Tələbələrin ustad xanəndənin yubileyinə töhfəsi

 

 

 

Dekabrın 11-də Beynəlxalq Muğam Mərkəzində görkəmli muğam ustası, Xalq artisti Hacıbaba Hüseynovun 100 illiyinə həsr edilən “Muğamat var olan yerdə” adlı tədbir keçirildi.

Xanəndənin ailə üzvləri, tanınmış mədəniyyət və incəsənət xadimlərinin qatıldığı tədbirdə əvvəlcə sənətkarın həyat və yaradıcılıq yoluna nəzər salındı, muğam sənətinin inkişafındakı xidmətləri vurğulandı.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Musiqi sənəti fakültəsinin Muğam sənəti kafedrasının müdiri, Xalq artisti Teyyub Aslanov çıxış edərək diqqətə çatdırdı ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Hacıbaba Hüseynovun 100 illiyi silsilə tədbirlərlə qeyd olunur. Təqdim olunan konsert proqramı da kafedranın yubileyə töhfəsidir.

Kafedra müdiri vurğuladı ki, Hacıbaba Hüseynovun muğam sənətinin inkişafında fəaliyyəti, xanəndənin ədəbi yaradıcılığı, bəstələri, təsnifləri bu sənət var olduqca yaşayacaq. Onun yazdığı qəzəllər bu gün də xanəndələr tərəfindən ən çox müraciət olunan nümunələr sırasındadır.

Tədbir ADMİU-nun Musiqi sənəti fakültəsi tələbələrinin konsert proqramı ilə davam etdi. Teyyub Aslanovla birgə səhnəyə çıxan tələbələr ustad xanəndənin vaxtilə ifa etdiyi və dillərdə əzbər olan repertuarından ən sevilən nümunələri ifa etdilər. Konsertin repertuarı bütünlüklə Hacıbaba Hüseynova məxsus qəzəl və təsniflərdən tərtib olunmuşdu.

İfaçıları universitetin müəllimləri – əməkdar artistlər Əliağa Sədiyev (tar) və Toğrul Əsədullayevin (kamança) rəhbərliyi ilə universitetin müəllim və tələbələrindən ibarət ansambl müşayiət edirdi.

 

 

Mədəniyyət.- 2019.- 13 dekbar.- S.1.