Milli dövlətçiliyimizin banisi, müstəqilliyimizin rəmzi

  

Ulu öndər Heydər Əliyevin vəfatından 16 il ötdü

 

Dekabrın 12-də müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü tamam oldu.

Tarix dahi insanların ideyalarının və əməllərinin üzərində qərar tutur. Ulu öndər Heydər Əliyevin də ömür yolu, əslində, Azərbaycanın bir qərinəlik tarixidir. O tarix ki, uzun illər boyu Azərbaycan mühitinin, Azərbaycan həyatının ayrılmaz parçası olub. Onun yazdığı tarix qurtuluş, inkişaf, milli tərəqqi salnaməsinə çevrilib. Heydər Əliyev milli dövlətçiliyimizin banisi, müstəqilliyimizin rəmzidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri dekabrın 12-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

Prezident İlham Əliyev ulu öndərin məzarı önünə əklil qoyub.

Azərbaycanın dövlət himni səslənib.

Dövlətimizin başçısı İlham Əliyev və ailə üzvləri ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

Mərasimdə Baş Nazir Əli Əsədov, Milli Məclisin Sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, deputatlar, nazirlər, komitə, şirkət və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

***

Yaşarı dünyasından sonra xalqın yaddaşında qalmaq heç də hər kəsə nəsib olmur. Xalq yalnız sevdiyi insanları yadda saxlayır və yaşadır. Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaq. Çünki bu dahi insan xalqımız qarşısındakı xidmətləri ilə hələ sağlığında tarixin yaddaşında əbədiləşmiş böyük azərbaycanlıdır.

İstedadlı insanlar, böyük şəxsiyyətlər üçün zaman və məkan məhdudiyyəti yoxdur. Zaman onu da sübut edir ki, dünyanın tarixi böyük şəxsiyyətlərin tərcümeyi-halıdır. Heydər Əliyevin tərcümeyi-halı isə Azərbaycan tarixidir. Çünki onun hakimiyyətdə olduğu illərdə Azərbaycana bəxş etdiklərini tarix boyunca heç bir hakimiyyət sahibi etməyib. O, Azərbaycan salnaməsində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi qalıb.

“Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına xidmət olub”, - deyən Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik illərində qüdrəti və zəkası, böyük müdrikliyi və uzaqgörənliyi ilə Azərbaycanı dünya məmləkətləri sırasında layiqli yerə çıxarıb.

Heydər Əliyev ən mürəkkəb, ziddiyyətli tarixi proseslərin gərdişindən bacarıqla baş çıxaran, ən çətin vəziyyətlərdə belə təmkinini itirməyən və dünyadakı geosiyasi dəyişiklikləri realistcəsinə qiymətləndirib mənsub olduğu xalqın, ölkəsinin mənafeyini praqmatik ağıl və təcrübəsi ilə dəqiqliklə hesablayan bir lider idi. Dahilik intellektin fövqəladə böyüklüyüdür. Heydər Əliyev özünün qeyri-adi intellektini xalqa, dövlətə və Vətənə xidmətə həsr etdi. Ona görə də müasir müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir.

 

Mədəniyyət.- 2019.- 13 dekabr.- S.2.