İki mükafat Gəncəyə getdi

 

Nəsiminin 650 illiyinə həsr edilmiş intellektual turnir başa çatdı

 

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən İmadəddin Nəsiminin 650 illiyi münasibətilə gənc mədəniyyət işçiləri arasında keçirilən intellektual turnirə yekun vuruldu. Turnirin final mərhələsi dekabrın 13-də YARAT Müasir İncəsənət Məkanında təşkil edildi.

Oktyabr-noyabr aylarında Şamaxı, Lənkəran və Gəncə şəhərlərində keçirilmiş bölgə mərhələlərində ən çox xal toplamış yeddi komanda öz biliklərini, analitikiti düşünmə qabiliyyətlərini nümayiş etdirdilər. “Nə, harada, nə vaxt” və “Breyn rinqintellektual yarışları tipli turnirdə Sumqayıt, Ağcabədi, Masallı, Lənkəran, Gəncə (iki komanda – Gəncə Dövlət Universitetinin mədəniyyət könüllüləri və regional idarə) və Şamaxı komandaları finala çıxmışdılar.

Final mərhələsi başlamazdan öncə YARAT-ın təhsil proqramları meneceri Ruqiyyə Salmanova, MEMİM-in layihə rəhbəri Ceyhun Əhmədov çıxış edərək yarış iştirakçılarına uğurlar arzuladılar. Tədbirdə Ceyhun Əhmədovun tərtib etdiyiİntellektual oyunların keçirilmə qaydaları” metodiki vəsaitinin təqdimatı da oldu.

Mərkəzin direktoru Asif Usubəliyev bildirdi ki, belə turnirlər gənc mədəniyyət işçilərinin hazırlıq və intellektual səviyyəsini artırmaq, onların arasında koordinasiyanı gücləndirmək, intellektual turnir təcrübəsi qazandırmaq məqsədi daşıyır.

Final mərhələsi üç taymdan ibarət idi. Hər taymda iştirakçılara 12 sual və hər sualı cavablandırmaq üçün 1 dəqiqə vaxt verildi. Komandalar cavabları yazılı şəkildə təqdim etdikdən sonra aparıcı düzgün cavab variantını səsləndirirdi. Bununla da hansı komandanın neçə suala düzgün cavab verdiyi bilinmədiyi üçün əsl yarış ruhu sonadək davam etdi. Yeri gəlmişkən, intellektual turnir Nəsiminin 650 illik yubileyinə həsr olunsa da, suallar heç də yalnız Nəsimi yaradıcılığına aid deyildi. İştirakçılar daha çox Azərbaycan, qismən də dünya mədəniyyətinin, demək olar ki, bütün sahələrinə dair biliklərini ortaya qoymalı oldular.

Sonda məlum oldu ki, 16 suala düzgün cavab verən Gəncə Regional Mədəniyyət İdarəsinin komandası turnirin qalibidir. İkinci yerə 15 düzgün cavabla Gəncə Dövlət Universitetinin könüllüləri, 13 sualın cavabını tapan Sumqayıt Regional Mədəniyyət İdarəsinin komandası üçüncü yerə çıxdı. Qalib komandalara diplom və hədiyyələr təqdim edildi.

Tədbir çərçivəsində 2019-cu ildə öz işində fərqlənmiş 5 gənc mədəniyyət işçisinə MEMİM-in mükafatları təqdim olundu.

 

G.MİRMƏMMƏD

 

Mədəniyyət.- 2019.- 18 dekabr.- S.5.