Qədim Azərbaycan sarayları
Bir həqiqətdir
ki, bizim Avropa ölkələri və Rusiya
hökmdarlarının dəbdəbəli sarayları
haqqında xeyli məlumatımız olduğu halda, Azərbaycan
xanlarının zamanın axarında hər birimiz
üçün qürurverici mənəvi qaynağa
çevrilən saraylarının gözəlliyi barəsində
bilgilərimiz arzulanan səviyyədə deyil. Bu yazıda
onların bəziləri haqqında söz
açmağımız da bu boşluğu doldurmaq istəyindən
irəli gəlir.
Onların bir çoxu təzadlı hadisələrlə dolu tariximizə “Xanlıqlar dövrü” kimi daxil olmuş dövrdə ərsəyə gətirilib. Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycanın parçalanmasınadək ölkəmizin şimalında mövcud olmuş Gəncə, Bakı, Quba, Şamaxı, Qarabağ, Naxçıvan, İrəvan, Şəki, eləcə də cənubdakı Təbriz, Ərdəbil, Urmiya, Marağa və digər müstəqil xanlıqların ərazilərində inşa olunan saraylar, meydana gələn sənət nümunələri, ilk növbədə, yerli hökmdarların incəsənətə marağının nəticəsi idi. Onların bir qisminin bizim dövrə gəlib çatması və bədii tərtibatı barədə yazılı mənbələrdə məlumatların qalması da dediklərimizi təsdiqləyir.
Hələ zamanında 1796-cı il Rusiya-İran müharibəsinin iştirakçısı olan tarixçi P.Butkov öz qeydlərində Dərbənddə evlərdən birinin divarlarında müharibə və ov səhnələrinin, lirik planda işlənmiş məhəbbət və məişət mövzularının məharətlə, “canlı boyalarla” təsvir olunmasından bəhs etmişdi. O, naməlum rəssamın Təbrizdə bəylərbəyinin sarayında İran-Türk müharibələrini təsvir edən batal kompozisiyaları, Şah İsmayıl, Nadir şah və b. tarixi şəxsiyyətlərin portretlərini çəkdiyini göstərir. Müəllifin qeydinə görə, müharibə səhnələrini təsvir edən şəkillər içərisində “Torpaqlanın alınması” kompozisiyası daha canlı və qüvvətli təsir gücünə malikdir.
***
Bu yerdə XVIII əsrin son qərinəsində – Hüseynəli xanın hakimiyyəti dövründə İrəvanda tikilən və XX əsrin əvvəllərində daşnaklar tərəfindən vəhşicəsinə uçurulan Sərdar sarayının (memarı Mirzə Cəfər Xoylu) interyerində yer alan tarixi əhəmiyyətli əsərlərin mövcudluğunu qeyd etmək istərdik. Hazırda mövcud olmayan sarayın gözəlliyi barəsində zamanında burada olmuş rus rəssamları V.Maşkov və Q.Qaqarinin əsərlərindən və fotoqraf D.Yermakovun çəkdiyi şəkillərdən məlumat almaq mümkündür. Sarayın daxili tərtibatı barəsində söz açılan mənbələrdə göstərilir ki, vaxtilə burada çoxlu sayda monumental biçimli rəngkarlıq əsərləri olub. Müxtəlif mövzulu bu sənət nümunələrində çoxfiqurlu kompozisiyalar və hökmdarların portretləri ilə yanaşı, zoomorf və bitki motivləri, eləcə də həndəsi ornamentlər yer alıbmış. Sarayın güzgülü zalında Fətəli şahın, şahzadə Abbas Mirzənin, Hüseynqulu xan və onun qardaşı Həsən xanın, epik qəhrəmanlardan Fərəməz, Rüstəm Zal, onun oğlu Zöhrab və digərlərinin kətan üzərində çəkilmiş portretlərinə rast gəlmək mümkün imiş. Yay zalında isə Nadir şahın Hindistan səfərindən alınmış müxtəlif çoxfiqurlu kompozisiyalar yerləşdirilibmiş.
