Kukla teatrında “O qadın”
Dekabrın 10-da A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yaradıcı qadınların ideya və dəstəyi əsasında hazırlanan “O qadın” adlı dramatik tamaşanın premyerası olub.
Tamaşa qadın qətllərinin artması, ailə-məişət münaqişəsi zəminində daha çox onların zərər çəkməsi, fiziki və mənəvi zorakılığa məruz qalmalarına etiraz olaraq səhnələşdirilib.
Cəmiyyətdə ciddi narahatlıq doğuran bu məsələyə etirazını səhnə vasitəsilə çatdırmağa çalışan tamaşanın ideya müəllifləri yazıçı-rejissor Səidə Haqverdiyeva, kinotənqidçilər Sevda Sultanova və Aygün Aslanlıdır. Rejissor Günay Səttarın quruluş verdiyi tamaşada rolları Ülviyyə Əliyeva, Ləman Mərrih və Elgün Həmidov ifa ediblər.
Sənədli teatr üslubunda hazırlanan tamaşa real faktlar, zərərçəkmiş qadınların həyat hekayələri əsasında səhnələşdirilib. Layihənin məqsədi qadınlar arasında maarifləndirmə işi aparmaq, onlara məruz qaldıqları zorakılıq faktına qarşı dəstək vermək, pozulmuş hüquqlarını bərpa etməyə cəsarətləndirməkdir.
Tamaşada hüquq
müdafiəçisi Mehriban
Zeynalovanın qadın sığınacağında məskunlaşan
qadınların, eləcə də gender
üzrə mütəxəssislərin və psixoloqların
videomüsahibələri də nümayiş
olunub.
Mədəniyyət.- 2019.- 13 dekabr.-
S.4.