Təsviri sənətdə təbiət və zəhmətin tərənnümçüsü

 

 

Onun əsərlərində insan zəhmətinin çətinliyini və qəhrəmanların daxili dünyalarının mənzərəsini görə bilirik

Bəzən tufanlı, bəzən də həzin Xəzəri, dənizi ram edən neftçiləri, Azərbaycan təbiətinin gözəlliklərini, zəhmət, elm, sənət adamlarını və qadın gözəlliyini tərənnüm edən Xalq rəssamı Nadir Qasımovun zəngin yaradıcılığı milli təsviri sənətimizdə mühüm yer tutur. Dekabrın 17-də Azərbaycan Milli İncəsənət Muzeyində rəssamın 90 illik yubileyinə həsr olunmuş sərginin açılışında iştirak edənlər bunun bir daha şahidi oldular.

Tədbiri muzeyin direktoru, professor Çingiz Fərzəliyev açıq elan edərək rəssamın yaradıcılığından danışdı. Bildirdi ki, Nadir Qasımovun yaradıcılığı 1940-cı illərin sonundan 2000-ci ilə kimi - yarım əsrdən çox bir dövrü əhatə  edir. Müxtəlif mövzujanrlarda əsərlərin müəllifi olan rəssam ilk növbədə Abşeron və Xəzər dənizinin nəğməkarı və romantiki kimi yadda qalıb, adları  incəsənətimizin “qızıl fonduna yazılmış tablolar yaradıb.

Bakıda yaşayıb-yaradan rəssam şəhərin gündəlik ritmini hiss edir, Abşeronun qeyri-adi iqlimində yüksək romantikanı duyur, qoca Xəzərin insan tərəfindən ram edilməsini görür və yaradıcılığında tərənnüm edirdi. Ç.Fərzəliyev mərhum sənətkarın bir pedaqoq kimi də özündən sonra istedadlı rəssamlar yetişdirdiyini vurğuladı.

Mərasimdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev sərginin əhəmiyyətini diqqətə çatdırdı. Bildirdi ki, rəssamın əsərlərinə diqqət edən zaman dövrün mənzərəsinin şahidi oluruq: “Hər bir rəssamın özünəməxsus baxışı və üslubu var. Nadir Qasımovun əsərlərində biz dövrün əmək insanlarının zəhmətinə verilən dəyər və hörmətin ifadəsini görürük. Onun əsərlərində insan zəhmətinin çətinliyini və qəhrəmanların daxili dünyalarının mənzərəsi əks olunub. Ulu öndər Heydər Əliyev əməkçilərlə görüşə gedən zaman həmişə sənət adamlarını, rəssamları, şairləri, bəstəkarları özü ilə aparardı. Bu siyasət insanların əməyinin yüksəldilməsi məqsədi daşıyırdı. Nadir Qasımovun əsərlərində biz bir daha bunun şahidi oluruq.

Nazir qeyd etdi ki, rəssamın yaradıcılığından danışarkən təbiət mənzərələrini də mütləq vurğulamalıyıq. O, təbiət mənzərələrini böyük ustalıqla yaradıb. Diqqət edəndə görürük ki, rəssam bu mənzərələrdə təbiətin sadəcə gözəlliyini deyil, onun sərt gözəlliyini – məsələn, dənizin dalğalarını, ləpələri, aşırımları rənglərə hopduraraq əsrarəngiz şəkildə ifadə edə bilib.

Əbülfəs Qarayev sərginin açılışında rəssamın ailəsinin, xanımının iştirak etdiyini deyərək bildirdi ki, Nadir Qasımovun irsinin qorunub saxlanılması və təbliğində onların rolu böyükdür. Vurğulandı ki, Nadir Qasımovun rəngkarlıq irsimizdə əbədiyaşar yaradıcılığından hələ uzun illər gələcək nəsillər bəhrələnəcək.

Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov Nadir Qasımovu unudulmaz pedaqoq kimi yad edərək xatirələrini bölüşdü.

Rəssamın qızı Elmira Qasımova atasının sənətinə göstərilən diqqətə görə dövlətimizə və sərginin təşkilatçılarına minnətdarlığını bildirdi.

Sonra qonaqlar sərgi ilə tanış oldular.

Qeyd edək ki, rəssamın ən çox sevdiyi mövzu təkcə Xəzər deyildi. O, tez-tez Azərbaycan rayonlarının qonağı olur, təbiətdən sonsuz ilham alır, adi zəhmət adamlarını, qadın gözəlliyini tərənnüm edirdi. “Pambıq tarlasında”, “Çəltik zəmilərində”, “Lənkəran bazarında”, “Rəfiqələr”, “Lənkəran qızları” və başqa əsərlər bu qəbildəndir.

Keçən əsrin 50-ci illərində Nadir Qasımov Azərbaycanın tanınmış şəxsiyyətləri olan SSRİ xalq artistləri Bülbülün və Mərziyyə Davudovanın, neft ustası Gülbala Əliyevin portretlərini işləyib. Bu tablolarda sənətdə ilk addımlar atan, lakin öz fərdi yanaşma tərzi ilə səciyyələnən bir rəssamın üslubunu görürük.

Rəssamın 100-ə yaxın əsəri Rusiyanın müxtəlif muzey kolleksiyalarında, MDB ölkələrinin muzeylərində, ABŞ, Belçika, Fransa, Almaniya, Türkiyə, İspaniyabaşqa ölkələrin muzeylərində, şəxsi kolleksiyalardadır.

 

LALƏ

 

Mədəniyyət.- 2019.- 18 dekabr.- S.1;2.