Ədibin arzusu

 

Cəfər Cabbarlı-120

 

Görkəmli Azərbaycan dramaturquteatr xadimi  Cəfər Cabbarlı ömrünün qısa, lakin mənalı illərini, demək olar ki, əvvəldən axıra kimi Bakı şəhərində keçirib. Lakin buna baxmayaraq o, mütəmadi olaraq əyalət teatrlarının fəaliyyəti ilə də maraqlanıb, həmin sənət ocaqlarında çalışan aktyorrejissorlardan dəyərli məsləhətlərini əsirgəməyib. Lənkərana xüsusi məhəbbəti olan ədib bu əsrarəngiz cənub şəhərində də olmaq arzusunda idi...

Arxiv sənədlərində teatr rejissoru Əli Mənsur Quliyevin Cəfər Cabbarlı ilə görüşləri barədə xatirələri mühafizə olunmaqdadır. “1934-cü ildə Lənkəranda işçi-kolxozçu dövlət teatrı yaratmaq haqqında təşəbbüs irəli sürdüm, – deyə Ə.M.Quliyev yazır. – İlk tamaşanı həmin ilin dekabr ayında göstərməli idik. Mən Bakıya gəlib Cəfərlə (C.Cabbarlı ilə –  A.B.) görüşdüm. Onu Lənkərana dəvət etdimdedim ki, teatrın təntənəli açılışı olacaq. Opera teatrından, Dram teatrından, Xalq Maarif Komissarlığından da nümayəndələr çağırmışıq. Cəfər gülə-gülə: – Paraxod məni tutmaz? –  dedi. Mən isə: –  Yox, “Kalantayçox böyük paraxoddur, –  deyə cavab verdim.

C.Cabbarlı belə məsləhət gördü ki, açılışı yanvar ayında edək. Mən razılaşdım. Ancaq sənətkarın qəfil ölümü bu arzunu ürəyimdə qoydu. Dəfn mərasimindən bir neçə gün sonra Lənkərana qayıtdım”.

Bununla belə dramaturqun çox sevdiyi şəhərlə “görüşüonun əsərinin tamaşaya qoyulması ilə baş tutdu. 1935-ci il fevralın 14-də Lənkəran teatrı C.Cabbarlının “Almazpyesinin premyerası ilə öz pərdəsini qaldırdı. İlk tamaşanın quruluşunu teatrın direktorurejissoru Əli Mənsur Quliyev vermişdi. Tamaşada iştirak edən aktyor heyəti rayon xalq teatrının yetirmələrindən və Bakı teatrlarından dəvət olunmuş bir neçə artistdən ibarət idi. Ən təqdirəlayiq cəhət isə onda idi ki, Lənkəran teatrına həm də Cəfər Cabbarlının adı verilmişdi.

Lakin 1940-cı ildə məlum olmayan səbəblərdən C.Cabbarlının adı Lənkəran teatrından götürüldü. Fikrimizcə, Azərbaycanın ikinci böyük şəhəri Gəncədə fəaliyyət göstərən teatrın da Cəfər Cabbarlının adını daşıması belə bir qərarın qəbul edilməsinə rəvac vermişdi. Buna baxmayaraq, görkəmli dramaturqun əsərləri həmişə Lənkəran teatrının repertuarında yer alıb.

Müəyyən fasilədən sonra, 1973-cü ildən fəaliyyətini bərpa edən Lənkəran Dövlət Dram Teatrının kollektivi də ənənəyə sadiq qalaraq dəfələrlə Cəfər Cabbarlının yaradıcılığına müraciət edib. Ədibin  Oqtay Eloğlu”, “Aydın”, “Sevil”, “Solğun çiçəklər” kimi dram əsərləri müvəffəqiyyətlə tamaşaya qoyulub. Bu yaxınlarda isə teatrda dramaturqun 120 illik yubileyinə töhfə olaraq “Vəfalı Səriyyə, yaxud gözyaşı içində gülüş” dramının premyerası keçirilib. Tamaşa həmçinin qonşu Lerik rayonunda oynanılıb. Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Ramazan Ağayev, bəstəkarı Eldar Salayevdir.

Noyabrın 27-də isə Lənkəran Dövlət Dram Teatrının aktyorları Bakıda keçirilən “Cəfər Cabbarlı həftəsi” çərçivəsində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində “Vəfalı Səriyyə, yaxud gözyaşı içində gülüş” tamaşası ilə paytaxt sənətsevərləri qarşısında çıxış ediblər.

 

Ağaddin BABAYEV

 

Lənkəran Dövlət Dram Teatrının ədəbi-dram hissə rəhbəri

 

Mədəniyyət.- 2019.- 18 dekabr.- S.6.