
Mədəniyyət.- 2019.- 11
dekabr.- S.5.