“Tar alətinin
tədrisi və problemləri” mövzusunda
seminar
Ramiz Quliyev: “Tarda olan yüksək
səs, intonasiya heç bir alətdə yoxdur və buna xələl
gətirməməliyik”
Dekabrın 19-da Rəşid Behbudov
adına 2 saylı Musiqi məktəbində Mədəniyyət Nazirliyi
Regional siyasət şöbəsinin
təşkilatçılığı ilə “Tar alətinin tədrisi və problemləri” mövzusunda
seminar keçirildi.
Tədbirdə şöbənin müdiri
Pərviz İsgəndərli,
Bakı şəhəri
və regionlarda fəaliyyət göstərən
musiqi məktəblərinin
rəhbər və müəllimləri, ali və orta ixtisas musiqi
məktəblərinin müəllim
heyəti, eləcə
də respublikamızda
tar aləti ifaçılığının
görkəmli nümayəndələri
iştirak edirdilər.
Əvvəlcə Regional siyasət şöbəsinin
Təhsil müəssisələri
ilə iş sektorunun müdiri Lalə Kərimova çıxış edərək
seminarın məqsədi
və nazirliyin musiqi təhsili sahəsində həyata keçirdiyi işlər haqqında məlumatı diqqətə çatdırdı.
Bildirdi ki, Azərbaycan simli musiqi alətləri arasında texniki və dinamik imkanlarına görə ən mükəmməl və təkmil çalğı aləti
olan tar 2012-ci ildə
“Simli musiqi aləti tarın hazırlanma və ifaçılıq sənəti”
nominasiyası kimi
UNESCO-nun Qeyri-maddi mədəni
irs siyahısına
daxil edilib. Bu işdə Birinci
vitse-prezident, Heydər
Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın böyük rolu olub.
Vurğulandı ki, nazirlik tərəfindən
milli musiqi alətlərinin tədrisi,
bu alətlərdə
ifaçılıq sənətinin
inkişafı sahəsində
ardıcıl tədbirlər
həyata keçirilir. Bu gün respublikamızda musiqi təhsili üçpilləli sistem
üzrə aparılır.
Son illər ikipilləli
sistem də tətbiq edilməyə başlanıb. Hazırda nazirliyin
sistemində 210 uşaq
musiqi və incəsənət məktəbi
fəaliyyət göstərir.
18 məktəb 11 illik təhsil sistemi üzrə çalışır. Bunlardan 15-i paytaxtda,
3 məktəb isə
regionlardadır.
Qeyd olundu ki, musiqi
məktəblərində fortepiano ixtisasından sonra ən çox şagird axını olan ixtisas tar ifaçılığıdır. Musiqi məktəblərinin ümumilikdə
58 mindən çox şagirdi var ki, onların 20 mindən çoxu xalq çalğı alətləri üzrə
təhsil alır.
“Bu rəqəmin də əsas hissəsini tar aləti təşkil etdiyi üçün bugünkü
seminarın mövzusu
mühüm əhəmiyyətə
malikdir”, – deyə Lalə Kərimova əlavə etdi.
Bildirildi ki, nazirlik tərəfindən
xalq çalğı
alətləri üzrə
təşkil edilən
respublika müsabiqələrində
yeni istedadlar aşkar edilir. Eyni zamanda
məktəblərdə ustad
dərsləri, təcrübə
mübadilələri bu
sahənin inkişafına
öz töhfəsini
verir.
Sektor müdiri
diqqətə çatdırdı
ki, dövlətimizin siyasətinə uyğun olaraq gənc istedadların mükafatlandırılması,
təqaüd və müxtəlif mükafatlara
təqdim edilməsi onların yaradıcı inkişafını təşviq
edir. Ulu öndər Heydər
Əliyev tərəfindən
qoyulan bu ənənə davam etdirilir. Hər il musiqi
sahəsində fərqlənən
şagirdlər Prezident
təqaüdünə layiq
görülür.
Seminarda ilk olaraq Xalq artisti,
tarzən Ramiz Quliyev məruzə ilə çıxış
etdi. Tar alətinin dünyada
təbliği, dövlətimizin
mədəniyyətə, musiqi
ifaçılığımıza diqqətindən danışan
tarzən bu sahədə inkişafın
ürəkaçan olduğunu,
eyni zamanda müəllimlərin milli
alətlərimizin tədrisində
peşəkarlıqlarının artırılmasına, tədris
metodlarından səmərəli
istifadənin vacibliyinə
diqqət çəkdi.
Xalq artisti tara
müasir texnikanın
tətbiqinin alətə
xələl gətirən
səs tembri yaratmasından narahatlığını
da ifadə etdi, bu sahədə
mühafizəkarlığın tərəfdarı olduğunu
dedi. Vurğuladı ki, tarın
ifa tərzində olan yüksək texniki səs və intonasiya heç bir alətdə yoxdur və çalışmalıyıq
ki, tədrisdə buna xələl gətirməyək. Həmçinin məruzədə müəllimlərin
peşəkarlığının artırılması, repertuar
yeniliyinin vacibliyi, musiqi məktəbləri arasında təcrübə
mübadiləsinin zəruriliyi
qeyd olundu.
Əməkdar incəsənət xadimi, Azərbaycan Milli Konservatoriyası nəzdində
Musiqi Kollecinin direktoru Nazim Kazımov bu sahədə olan problemlərdən söz açdı.
Diqqətə çatdırıldı ki,
müasir dövrdə
tar alətinə artırılan
əlavə pərdələr,
düzgün quruluş
verilməməsi ifaçılıq
sənətimizə ziddir.
Üzeyir
Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının elmi laboratoriyasının aparıcı
elmi işçisi, dosent Ariz Abduləliyev
də tarın tədrisindəki problemlərdən
danışdı. O, Mədəniyyət
Nazirliyi tərəfindən
yaradılan http://music.mctgov.az/ portalının əhəmiyyətini
vurğuladı, regionlardakı
musiqi məktəblərinin
bu portaldan istifadəsi üçün
müvafiq şərait
yaradılmasının zəruriliyini
qeyd etdi. A.Abduləliyevin sözlərinə
görə, tara
əlavə pərdələrin
vurulması, yad xalların ifası yolverilməzdir və buna qarşı bütün görkəmli
sənət adamları
birlikdə mübarizə
aparmalıdırlar.
Seminarda həmçinin standart və gücləndirilmiş
proqram, eləcə də repertuarın zənginləşdirilməsi baxımından
tanınmış bəstəkarların
tar konsertlərinin tədrisə
daxil edilməsi fikirləri səsləndirildi,
müzakirələr aparıldı.
Tədbirin sonunda Xalq artisti Ramiz Quliyevin
müəllifi olduğu
tar ifaçılığı ilə bağlı kitabdan min nüsxə musiqi məktəblərinə
hədiyyə edildi.
L.AZƏRİ
Mədəniyyət.- 2019.- 20
dekabr.- S.1;2.