İş elə gətirib ki, saray dağıdılan zaman – 1914-cü ildə həmin əsərlərin altısı və çoxsaylı dekorativ-tətbiqi sənət nümunələri gürcülər tərəfindən Tiflisə aparılmış, başqa sözlə desək, məhv olmaqdan xilas olunmuşdur. Son nəticədə o əsərlər Gürcüstan Dövlət İncəsənət Muzeyinə verilmişdir. Təəssüf ki, ötən müddətdə onların nümayişinə və qorunmasına münasibət arzuolunmaz şəkildə olmuş və əsərlər əvvəlki bədii dəyərini itirmək həddinə çatmışdı. Bir müddət əvvəl bu xoşagəlməz vəziyyət barədə məlumat alan Azərbaycan tərəfi Gürcüstan hökumətinə onların bərpa olunması ilə bağlı təklif vermişdi. Qarşılıqlı razılaşma əsasında həmin altı əsər geri qaytarılmaq şərtilə Bakıya gətirilərək Azərbaycan Milli İncəsənət Muzeyinin mütəxəssisləri tərəfindən bərpa olunmuşdur. Bir çoxu sarayın interyerinin yeniləşdirilməsi zamanı yaradılmış “Qacar üslublu” bu portretlər bərpadan sonra bu il Bakıda – Heydər Əliyev Mərkəzində ictimaiyyətə təqdim olunmuşdur...
***
XVIII əsr Azərbaycan memarlığı incilərindən sayılan Şəki Xan sarayı həm də süjetli və ornamental kompozisiyalı divar rəsmləri ilə məşhurdur. Sarayın hər iki mərtəbəsinin mərkəzi zalları və ikinci mərtəbənin yan otaqlarının bütün divarları, taxçalar, divarlardan tavanlara stalaktit formalı keçidlər və tavanlar rəsmlərlə bəzədilmişdir. Saraya xüsusi gözəllik verən ecazkar şəbəkələrin qonşuluğunda qərarlaşan divar rəsmləri dörd qrupa bölünür. Bu rəsmlər arasında həndəsi və nəbati naxışlı kompozisiyalara, süjetli naxışlara, heyvan, eləcə də bitki və heyvanların birgə görüntüyə gətirildiyi təsvirlərə rast gəlmək mümkündür. Əlvanlığı elə ilk baxışdan duyulan bu təsvirlərin cəlbediciliyinin əldə olunmasında yaradıcılarının qızılı, firuzəyi, qırmızı, bənövşəyi və sarı rənglərdən ustalıqla istifadə etməsi əhəmiyyətli rol oynamışdır.
Şəki Xan sarayının interyerlərindəki ən qədim rəsmlər təbii olaraq onun tikildiyi XVIII əsrə aiddir. Sarayın ikinci mərtəbəsinin əsas zalının tavanında rast gəlinən “Abbasqulu” imzasının da bu rəsmlərin müəllifinə aid olduğu ehtimal edilir. Bir çox mənbələrdə onun həm də sarayın memarı olduğu bildirilir. Bəzi müəlliflər, o cümlədən saray barəsində elmi tədqiqat əsəri yazmış Leonid Bretanitski isə bu unikal tikilinin şirazlı Zeynalabdinin təxəyyülünün məhsulu olduğu qənaətindədir.
Zamanın axarında sarayın interyerini bəzəyən təsvirlər müxtəlif səbəblərdən dəyişikliyə məruz qalmışdır. Divar rəsmlərinin binanın istismara verilərkən çəkilmiş ilkin variantı sonradan – XIX əsrdə dəfələrlə bərpa edilmiş, bəzi təsvirlər isə tamamilə yenidən işlənilmişdir. Bu səbəbdən də oradakı rəsmlərin bir neçə rəssam tərəfindən ərsəyə gətirildiyini söyləmək olar. Araşdırmalar burada XVIII əsrdə Abbasqulunun, XIX əsrin ilk qərinəsində (1819–1820) bir avropalı rəssamın, XIX əsrin sonlarında (1895–1896) şamaxılı rəssamlar Mirzə Cəfər, Əliqulu və Qurbanəlinin, XX əsrin başlanğıcında (1902) isə şuşalı Usta Qəmbər, onun qardaşı Səfər, oğlu Şükürün çalışdığını təsdiqləyir. İnteryerdə yer almış divar rəsmlərinin müxtəlif yerlərində onların adlarına rast gəlmək mümkündür. Qənaətimizcə, sarayın istifadəyə verildiyi anda onun interyeri süjetli və ornamental kompozisiyalarla örtülsə də (birinci mərtəbədə rəsmlərin çəkilməsi nəzərdə tutulan yerlər indiyə qədər də qalmaqdadır), zamanın axarında – XX əsrdə bir neçə dəfə əsaslı və nisbi bərpalara məruz qalmışdır. Azərbaycan monumental divar rəsmlərinin tədqiqatçısı N.Miklaşevskayanın qənaətincə, bu tərtibat üç dövrdə ərsəyə gətirilmişdi. Həmin dövrlər sarayın tikildiyi və erkən rəsmlərin çəkildiyi XVIII əsrin ikinci yarısını, XIX əsrin sonu – XX əsrin lap əvvəlində gerçəkləşən Qarabağ və Şamaxı rəssamlarının fəaliyyəti dövrünü, eləcə də XX əsrin ortalarında və ikinci yarısında aparılan yaradıcı-bərpa işlərinin həyata keçirildiyi dövrü özündə əhatə edir.
