Rəqs sənətimizin su
sonası xatırlandı
Əminə Dilbazinin
100 illik yubileyi
möhtəşəm proqramla qeyd edildi
Bu il Azərbaycan xoreoqrafiya məktəbinin görkəmli nümayəndəsi, tanınmış rəqs ustası, milli rəqslərimizi sərhəd tanımadan dünyanın hər tərəfində böyük şövqlə nümayiş etdirən Xalq artisti Əminə Dilbazinin anadan olmasının 100 illik yubileyidir. Prezident İlham Əliyevin sentyabrın 4-də imzaladığı sərəncama əsasən, sənətkarın yubileyi silsilə tədbirlərlə qeyd edilir.
Dekabrın 16-da Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə unudulmaz rəqqasənin 100 illiyinə həsr olunmuş təntənəli gecə keçirildi. Ötən illər ərzində saysız-hesabsız rəqs sənətkarlarını yetişdirən, xeyli sayda musiqi nümunələrinin rəqslə portretini çəkən, insan ruhunun hərəkət dilini zəriflik və cazibədarlığı ilə tamaşaçıya çatdıran sənətkar yubiley gecəsində onu sevənlərin xatirəsində yenidən canlandı, yenidən sevgiyə qərq oldu. Mərasimə qatılan rəsmilər, mədəniyyət və incəsənət xadimləri, çoxsaylı sənətsevərlər Əminə Dilbazi sənətinin işığında unudulmaz bir rəqs, musiqi axşamı keçirdilər. Yubiley tədbirində respublikamızın rəqs kollektivləri ilə yanaşı, qonaq kollektivlər də iştirak edirdi.
Əvvəlcə Əminə Dilbazinin ömür yolu və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirildi.
Sənətkar ömrünə qısa nəzər olan materialda onun Azərbaycan rəqs sənətinin çoxəsrlik ənənələrinin qorunub yaşadılmasında müstəsna xidmətləri qeyd olundu.
Sənətkarın uzunmüddətli fəaliyyəti ərzində daim yüksək səhnə mədəniyyəti nümayiş etdirib, fitri istedadı və bənzərsiz ifaçılıq imkanları sayəsində xalq rəqslərinin qiymətli nümunələrinə yeni çalarlar qazandırdığı vurğulandı. Əminə Dilbazinin qurduğu bir-birindən maraqlı rəqslər, yetişdirdiyi rəqqasələr, yaradıcısı olduğu “Çinar” rəqs kollektivi, ümumilikdə dünyanı dolaşan Azərbaycan rəqslərinə qatdığı yeni nəfəs, özünəməxsus çalarlar sadalandı.
Xalq artistinin bir çox filmlərdə rəqslərə quruluş verməsindən, Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində oynanılan “Dədə Qorqud”, “Azərbaycan toyu”, “Bir bağçanın gülləri” səhnə əsərlərində əsas partiyaların ifaçısı olmasından, dünya xalqlarının rəqsləri ilə milli xoreoqrafiya elementlərimizi ustalıqla sintez etməsindən söz açıldı. Rəqqasənin ifa etdiyi “İnnabı”, “Tərəkəmə”, “Mirzeyi”, “Turacı”, “Naz eləmə” rəqslərində tamaşaçılara rəqs nümunəsindən başqa, sanki bir səhnə əsəri, musiqi, balet nümunəsi təqdim etmək gücündən danışıldı. Səhnəmizin zərif “Turacı”nın bənzərsiz ifaçısının milli rəqsləri bütün xarakterik xüsusiyyətləri ilə tamaşaçıya nümayiş etdirdiyi diqqətə çatdırıldı. Repertuarına rus, Ukrayna, özbək, ərəb, ləzgi və digər xalqların rəqs nümunələrini də ustalıqla daxil edən rəqqasənin hər ifasında özünəməxsus izini qoyduğu bir daha vurğulandı.
Yubiley gecəsi sənətkarın fəaliyyət göstərdiyi kollektivlərin ifalarında rəngarəng rəqs nümunələri ilə yadda qaldı.
Azərbaycan Dövlət Rəqs Ansamblı, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası, həmçinin Bakı Xoreoqrafiya Akademiyası tələbələrinin ifaları səhnədə nəsildən-nəslə ötürülən rəqs ənənəsi, insanın emosiyalarının, əsrarəngiz hisslərinin musiqi ilə həmahənglik fonunda hərəkətə çevrilməsinin izahını verdi.
Qonaq kollektivlər – Suxişvili adına Gürcüstan Milli Baleti, “Ləzginka” Dağıstan Dövlət Akademik Rəqs Ansamblı, “Alan” Dövlət Akademik Rəqs Ansamblının (Şimali Osetiya-Alanya) yüksək ritmli rəqs nömrələri gecəyə xüsusi rəng qatdı.
Yüksək peşəkarlıq və zövqlə tərtib olunmuş konsert proqramında “Mənim Azərbaycanım” süitasının sədaları altında Azərbaycan Dövlət Rəqs Ansamblının, “İlauri”dən 4-cü rəqs ilə Suxişvili adına Gürcüstan Milli Baletinin təqdimatı alqışlarla qarşılandı.
İllərlə bizi ecazkar rəqslərində heyrətləndirən, unudulmaz sənət inciləri yaradan Əminə xanımın əbədiyaşarlıq verdiyi “Turacı”sını bu dəfə Dövlət Mahnı və Rəqs Ansamblının solisti, Əməkdar artist Nigar Şahmuradova pərvazlandırdı.
Cahangir Cahangirovun bənzərsiz musiqisini yazdığı “Bulaq başında” F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında (rəqsin quruluşçusu Xalq artisti Əlibaba Abdullayevdir) alqışlara qarşılandı.
“Zəriflik” rəqsi isə “Ləzginka” Dağıstan Dövlət Akademik Rəqs Ansamblının ifasında (bədii rəhbər Rusiya və Azərbaycanın Əməkdar incəsənət xadimi Cambulat Maqomedov) xüsusi bir ecazkarlıqla təqdim olundu.
Qara Qarayevin “Yeddi gözəl” baletindən vals, “Mirzeyi” rəqsi, “Bahar rəqsi”, “Ləli”, “Osetiya”, “Gənclik” rəqsləri bir-birinin ardınca sıralandıqca, fərqli rəqs kollektivləri, rəqs ənənə və məktəblərinin bənzərsizliyi bir-birini əvəz etdikcə insan bədəninin musiqi ilə ən füsunkar harmoniyası yarandı.
Konsertin sonundakı “Vətən süitası”, “Nağaralarla rəqs” gecəyə ayrıca bir ovqat qatdı, desək yanılmarıq. Sürəkli alqışların müşayiəti ilə əzmkarlıq, ruh yüksəkliyi aşılayan “Naxçıvan yallısı” zalı coşdurmağı bacardı.
HƏMİDƏ
Mədəniyyət.- 2019.- 18
dekabr.- S.1;3.