Prezident Kuboku uğrunda çövkən yarışı Bakıda davam edəcək

 

 

Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən, yaradılan və Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Milli Atüstü Oyunları Mərkəzində Prezident Kuboku uğrunda milli atüstü oyunlarının keçirilməsi artıq ənənə halını alıb.

Oyunlar respublika ictimaiyyətində böyük marağa səbəb olmaqla xalqımızın qədim tarixi ənənələrinin bərpasına və dirçəldilməsinə xidmət edir. Dekabrın 13-də Respublika Milli Atüstü Oyunları Mərkəzində Prezident Kuboku uğrunda çövkən milli oyunu üzrə yarışlar başlanıb.

Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən yarışlara Şəki, Ağcabədi, Ağstafa və İsmayıllı Regional Mədəniyyət idarələrini təmsil edən komandalar, həmçinin Bakı şəhərinin “Buta”, “Qala”, “Qarabağ”, “Köhlən”, “Murad”, “Omar”, “Polad” və “Sərhədçi” komandaları qatılıb.

Dekabrın 14-də Prezident Kuboku uğrunda çövkən oyunu üzrə yarışların rəsmi açılış mərasimi olub. Mərasimdə bildirilib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra xalqımızın yenidən sahib olduğu milli dəyərlər sırasında atüstü milli oyunlar ön cərgələrdə yer tutur. Son illər ölkəmizdə qədim tarixə malik atüstü milli oyunlarımızın qorunub saxlanılmasına xüsusi diqqət göstərilir. Prezident İlham Əliyevin fərmanı ilə 2006-cı ildə Şəki rayonunda Respublika Atçılıq Turizm Mərkəzinin (hazırda Respublika Milli Atüstü Oyunları Mərkəzi) yaradılmasında əsas məqsəd milli atüstü oyunlara yeni həyat vermək, ölkəmizdə atçılıq turizmini təbliğ etmək, gənc nəsildə bu sahəyə maraq oyatmaqdır.

Vurğulanıb ki, UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 2013-cü ilin dekabrında Bakıda keçirilən 8-ci sessiyasında Azərbaycanın çövkən oyununun təşkilatın siyahısına salınması ölkəmizdə mədəni irsin qorunması sahəsində həyata keçirilən tədbirlərin, aparılan məqsədyönlü işin məntiqi nəticəsidir.

Musiqi kollektivinin çıxışından sonra komandalar “Cəngi” sədaları altında tribunanın önündən keçərək meydana daxil olublar.

Sonra tamaşaçılar “Şəki” və “Qarabağ” komandaları arasında oyunu izləyiblər. Oyun Şəki təmsilçisinin qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, ümumilikdə 12 komandanın qatıldığı yarışın qrup mərhələsinin oyunları 13-15 dekabrda keçirilib. Dörd qrupun hər birində ilk iki yeri tutan komandalar dörddəbir finalda iştirak etmək hüququ qazanıblar.

Bu mərhələ paytaxt təmsilçilərinin tam üstünlüyü ilə keçib.

“Omar” (Bakı) – “İsmayıllı” (6:1).

Polad” (Bakı) – “Şəki” (5:0).

Buta” (Bakı) – “Ağcabədi” (3:0).

Sərhədçi” (Bakı) – “Ağstafa” (3:0).

Yarışların baş hakimi respublika dərəcəli hakim, Respublika Milli Atüstü Oyunları Mərkəzinin direktoru Rafiq Ramazanov olub.

Beləliklə, “Sərhədçi”, “Buta”, “Polad” və “Omar” komandaları yarımfinala vəsiqə qazanıblar. Yarımfinal və final oyunları dekabrın 22 və 24-də Bakı şəhərində yerləşən Binə Atçılıq Mərkəzinin qapalı manejində keçiriləcək. Oyunun qaliblərinə Mədəniyyət Nazirliyinin diplomupul mükafatları təqdim ediləcək.

 

Mədəniyyət.- 2019.- 18 dekabr.- S.1;4.