Erkən rəngkarlığa stalaktitlərdə, tavanlarda və qapılarda, sonrakı dövrdə əlavə olunan rəsmlərə giriş qapılarının və mərtəbələrdəki zalların bəzi yerlərində, ən nəhayət, XX əsrin bəzəklərinə isə yan otaqlarda rast gəlmək mümkündür.
Sarayın birinci mərtəbəsindəki zalın mavi çalarlı stalaktit karnizləri üzərində təsvir olunmuş ayrı-ayrı motivlərin büründüyü duyulası real-gerçəkçi estetika onların yerli yox, Avropa rəssamlığına bələd sənətkar tərəfindən çəkildiyini söyləməyə əsas verir. Tanınmış sənətşünas Boris Denike saraydakı həmin təsvirləri Çin rəssamlığına aid Orta Asiya divar rəsmləri ilə müqayisə edir: “Bu rəsmlərdə Çin incəsənəti ilə, xüsusən ağ-mavi farfor təsvirləri ilə əlaqəni görməmək mümkün deyil”.
XIX əsrdə Qafqazın Rusiyaya birləşdirilməsi hadisələrinin bilavasitə iştirakçısı olan ispaniyalı inqilabçı Xuan Van Qalen xatirələrində Şəkidə olmasından söz açmış və sarayın birinci mərtəbəsindəki məişət tutumlu realist rəsmlərin italiyalı əsgər tərəfindən çəkildiyini qeyd etmişdir. Onun yazdıqlarına görə, Çin ruhunda işləyən həmin əsgər 1819–1820-ci illərdə sarayda olmuş və burada bir neçə əsər işləmişdir.
Sarayın ümumi memarlığının onun eksteryerini və interyerini bəzəyən bəzək elementləri – monumental rəsm, ornamental kompozisiya və şəbəkə ilə vəhdəti, memarla təsviri və dekorativ-tətbiqi sənət ustalarının birgə yaradıcılığının məhsulu kimi tikili unikal, qürurverici mənəvi qaynaq kimi qəbul olunur. Böyük türk şairi Nazim Hikmətin söylədiyi “Əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı, bircə Şəki Xan sarayını dünyaya göstərmək bəs edərdi” sözlərində də məhz tikiliyə verilən yüksək dəyər hifz olunur...
***
Bakı xanlarının sarayı da zamanında diqqətçəkən tikililərdən olmuşdur. Bu kompleks İçərişəhərin Şamaxı darvazasına yaxın, sağ tərəfdəki binaların yerində olmuş və bizim dövrümüzə qədər qalmamışdır. Axırıncı Bakı xanı Hüseynqulu xanın sarayından, Əbdürrəhim bəy və Mehdiqulu bəyin evindən ibarət olan bu kompleks 7 qapalı həyətin ətrafında düzülmüş 100-dən çox otaqdan ibarət imiş. Kompleksin əsasını təşkil edən Xan sarayının böyük həyətində meyvə bağı və bağın ortasında hovuz yerləşirdi. Saray, eləcə də bəylərin evi 2 mərtəbəli olub, memarlıq quruluşuna görə Azərbaycan yaşayış binalarının bir çox xüsusiyyətlərini özündə əks etdirmişdir. Eyvanlar, şəbəkəli pəncərələr kimi memarlıq elementləri də bu qəbildəndir. Yaşayış otaqlarının plandakı qarşılıqlı vəziyyəti də Şirvanşahlar sarayının planını xatırladır. Ehtimala görə, Xan sarayı XVII əsrin sonu – XVIII əsrin əvvəllərində inşa olunmuşdur.
