Ankarada Nəsimiyə həsr olunmuş daha bir tədbir
Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Ankarada daha bir tədbir təşkil olunub. Ölkəmizin Türkiyədəki səfirliyi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Ankaranın Keçiörən Bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Məndə sığar iki cahan” mövzusunda konfrans keçirilib və şairin həyatından bəhs edən tamaşa göstərilib.
Əvvəlcə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, səfirliyin təhsil müşaviri Nəcibə Nəsibova və Keçiörən Bələdiyyəsinin sədr müavini Merih Karayol çıxış ediblər. Çıxışlarda Nəsiminin yaradıcılığı, Azərbaycanda böyük şairə el məhəbbəti, adının əbədiləşdirilməsi üçün görülən işlər və Türkiyədə Nəsimi şəxsiyyətinə olan ehtiramdan söz açılıb.
Sonra Hacı Bayram Vəli Universitetinin professoru Əhməd Taşğın İmadəddin Nəsiminin həyat və yaradıcılığı ilə bağlı məruzə edib. Nəsiminin yaradıcılığını ayrı-ayrı istiqamətlərdən təhlil edən tədqiqatçı bildirib ki, şairin şeirləri daim poeziyasevərlər tərəfindən məhəbbətlə qarşılanacaq, filosofların maraq dairəsində qalacaq.
Tədbirin ikinci hissəsində Azərbaycan Dövlət İqtisad Universitetində fəaliyyət göstərən “UNEC Yaradıcılıq Mərkəzi”nin nəzdindəki tələbə teatrının səhnələşdirdiyi “Nəsimi” tamaşası oynanılıb. Tələbələrin oyunu alqışlarla qarşılanıb.
Tamaşadan sonra Keçiörən Bələdiyyəsinin başqanı Turqut Altınok azərbaycanlı tələbələrin yaradıcılıq işini yüksək dəyərləndirib. O, ümummilli lider Heydər Əliyevin “Bir millət – iki dövlət!” ifadəsini xatırladaraq bildirib ki, Azərbaycan və Türkiyə gənclərinin uğurları ortaq milli sərvətimizdir.
Sonda “Nəsimi”
tamaşasının yaradıcı heyətinə Azərbaycanın
Ankaradakı səfirliyi adından təşəkkürnamə
təqdim olunub.
Mədəniyyət.- 2019.- 13
dekabr.- S.8.