Koreyada Azərbaycan xalçası toxunur

 

Ölkəmizin Seuldakı səfirliyinin Koreya Respublikası Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Asiya Mədəniyyət Mərkəzi (AMM) ilə əməkdaşlığı çərçivəsində “Mədəni məhsul” layihəsi çərçivəsində Kvancu şəhərində Azərbaycan xalçası toxunur.

Səfirlikdən bildiriblər ki, layihə çərçivəsində Azərbaycandan dəvət olunmuş xalça ustasının toxuduğu xalça hazır olandan sonra yekun məhsul kimi Asiya Mədəniyyət Mərkəzinə təqdim ediləcək.

Səfir Rəmzi Teymurov Kvancu şəhərində Asiya Mədəniyyət Mərkəzinin prezidenti Li Cinşik ilə görüşündə ölkəmizin xalçaçılıq sənəti barədə məlumat verib.  Bildirib ki, Azərbaycan xalçaçılıq sənəti 2010-cu ildə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib, dünyada ilk ixtisaslaşmış xalça muzeyi məhz ölkəmizdə yaradılıb, xalçalarımız dünya muzeylərində nümayiş etdirilir.

R.Teymurov səfirliyin AMM ilə əməkdaşlığının 2018-ci ildən başladığını, qısa müddətdə iki uğurlu layihənin birgə həyata keçirildiyini diqqətə çatdırıb. O, ilk layihə kimi koreyalı rəssamların Azərbaycan hekayələri əsasında çəkdikləri illüstrasiyalardan ibarət kitabın gələn il nəşr etdiriləcəyini deyib.

AMM-in prezidenti Li Cinşik səfirliklə rəhbərlik etdiyi mərkəz arasında əməkdaşlığı yüksək qiymətləndirərək, qeyd olunan hər iki layihənin Azərbaycan mədəniyyətinin Koreyada tanıdılmasına imkan yaradacağına əminliyini ifadə edib.

Görüşdə Azərbaycanın Koreya Respublikasındakı səfirliyi ilə Asiya Mədəniyyət Mərkəzi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Görüşdə xalça ustası Lalə Əliyeva və köməkçisi Nərgiz Novruzova “Azərbaycanın xalçaçılıq sənəti” mövzusunda təqdimat ediblər.

 

Mədəniyyət.- 2019.- 13 dekabr.- S.8.