“Unudulmayanlar”da Qədir Rüstəmov anıldı
Beynəlxalq Muğam Mərkəzinin “Unudulmayanlar” layihəsinin dekabrın 14-də keçirilən növbəti tədbiri Xalq artisti, xanəndə Qədir Rüstəmovun xatirəsinə həsr olunmuşdu.
Gecə xanəndənin ifasında “Sona bülbüllər” mahnısının videoyazısı ilə başladı.
Tədbirin aparıcısı – tədqiqatçı-alim Gülhüseyn Kazımlı xanəndənin həyat və yaradıcılığından söz açdı. Diqqətə çatdırdı ki, xanəndəyə Azərbaycanın görkəmli şairləri şeirlər həsr ediblər. Xalq şairi Bəxtiyar Vahabzadənin yazdığı şeirdən nümunə söyləyən aparıcı vurğuladı ki, Qədir Rüstəmov təkcə adi vətəndaşların, muğam həvəskarlarının sevimli xanəndəsi deyildi, dövrün böyük sənət adamları onun haqqında çox dəyərli fikirlər söyləyiblər. Onun haqqında deyilən fikirlərdən biri də təqribən belədir: “Qədir oxuyanda nədənsə iplə göyün ənginliklərinə dırmaşan bir adam gəlir xəyalıma. Qələbəlikdən seçilən, çoxluqdan arınan, dünyadan qopan çəlimsiz bir adam. İndi yıxılar, bu saat yıxılar! Amma yıxılmır. Qalxdıqca qalxır, yüksəldikcə yüksəlir, qalxıb-yüksəldikcə daha uzaqlardan, daha ucalardan görünür”. Bəli, Qədir Rüstəmov səsi ilə ucaldı və bu gün o, muğam ifaçılığı sənətində dərin ehtiramla yad edilərək qəlblərdə yaşamaq ucalığına nail ola bildi.
Gecədə yazıçı-publisist Aqil Abbas, Xalq artisti, tarzən Ramiz Quliyev, şairlər Ramiz Məmmədzadə, Yusif Savalan Qədir Rüstəmovla bağlı xatirələrini bölüşdülər.
Ramiz Quliyev unudulmaz xanəndə ilə birgə Xalq yazıçısı Anarın ssenari müəllifi və rejissoru olduğu “Üzeyir ömrü” (“Uzun ömrün akkordları”) filminə çəkilişlərlə bağlı xatirələrini danışdı. Qeyd edək ki, bu filmdə Ramiz Quliyev muğam sənətimizdə öz dəst-xətti olan tarzən Qurban Pirimovu, Qədir Rüstəmov isə xanəndə Cabbar Qaryağdıoğlunun obrazını yaradıb. Filmdən kadrlar nümayiş olundu.
Gecədə əməkdar artistlər Sevinc Sarıyeva, İlkin Əhmədov, Cabir Abdullayev, Firuz Səxavət, xanəndələr Əlyar Məmmədov, Ağakərim Nafiz Qədir Rüstəmovun repertuarından muğam və xalq mahnıları ifa etdilər. İfaçıları Rövşən Qurbanovun rəhbərliyi ilə “Buta” instrumental ansamblı müşayiət edirdi.
Sonda ailə üzvləri adından Qədir Rüstəmovun oğlu Mehdi Rüstəmov çıxış edərək atasının sənətinə dövlət tərəfindən hər zaman diqqət göstərildiyini qeyd edərək tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi.
LALƏ
Mədəniyyət.- 2019.- 18
dekabr.- S.5.