Ulu öndərin xatirəsinə
dərin ehtiram
Heydər Əliyevin
vəfatının 16-cı ildönümü
mədəniyyət ocaqlarında xatirə mərasimləri ilə
qeyd olundu
Azərbaycanın
ən yeni tarixinin bütöv bir qərinəsi dünya
şöhrətli siyasətçi, ümummilli lider Heydər
Əliyevin adı ilə bağlıdır. Böyük şəxsiyyət,
müdrik siyasət və dövlət xadimi hələ
sağlığında canlı əfsanəyə
çevrilmişdi. O, sovet Azərbaycanına rəhbərlik
etdiyi illərdə Azərbaycanı SSRİ-nin ən
qabaqcıl respublikaları sırasına
çıxarmışdı. Müasir mərhələdə
Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi
həmin illərdə təməli qoyulmuş potensiala əsaslanır.
1993-cü
ilin yayında, müstəqilliyinin ikinci ilində Azərbaycanın
taleyin ümidinə qaldığı bir vaxtda xalq
özünün və ölkənin gələcəyini Heydər
Əliyevə etibar etdi. Ulu öndər zəngin siyasi və
dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyəti,
yenilməz iradəsi sayəsində ölkəni, xalqı, gənc
müstəqil dövləti labüd fəlakətlərdən
qurtardı. Azərbaycan xalqı dahi oğlunun bu xidmətlərini
heç vaxt unutmur. Heydər Əliyevin əbədiyyətə
qovuşduğu 12 dekabr onun anım günü olaraq dərin
ehtiramla qeyd edilir. Heydər Əliyevin vəfatının
16-cı ildönümü münasibətilə mədəniyyət
ocaqlarında silsilə tədbirlər, xatirə mərasimləri,
konsert proqramları təşkil olundu.
Dekabrın
12-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət
Akademik Filarmoniyasında Qara Qarayev adına Azərbaycan
Dövlət Kamera Orkestri konsert proqramı ilə
çıxış etdi. Xatirə axşamında Mədəniyyət
naziri Əbülfəs Qarayev, mədəniyyət və incəsənət
xadimləri, ictimaiyyət nümayəndələri iştirak
edirdi.
Xalq artisti Fəxrəddin Kərimovun
dirijorluğu ilə orkestrin
və solistlərin ifasında Üzeyir
Hacıbəylinin “Arazbarı”, Fikrət Əmirovun “Nizami” simfoniyasından “Final”,
Qara Qarayevin “Yeddi gözəl” baletindən “Ayşənin rəqsi”,
Tofiq Quliyevin “Sənə
də qalmaz” əsərləri səsləndirildi.
Proqramda
həmçinin Georgi Fridrix
Hendelin “Solomon”
simfoniyası, Vasif Adıgözəlovun
“Qərənfil”, Tomazo Albinoninin
“Adagio”, Ernest Bloxun “Concerto-grosso”, Eduard Napravnikin “Melanxoliya” əsərləri yer
almışdı. Konsertin solistləri Nərgiz
Əliyeva, Ceyla Seyidova,
Sahib Paşazadə, Rövşən Əmrahov
və Anar Şuşalı idi.
Mədəniyyət.- 2019.- 13 dekabr.-
S.1.