Qeyd etmək lazımdır ki, vaxtilə şəhərin bu hissəsindəki sahil bilavasitə qala divarlarına qədər çatırdı. Odur ki, burada yerləşən Xan sarayından dənizə birbaşa yol düzəldilməsi üçün imkan olmuşdur. Xanın sarayı həm dəniz, həm də quru ilə olan əlverişli əlaqəsinə görə burada tikilmişdi. Binanın burada inşa edilməsi müdafiə məqsədi daşıyırdı. Bəlkə də bu səbəbdən onun zahiri görkəmi – küçəyə baxan fasadı Sərdar və Şəki Xan sarayında olduğu kimi cəlbedici və bəzəkli olmamışdır. Burada müxtəlif vaxtlarda Bakı xanları Mirzə Məhəmməd xan (1747-1765), Məlik Məhəmməd xan (1765-1784), Mirzə Məhəmməd xan (1784-1791), Məhəmmədqulu xan (1791-1792) və Hüseynqulu xan (1792-1806) yaşamışdır.
1806-cı ildə Bakı xanlığının Rusiyaya birləşdirilməsindən sonra saray ərazisində əvvəlcə hərbi qarnizon, sovet dönəmində isə hərbi komendatura yerləşmişdir. Sarayın zamanında malik olduğu interyerin tərtibatı bizim günlərə gəlib çatmadığından, bu barədə yalnız onu görmüş adamların yadigar qoyub getdikləri qaynaqlardan bəhrələnə bilərik. Tanınmış alman rəssamı və etnoqrafı Vilhelm Kizevetter (1811-1865) Krıma və Qafqaza səfəri zamanı Bakıda olmuş və müxtəlif motivlərlə yanaşı, İçərişərdəki Bakı Xan sarayının daxili gözəlliyini öz tablosunda əks etdirmişdir. Krımda olarkən islam dinini və Abdulla adını qəbul edən rəssamın 1848-1849-cu illərdə çəkdiyi tarix, din, məişət və təhsil mövzulu bu lövhələrində Azərbaycan gerçəkliyi real cizgilərlə əks olunmuşdur. Hazırda onlar Berlindəki Avropa Mədəniyyət Muzeyində qorunmaqdadır. Onun 1854-cü ildə nəşr olunmuş yol qeydlərində Azərbaycanla bağlı xatirələr və çəkdiyi rəsmlər də yer almışdır.
Rəssamın Bakı xanlarının sarayının interyerini əks etdirən tablo tarixi əhəmiyyətilə yanaşı, həm də duyulası bədii-estetik dəyər daşıyıcısı kimi diqqət çəkir. Sarayın qonaq otağını – güzgülü otağı əks etdirən tabloda gördüklərimiz Sərdar və Şəki Xan sarayı ilə anım yaratsa da, bütünlükdə, zəngin rəsm qalereyasını xatırladır. Döşəməsi xalılı-döşəkli, tavanı naxışlarla bəzədilmiş otağın yan divarlarında yer alan və iki sırada sərgilənən divar rəsmlərində müxtəlif janrlı təsvirlərə rast gəlmək mümkündür. Onlar həm birbaşa divarda, həm də kətanda çəkilib. Bədii ifadə vasitələri “Qacar üslubu” ilə səsləşən bu portret və natürmortlarda onun yaradıcısının sənətlərin sintezi məsələsinə bələdliyi duyulmaqdadır. Bu estetikaya Azərbaycan rəssamlarından yalnız yaradıcılığı XIX əsrin ikinci yarısına təsadüf edən Mirzə Qədim İrəvaninin əsərlərində rast gəlindiyindən, sarayın interyerinin bəzədilməsində cənublu sənətkarların iştirak etdiyi ehtimal olunandır.
Bəzi mənbələrdə Xan sarayının XIX əsrin ortalarında şəhərdə inşaat işlərinin genişləndiyi zaman söküldüyü qeyd olunsa da, bunun inandırıcı olmadığı görünəndir. Onun yerində yeni tikilinin olmaması, saraydan müstəqillik illərinə qədər hərbi obyekt kimi istifadə olunması, onun pis vəziyyətdə olsa da, bu günə kimi qalması da dediklərimizi təsdiqləyir. Elə alman rəssamın çəkdiyi tablonun 1848-1849-cu illərə aid edilməsi də bir daha bunu təsdiqləyir. Hazırda sarayın ərazisində bərpa işləri aparılır. Bununla belə, onun zamanında daşıdığı görkəmə qaytarılmayacağı birmənalıdır. Çünki Sərdar sarayında olduğu kimi, burada da onun yağmalanması zamanı interyeri bəzəyən sənət əsərlərinin qayğısına qalan olmayıb...
Ziyadxan ƏLİYEV
Əməkdar incəsənət xadimi,
professor
Mədəniyyət.- 2019.- 13
dekabr.- S.7.