“Məhəbbət əfsanəsi” doğma səhnəyə qayıdır
Arif Məlikovun dünyaca
məşhur baleti Bakıda nümayiş olunacaq
Dünya
klassik musiqisinin şah əsərlərindən biri – görkəmli
bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti
Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti Heydər
Əliyev Fondunun təşkilatçılığı ilə
yarım əsrdən çox müddətdən sonra təntənəli
şəkildə müəllifin vətəninə
qayıdır.
Balet 2020-ci il martın 13, 15 və 16-da Heydər Əliyev Sarayında nümayiş olunacaq.
Tamaşa məşhur baletmeyster Yuri Qriqoroviçin quruluşunda, tanınmış rəssam Simon Virsaladzenin səhnə tərtibatında təqdim olunacaq. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinə Xalq artisti Yalçın Adıgözəlov dirijorluq edəcək.
Tamaşada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası, Azərbaycan Dövlət Rəqs Ansamblının solistləri və Bakı Xoreoqrafiya Akademiyasının tələbələri çıxış edəcəklər. Təqdimat üçün Simon Virsaladzenin orijinal eskizləri əsasında 250 kostyum, həmçinin dekorasiya və rekvizitlər hazırlanır.
Arif Məlikov “Məhəbbət əfsanəsi” baletini tanınmış türk şairi Nazim Hikmətin “Fərhad və Şirin” pyesi üzrə libretto əsasında yazıb. Nazim Hikmət həmin əsəri dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasından ilhamlanaraq qələmə alıb. Arif Məlikov isə faciəli sevgi və fədakarlıqdan bəhs edən qədim Şərq əfsanəsinə musiqi şəklində yeni həyat qazandırıb. Bəstəkar 3 pərdə, 7 şəkildən ibarət balet üzərində 1958-ci ildə işləməyə başlayıb və onu iki ilə bitirib.
“Məhəbbət əfsanəsi” baletinin dünya premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariinsk Teatrı) keçirilib. Tamaşanın quruluşçu baletmeysteri Yuri Qriqoroviç, rəssamı Simon Virsaladze, dirijoru Niyazi olub.
Daha sonra tamaşanın Novosibirskdə təqdimatı keçirilib. 1962-ci ilin iyulunda isə baletin Bakıda – Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində premyerası olub.
“Məhəbbət əfsanəsi” 60 ilə
yaxındır ki, dünya
səhnələrini fəth edir. Əsər
müxtəlif ölkələrin 60-dan çox
teatrında dəfələrlə görkəmli baletmeysterlərin
quruluşunda təqdim olunub.
Səhnə əsəri ABŞ, Almaniya, Avstriya, Bolqarıstan, Böyük
Britaniya, Braziliya, Çexiya, Estoniya, Finlandiya, Fransa, İtaliya, Qazaxıstan, Misir,
Özbəkistan, Polşa, Rumıniya, Slovakiya, Türkiyə, Ukrayna,
Yaponiya və digər ölkələrdə
rəğbətlə qarşılanıb.
Mədəniyyət.- 2019.- 20
dekabr.- S.2.