“Bizim
Albert” rəqs festivalına
yekun vuruldu
Dekabrın 14-də Qara Qarayev
adına Mərkəzi İncəsənət
Məktəbində Azərbaycanın
Milli Qəhrəmanı
Albert Aqarunovun 50 illiyinə
həsr edilmiş “Bizim Albert” rəqs festivalının yekun konserti keçirildi.
Festival Bakı Şəhər
Mədəniyyət Baş
İdarəsi və Mərkəzi İncəsənət
Məktəbinin birgə
təşkilatçılığı ilə gerçəkləşib.
Tədbirdən öncə iştirakçılar
Milli Qəhrəmanın
paytaxtın Nərimanov
rayonunda yerləşən
abidəsini ziyarət
etdilər.
Tədbiri musiqişünas Leyla
Həsənova açaraq
şəhidin həyat
yolu haqqında məlumat verdi.
Qeyd edildi ki, Albert Aqarunov 1969-cu il aprelin
25-də Bakı şəhərində
anadan olub. Suraxanı rayonundakı 154 nömrəli
məktəbin 8-ci sinfini
bitirərək peşə
məktəbində sürücü-mexanik
vəzifəsinə yiyələnib.
1987-ci ildə hərbi xidmətə çağırılan Albert orduda
tank komandiri olub.
Ermənistanın Dağlıq Qarabağa
hərbi müdaxiləsi
başlayanda A.Aqarunov könüllü olaraq cəbhəyə yollanıb.
O, Xankəndi, Daşaltı,
Cəmilli istiqamətində
gedən döyüşlərdə
erməni işğalçılarının
xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv edib. 1992-ci il mayın
8-də Şuşa uğrunda
gedən döyüşlərdə
snayper gülləsinə
tuş gələn
Albert döyüş meydanında
şəhid olub. Azərbaycan Prezidentinin
1992-ci il 7 iyun tarixli fərmanı
ilə Albert Aqarunoviç
Aqarunov ölümündən
sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına
layiq görülüb.
Tədbirdə Milli Qəhrəmanın döyüş yoldaşları
da iştirak edirdilər. Onlardan tank batalyonunun sabiq komandiri Hacı Əzimov qeyd etdi ki, yəhudi
əsilli Albert doğulub-böyüdüyü
Azərbaycan torpağını
çox sevirdi: “Ailəsinin və onun İsrailə köçmək üçün
vizaları var idi. Amma deyirdi ki, müharibə bitəndən
sonra gedəcək.
Dostlarını, yaxınlarını döyüş meydanında
tək qoya bilməz. Bütün heyət onu
çox istəyirdi.
O, hər zaman bildirirdi ki, bu torpaqda doğulub,
bura onun vətənidir”.
Hacı
Əzimovun sözlərinə
görə, Albert Şuşa şəhərinə
çıxanda hamı
sanki tamaşa seyr edirmiş kimi onu izləyirdi:
“Albertin çox arzusu var idi.
Söyləyirdi ki, müharibə
qurtarandan sonra zabit olacaq. Ancaq vaxtsız ölüm onun bu arzusunun
həyata keçməsinə
imkan vermədi”.
Mərkəzi İncəsənət Məktəbinin
direktoru, Albert Aqarunovun
sinif yoldaşı, Əməkdar artist Əziz
Qarayusifli onunla bağlı xatirələrindən
danışdı.
Mədəniyyət Nazirliyi Elm və tədqiqatlar sektorunun müdiri Vüqar Baxışov bildirdi ki, Albert Aqarunovun həyat yolu hər bir gənc
üçün örnəkdir
və Azərbaycan xalqı onun qəhrəmanlığını heç vaxt unutmayacaq.
Daha sonra məktəbin səhnəsi
rəqs kollektivlərinin
ixtiyarına verildi. Təhsil
Nazirliyi 3 nömrəli
Uşaq-gənclər inkişaf
mərkəzi, Xəzər
Universiteti, Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbi,
S.Ələsgərov adına
1 nömrəli İncəsənət
məktəbi və F.Əmirov adına 6 nömrəli İncəsənət
məktəbinin rəqs
qrupları “Azərbaycanım”,
“Sarı gəlin”, “Gözəlim sənsən”,
“Odlar yurdu” və s. mahnıların sədaları altında çıxış etdilər.
Sonda festivalda
iştirak etmiş kollektivlərə diplomlar
təqdim edildi.
Nurəddin MƏMMƏDLİ
Mədəniyyət.- 2019.- 18
dekabr.- S.6.